AZ

Penaltilər turu və futbolu həndbolla səhv salanlar

Misli Premyer Liqasının XI turunda məhsuldarlıq aşağı oldu. 5 görüşdə qapılara ümumilikdə 9 qol vuruldu. Əvəzində tur penaltilərin çoxluğu ilə yadda qaldı. Referilər ümumilikdə 6 penalti təyin etdilər ki, onlardan yarısı qolla nəticələndi.

Qərb derbisində yenə “Turan Tovuz” sevindi

Tur Qərb derbisi ilə başladı. Çempionata iddialı start verən “Turan Tovuz” doğma meydanda Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz”i qəbul etdi.

Artıq 3-cü dəqiqədə referi “Kəpəz”in futbolçusu Ehtiram Şahverdiyin “Turan Tovuz”lu Denis Marandiçiyə qarşı kobud oynadığını əsas gətirərək, penalti təyin etdi. Ancaq ağ nöqtəyə yaxınlaşan Kristian da Silvanın zərbəsindən sonra top qapının üstündən keçdi.

Bununla belə, hesabın açılması özünü çox gözlətmədi. Marandiçinin əla ötürməsindən sonra son vaxtlar yaxşı formada olan Veysəl Rzayev topu qəbul etdi və əla zərbə ilə uzaq küncü dəqiq nişan aldı. “Kəpəz”in oyunçuları bu epizodda Veysəlin topa əllə toxunduğunu əsas gətirərək etiraz etsələr də, onların şikayəti qəbul olunmadı.

Fasilədə gəncəlilərin baş məşqçisi Azər Bağırov ilk dəyişikliyə əl atdı. O, Nicat Süleymanovun əvəzinə Camal Cəfərovu meydana buraxdı. “Turan Tovuz”un təcrübəli çalışdırıcısı Kurban Berdıyev isə ikinci hisəyə birdən-birə 2 dəyişikliklə başladı. Qolun müəllifi Veysəl Rzayevi Xəyal Nəcəfovla əvəzləyən türkmənistanlı mütəxəssis Sadiq Şəfiyevin yerinə Ayxan Hüseynovu meydana buraxdı.

İkinci hissəyə “Turan Tovuz” daha fəal başladı. Tovuzluların heyətində xüsusən Ayxan fəal idi. “Kəpəz”də isə sabiq “Turan Tovuz”lu Luis Paçu seçilirdi. Epizodların birində onun cərimə zərbəsindən göndərdiyi topa meydan sahiblərinin qapıçısı əla reaksiya göstərdi. Bununla belə, Paçu istəyinə çata bildi. “Turan Tovuz”un kapitanı Şəhriyar Əiyevin cərimə meydançası daxilində topa əllə toxunması “Kəpəz”ə penalti vurmaq hüququ qazandırdı. Zərbəni səhvsiz yerinə yetirən Paçu sabiq komandasını cəzalandırdı.

Əksəriyyət görüşün bu hesabla nəticələnəcəyini gözlədiyi vaxtda meydan sahibləri qələbə qolunu vurdular. 90+3-cü dəqiqədə Ayxan Hüseynovun cərimə zərbəsindən ötürməsini Emmanuel Hakman dəqiq zərbə ilə qola çevirdi. Nəticədə ilk dövrədə olduğu kimi, yenə Qərb derbisindən “Turan Tovuz” qalib ayrıldı.

“Zirə”ni 2 xaldan edən Mutsinzi

“Zirə”ni qəbul edən “Araz-Naxçıvan” matça fəal başlayan və ilk dəqiqələrdən hücuma atılan tərəf olsa da, oyunda hesabı qonaqlar açdılar. Əsl formasını bərpa etmək üzrə olan və bu görüşə start heyətdə çıxan Giorgi Papunaşvili yarım saatın tamamında fərqləndi. “Zirə”nin qapıya zərbə ilə nəticələnən ilk hücumunda məhz gürcüstanlı forvard çərçivəni dəqiq nişan aldı. Birinci hissə “qartallar”ın minimalhesablı üstünlüyü ilə nəticələndi.

Fasilədən sonra oyunun tempi bir qədər də artdı. Hesabda geridə olan “Araz-Naxçıvan” status-kvonu bərpa etmək üçün irəli atıldı. Öz növbəsində “Zirə” də imkan düşdükcə kəsərli hücumlar qururdu. Oyunun taleyini müəyyənləşdirən qol son dəqiqələrə təsadüf etdi. “Zirə”nin mərkəz müdafiəçisi Ange Mutsinzi adi epizodda uşaq səhvi edərək topa əllə toxundu. Onun kobud səhvi qonaqların qapısına penaltinin təyin edilməsi ilə nəticələndi və topa yaxınlaşan Felipe Santos rəqib qapıçı ilə dueldən qalib ayrıldı. Bu, braziliyalı futbolçunun Misli Premyer Liqasının cari mövsümündə 5-ci qolu oldu. Beləliklə, “Zirə” səfər qələbəsindən son anda məhrum oldu.

Cavadovun ilk qələbəsi

“Sumqayıt” yeni baş məşqçisi Vaqif Cavadovun rəhbərliyi altında ikinci oyununda “Səbail”in qonağı oldu. İlk hissə meydan sahiblərinin aşkar üstünlüyü şəraitində keçdi. Təsadüfi deyil ki, qonaqların fasiləyədək bir real qol vəziyyəti də olmadı. Əvəzində “Səbail”in ilk hissədə bir neçə təhlükəli hücumu oldu ki, onlardan ikisində rəqib qapıçı Mehdi Cənnətovun inamlı oyunu hesabın açılmasına imkan vermədi.

Cavadov fasilədə Tresor Mossinin əvəzinə Vüqar Mustafayevi meydana buraxdı. İkinci hissənin əvvəlindəcə “Sumqayıt” qol vurdu. Cordan Rezabala uzun reyd etdikdən sonra topu Silvanus Nimeliyə ötürdü. Liberiyalı futbolçu isə cərimə meydançası həndəvərindən əla zərbə ilə uzaq küncü dəqiq nişan aldı. Bu, “Sumqayıt”da 7-ci oyununu keçirən Nimelinin ilk qoludur.

Hesabda önə keçdikdən sonra üstünlük bir müddət qonaqlarda oldu. Ancaq hesab arasındakı fərqi artırmaq mümkün olmadı. Əvəzində “Səbail” penalti vurmaq hüququ qazandı. “Sumqayıt”ın futbolçusu Rəhim Sadıxovun “Səbail”in kapitanı Yusif Nəbiyevə qarşı kobud oynadığını əsas gətirən referi 11 metrlik nöqtəni göstərdi. Topa zərərçəkən futbolçunun qardaşı Fərid Nəbiyev yaxınlaşsa da, onun zərbəsinin qarşısını qapı dirəyi kəsdi.

“Səbail” son dəqiqələrdə hücumlarının kəsərini artırsa da, bu, “dənizçilər”in məğlubiyyətdən xilas olması üçün yetərli olmadı. Beləliklə, “Sumqayıt” Vaqif Cavadovun rəhbərliyi altında ilk qələbəsini qazandı.

Da Silva və Nəbiyevdən sonra Sekidika

Samir Abasovun rəhbərliyi altında və ümumiyyətlə, cari mövsümdə ilk qələbəsini ötən tur “Səbail”lə matçda qazanmış “Neftçi” bunun ardını “Sabah” önündə də davam etdirmək istəyirdi. Yenə kapitanlıq sarğısını gənc Rza Cəfərova həvalə edən Abasov bu dəfə Emin Mahmudovla yanaşı, Ramil Şeydayevi də ilk “11-lik”də meydana buraxmışdı.

İlk hissədə hər iki tərəf hücumlar qursa da, nə “Sabah” istəyinə çata bilirdi, nə də “Neftçi”. Fasilədək ən real qol epizodunu meydan sahibləri yaratdılar. Coy-Lens Mikels rəqib qapıçıdan sıyrıldıqdan sonra topu qapıya vursa da, zərbəsinin qarşısını son anda müdafiəçi Ervin Koffi kəsdi.

“Sabah” ikinci hissənin əvvəlində hesabı açmaq üçün əla imkan əldə etdi. “Ağ-qaralar”a bəh-bəhlə gətirilən Robert Bauer topu qəbul edərkən 51-ci dəqiqədə uşaq səhvi ilə yadda qaldı. Adi epizodda topa əllə toxunması “Neftçi”nin qapısına təyin edilən penati ilə nəticələndi. Ancaq ağ nöqtəyə yaxınlaşan Cesse Sekidika hesabat turunda penalti qaçıran futbolçulardan biri oldu. O, “Turan Tovuz”dan Kristian da Silva və “Səbail”dən Fərid Nəbiyev kimi, əlverişli imkanı qola çevirə bilmədi. Sekidikanın zərbəsindən sonra top dirəyə tuş gəldi. Qalan dəqiqələrdə hər iki komandanın, xüsusən, “Sabah”ın təhlükəli hücumları olsa da, oyunda hesab açılmadı.

“Qarabağ”a 1 hissə bəs etdi

Turun son matçında “Qarabağ” “Şamaxı”nı qəbul etdi. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov həftəiçi “Ayaks”la avrokubok matçındakı yorğunluqla əlaqədar, əsas heyətin bir neçə üzvünü ehtiyatda saxlamışdı. İlk dövrədəki oyunları təxirə salındığından, bu komandalar cari mövsümdə birinci dəfə idi ki, üz-üzə gəlirdilər.

Gözlənildiyi kimi, “Qarabağ” dəqiqələr keçdikcə ərazi üstünlüyünü ələ keçirdi. Lakin fasiləyədək meydan sahiblərinin hücumları səmərəsiz qaldı. Öz növbəsində “Şamaxı” da ilk hissədə imkan tapan kimi təhlükəli hücum qururdu. Belə epizodların birində Giorgi Kantariyanın zərbəsi qapının azacıq yanından keçdi.

İkinci yarıya “Qarabağ” daha fəal və sürətli başladı. Çox keçmədi ki, Qurban Qurbanovun komandası penalti vurmaq hüququ qazandı. Referi “Şamaxı”nın kapitanı Adil Nağıyevin rəqib futbolçu Aleksey Kaşuka qarşı kobud oynadığını əsas gətirərək ağ nöqtəni göstərdi. Topa yaxınlaşan Toral Bayramov isə şansı qaçırmadı.

Təxminən 15 dəqiqə sonra fərq 2 topa çatdı. Leandro Andrade və Aleksey Kaşukun iştirakı ilə qurulan hücumun yekununda Redon Cica qapını dəqiq nişan aldı. Görüşdə son nöqtəni isə Yassin Benzia qoydu. O, cərimə meydançası daxilindən uzaq küncü dəqiq nişan aldı – 3:0.

ABBAS

Seçilən
14
futbolinfo.az

1Mənbələr