AZ

Jalə Əliyeva: “Daha böyük uğurlara imza atmağa çalışacağam”

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatında qızıl medal qazanan Jalə Əliyeva (57 kq) vətənə qayıdıb.

Arena.az xəbər verir ki, Azərbaycan qadın güləşi tarixində bu yaş qrupunda dünya çempionu olan ilk qadın güləşçimiz ünvanına sahib çıxan Əliyeva üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda brifinq keçirilib.

Jurnalistlərin suallarını cavablandıran Jalə bunları deyib:

“Dünya çempionu olduğum üçün çox sevinirəm. Düzdür, bu, mənim ilk uğurum deyil. Ancaq ilk dəfədir dünya çempionu oluram. Çalışacağam ki, bundan sonra daha böyük uğurlara imza atım.

Ən çətin görüşüm yaponiyalı güləşçi ilə oldu. Qarşılaşmaya çox yaxşı başlamışdım. Sonra o cəld olduğu üçün çox yoruldum. Amma yekunda qələbə qazana bildim.

Bundan sonrakı planlarım qarşıdan gələn yarışlara daha da yaxşı hazırlaşmaqdır. Avropa və dünya çempionatlarına, Olimpiya Oyunlarına hazırlaşmalıyam”.

Qeyd edək ki, Jalə Əliyeva DÇ-də ukraynalı Alina Filipoviç (7:4), türkiyəli Sevim Akbaş (10:0), amerikalı Sofiya Makaluso (10:0) və yaponiyalı Ruka Natami (10:8) üzərində qələbə qazanıb.

Seçilən
4
11
arena.az

10Mənbələr