AZ

80 qəpiklik qatığa görə 4 min manat cərimələnən "Bravo"ya növbəti protokol yazıldı - Alıcı yenə aldadılıb

“Azərbaycan supermarket” MMC-yə daha bir inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokolu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın sədrliyi ilə araşdırılacaq. 

 

Xatırlatma: "Bravo" bundan əvvəl də eyni maddə ilə cərimələnib. Belə ki, market 80 qəpiklik qatığa görə 4 min manat cərinmələnib. Müştəri M.N. Səbail rayonu, "Dəniz Mall" ticarət mərkəzində yerləşən "Bravo" marketdən 1.5%-lik 450 qramlıq qablaşdırmada "Sizlik" adlı qatığını alıb. Lakin endirimli qiymət kağızında məhsulun qiyməti 80 qəpik göstərilsə də, kassada ondan 1,15 manat alınıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, "Sizlik" markasına məxsus qatığın qiymətinin 1,59 manatdan 80 qəpiyə edindirildiyi qeyd edilsə də, kassada 1,15 manat hesablanıb. Məhkəmənin qərarı ilə "Bravo" market rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı tərətməkdə təqsirli bilinib və 4000 manat məbləğində inzibati cərimə edilib. 

 

Qeyd: MMC "Bravo" mağazalar şəbəkəsinin sahibidir. Şəbəkənin İdarə Heyətinin sədri Jaime Teixeiradır.

 

Xəyal Quliyev

Tarix: 27 Oktyabr 2024, 14:16   
Seçilən
3
8
pravda.az

10Mənbələr