AZ

İqlim dəyişikliyi və kənd təsərrüfatında qadınlar - KONFRANS

Beynəlxalq Bioşoran Kənd Təsərrüfatı Mərkəzi (ICBA) tərəfindən Bakıda “Regional strateji dialoq. İqlim dəyişikliyi və kənd təsərrüfatında qadınlar: Orta Asiya və Qafqaz regionunda çağırışlar və imkanlar” mövzusunda regional konfrans təşkil edilib. Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu və İslam İnkişaf Bankı tərəfindən maliyyələşdirilən tədbir kritik gender problemlərini həll etmək, eləcə də kənd təsərrüfatında iqlim dəyişikliyinə qarşı qadın alyansının (WACAA) fəaliyyətini gücləndirmək məqsədilə təşkil olunub. Genetik Ehtiyatlar İnstitutundan SİA-ya verilən məlumata görə, ICBA-nın baş direktoru Tarifa Alzaabi bildirib ki, Bakıda keçiriləcək COP29 ərəfəsində ICBA tərəfindən WACAA-nın işinə dəstək verilməsi ICBA-nın qadınları dayanıqlı kənd təsərrüfatının inkişafı və iqlim fəaliyyətinin mərkəzinə çevirmək baxımından önəmlidir.

Onun sözlərinə görə, dörd əsas mərhələ - kadr potensialının inkişafı və biliklərin ötürülməsi, maliyyə səfərbərliyi, siyasət və təbliğat, şəbəkələşmə və əməkdaşlıq üzərində qurulmuş WACAA 2050-ci ilə qədər qlobal miqyasda 1 milyon qadın üçün əlçatan olacaq. Bu mərhələlər vasitəsilə qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqini gücləndirmək, iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirləri ilə mübarizədə qadınların liderliklərini təşviq etmək hədəflənir. Bu təşkilat ərzaq təhlükəsizliyi, dayanıqlılıq və ətraf mühitin davamlılığına təsir göstərmək kimi imkanlara malikdir.

Tədbir çərçivəsində Orta Asiya və Qafqaz regionu üzrə müxtəlif qurumlardan 30 qadın ekspert bir araya gəlib. İştirakçılar kənd təsərrüfatı, ətraf mühit və genderlə əlaqəli əsas konsepsiyalar üzrə qlobal məsələləri araşdırıblar.

Müzakirələr zamanı ərzaq təhlükəsizliyinin təmini, qlobal iqlim dəyişikliyi və biomüxtəliflik, iqlimə davamlılığın gücləndirilməsi, rəqəmsal texnologiyaların kənd təsərrüfatında tətbiqi, kənd təsərrüfatı sektorunda innovativ proseslərin inkişafı, eləcə də sözügedən sahələrdə qadınların rolunun artırılması kimi məsələlər nəzərdən keçirilib.

Tədbirdə, həmçinin Orta Asiya və Qafqaz regionunda əməkdaşlığı və qabaqcıl təcrübə mübadiləsini təşviq etmək üçün qadınların rəhbərlik edəcəyi şəbəkənin yaradılması müzakirə olunub, eləcə də onların rəhbərlik etdiyi təşəbbüslərdən əldə olunmuş nəticələrə dair xüsusi sessiya keçirilib.

Qırğızıstanın Aqrolid Şirkətlər Qrupunun rəhbəri Gülnaz Kaseyeva, Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) layihə meneceri Makpal Bulatova tədbirlə bağlı fikirlərini bölüşüblər. Regional tədbirdə kənd təsərrüfatı və gender aspektləri üzrə ümumi problemlər qaldırılıb.

Seçilən
11
2
sia.az

3Mənbələr