ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının 5 noyabr seçkilərində prezidentliyə namizədi Donald Tramp radio proqramında maraqlı açıqlamalar verib.

İndex.az xəbər verir ki, Tramp seçiləcəyi təqdirdə ona qarşı istintaq aparan xüsusi prokuror Cek Smiti “2 saniyəyə” işdən çıxaracağını bildirib.

Smitin “fırıldaqçı” olduğunu iddia edən Tramp, Smiti 2 saniyəyə işdən çıxaracağını və prezident olanda bu məsələnin ilk həll olunacaq məsələlərdən biri olacağını bildirib.

Qeyd edək ki, keçmiş prezident Donald Tramp Konqresdə 6 yanvar reyd hadisələri və 2020-ci il prezident seçkilərinin nəticələrinə müdaxilə cəhdi ilə əlaqədar prokuror Smitin 2023-cü ilin avqustunda qaldırdığı cinayət işində ona qarşı irəli sürülən ittihamları rədd edib.

Tramp 6 Yanvar hadisələri zamanı Ağ Evdə vəzifədə olduğunu və prezident kimi “toxunulmazlığa” malik olduğunu əsas gətirərək, işin rədd edilməsi üçün Apellyasiya Məhkəməsinə müraciət edib. ABŞ Ali Məhkəməsi iyulun 1-də Trampın Konqresdə 6 yanvar reydisindəki roluna və 2020-ci il seçkilərinə müdaxilə iddialarına görə bəzi məsələlərdə toxunulmazlığa malik olduğuna dair qərar verib.