AZ

Dövlət xəstəxanalarında BİABIRÇILIQ – Ağır xəstə reanimasiyada yer olmadığı üçün evə qaytarıldı

Bakıda fəaliyyət göstərən dövlət xəstəxanalarında ağır xəstələrin yerləşdirilməsi müşkülə çevrilib. Belə ki, oktyabrın 22-də ağır vəziyyətdə əvvəl 1 Saylı Klinik Tibbi Mərkəzə, daha sonra bir neçə dövlət xəstəxanasına müraciət edən vətəndaşa reanimasiyada yer olmadığı bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Doğuş və qeysəriyyə əməliyyatı hansı özəl xəstəxanalarda PULSUZDUR? – Rəsmi AÇIQLAMA


Ağır vəziyyətdə olan xəstə ortalıqda qalıb və evə qaytarılıb.

Bu barədə redaksiyamıza xəstə yaxınları məlumat veriblər.

Bənzər şikayət dəfələrlə sosial şəbəkələrdə də yer alıb.

Bəs dövlət xəstəxanalarında ağır vəziyyətdəki xəstələrin yerləşdirilməsi üçün reanimasiya otaqları niyə azdır? Ümumiyyətlə, reanimasiyada çarpayı sayı nəyə əsasən hesablanır?

Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, yer çatışmazlığı müraciətlərin çox olması ilə əlaqədardır:

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində səhiyyə strukturunun təkmilləşdirilməsi, həmçinin tibb kadrlarından daha səmərəli istifadə edilməsi, tibb müəssisələrinin infrastrukturundan səmərəli istifadə edilməsi məqsədilə bir sıra tibb müəssisələrində çarpayı fondunun idarə olunması üzrə nəzarət modulu yaradılıb. TƏBİB-in aidiyyəti struktur bölmələri və tibb müəssisələrinin rəhbərləri həmin modula giriş imkanına malikdirlər.

Xəstəxanalarda çarpayı sayı (stasionar, intensiv terapiya) tibb müəssisəsinin mövcud infrastrukturu, kadr potensialı, ixtisaslaşması normativ hüquqi aktlara əsasən tənzimlənir. Pasiyentlərin sağlamlıq durumları tibb personalı tərəfindən dəyərləndirdikdən sonra zərurət üzrə onların müvafiq şöbələrə yerləşdirilməsi təmin olunur.

Son zamanlar tibb müəssisələrinə artan müraciət saylarının nəticəsidir ki, xəstəxanalarda doluluq faizi yüksəkdir. 2024-cü ilin yanvar-sentyabr ayları üzrə ümumilikdə 17.979.237 müraciət qeydə alınıb. Bunlardan 446.065-i stasionar, 17.533.172-si ambulator olub. Tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 24%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13% çox olub.

Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə gəlincə bildiririk ki, yuxarıda qeyd edilən səbəblərdən çarpayı sayı hər gün dəyişir. Bəzən boş çarpayı olmadığı üçün müraciət etmiş vətəndaş TƏBİB tabeli başqa tibb müəssisələrinə yönləndirilir. 22.10.2024-cü il tarixində də həm cərrahi, həm terapevtik reanimasiya şöbələrində boş çarpayı olmayıb”.

Qurumdan qeyd edilib ki, artım dinamikasını nəzərə alaraq yeni intensiv terapiya şöbələrinin yaradılması nəzərdən keçirilir.

Günay Şahmar, Bizim.Media

Seçilən
12
5
bizim.media

7Mənbələr