AZ

Deputat: Ermənistan Qərbi azərbaycanlıları deportasiya etməklə, insanlıq əleyhinə cinayət törədib

“İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi, insani və hüquqi haqqıdır. Ermənistan beynəlxalq hüquqa əməl etməli, soydaşlarımızın geri dönməsi ilə bağlı süni əngəllər törətməməlidir”.

Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, XX əsrin əvvəllərindən başlayaraq, müxtəlif dövrlərdə soydaşlarımız Qərbi Azərbaycandan məcburi şəkildə deportasiya edilib, etnik təmizləmə siyasəti nəticəsində öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalıblar: “Deportasiya insanlıq əleyhinə cinayətdir. Ermənistan Qərbi azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayət törədib. Azərbaycan Prezidenti cənab İlham Əliyev də dəfələrlə beynəlxalq tribunalardan bu tarixi ədalətsizliyə diqqət çəkib və Qərbi azərbaycanlıların hüquqlarının bərpasını tələb edib. Dövlət başçısının bu məsələdəki qətiyyətli mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Bu prosesin sülh yolu ilə, beynəlxalq hüququn təmin etdiyi qaydalar çərçivəsində baş tutması da Azərbaycan üçün prioritetdir. Ölkə başçımızın da dəfələrlə söylədiyi kimi, biz Qərbi Azərbaycana sülh yolu ilə qayıdacağıq. Ermənistan başa düşməlidir ki, Azərbaycanın ona qarşı hər hansı bir ərazi iddiası yoxdur. Biz, sadəcə, onlardan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq soydaşlarımızın dədə-baba torpaqlarına qayıdışını təhlükəsiz və ləyaqətli şəkildə təmin olunmasını tələb edirik. Ermənistan hökuməti həmçinin dədə-baba torpaqlarına qayıdacaq azərbaycanlıların mülkiyyət hüquqlarını bərpa etməli, onların evlərini, icma torpaqlarını da qaytarmalıdır”.

S.Salmanova onu da bildirib ki, bu günlərdə Milli Məclisin sədri Sahibə xanım Qafarovanın sərəncamı ilə parlamentdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb: “Bu qrupun yaradılmasında əsas məqsəd Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın doğma torpaqlarına qayıtmaq hüququnun gerçəkləşməsinə hüquqi dəstək verməkdir. Hesab edirəm ki, parlamentdə belə bir qurumun yaradılması Qərbi Azərbaycan məsələsinin qanunvericilik aspektləri ilə yanaşı, parlament diplomatiyası xətti ilə də effektiv şəkildə davam etdirilməsinə imkan yaradacaq”.

Millət vəkili qeyd edib ki, Qərbi azərbaycanlıların öz doğma yurd­larına qayıdışı tarixi bir zərurətdir və bu, ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi olacaq:

“Beynəlxalq hüquqa görə, hər kəsin öz əzəli Vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti sayəsində Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıdacağı günün uzaq olmadığından tam əmindir”.

Seçilən
17
3
apa.az

4Mənbələr