Ötən gecədən etibarən yağan yağış səbəbindən yollarda və nəqliyyatda bir sıra problemlər yaranıb. Bəzi küçələrdə yağış suyu yığılmasına görə ictimai nəqliyyatın hərəkətində çətinliklər yaranıb, gecikmələr olub.
Yağıntıların ictimai nəqliyyata, yollardakı vəziyyətə təsirini azaltmaq üçün hansı tədbirlər görülməlidir?
Day.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-in sualını nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı cavablandırıb.
"Havaların dəyişməsi və yağıntının normadan artıq olması onu göstərdi ki, Bakıda su-kanalizasiya sistemi düzgün qurulmayıb. Bundan başqa, arxada qalan problemlər də mövcuddur.
Bakıda yaşayış get-gedə sıxlaşır. 300 ailənin yaşadığı məhəllədə indi 500 ailə yaşayır, tikililər artır. Bu zaman su-kanalizasiya sisteminə diqqət yetirilmir. Tikinti şirkətləri özbaşınalıq edirlər. Ümumi xəttə qoşulanda artıq kanalizasiya sistemi dolub-daşır, bir az da yağıntı olan kimi kollektorlar çatdırmır.
Yəni problem və həll yolları göz qarşısındadır. Amma bu həll yollarına nə dərəcədə diqqət yetirilir, məsələ budur. Bütün aidiyyəti qurumlar bu işdə məsuliyyət daşıyır. Yolu su basdısa, ictimai nəqliyyat, təbii ki, işləyə bilməyəcək. Problemin həlli üçün addımlar atılmalı, su-kanalizasiya sistemi yenidən qurulmalıdır" - deyə o qeyd edib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yağış səbəbindən nəqliyyatın hərəkətində çətinliklər var.
Vurğulanıb ki, hava şəraiti ilə bağlı bəzi marşrutlarda interval fərqləri yaranıb.
"Hazırda marşrut xətləri mövcud şəraitə uyğun olaraq tənzimlənir və sərnişinlərin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində lazımi tədbirlər görülür. Sürücülərdən ara məsafəsi və sürət həddinə diqqət etmələri xahiş olunur.
Mikromobillik istifadəçiləri diqqətli olmalıdırlar. Yağışlı hava şəraitində yol səthi sürüşkən olduğundan sürətinizi azalmağınız və yol nişanlarına xüsusi diqqət yetirməyiniz zəruridir. Yola çıxarkən hava şəraitini nəzərə almalı və təhlükəsizlik qaydalarına riayət etmək lazımdır", - deyə qurumdan bildirilib.
Hava şəraiti bir sıra müntəzəm marşrutların fəaliyyətində dəyişikliklərə səbəb olub.
Məlumata görə, 191 nömrəli marşrut xətti: Q.Qarayev - Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinədək fəaliyyət göstərir.
161 nömrəli marşrut xətti: Hövsan - Hövsan Zığ şosesi ilə hərəkət edərək Suraxanı istiqamətinə davam edir.
Koroğlu NMM-dən çıxan marşrut avtobusları Bakı Olimpiya Stadionu ərazisindən keçmədən Dərnəgül prospekti ilə "Koroğlu" stansiyasının "Piramida" çıxışı qarşısından fəaliyyətlərini davam etdirirlər.
"Bu dəyişikliklər sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib", deyə agentlikdən bildirilib.