AZ

Türkiyə ilə sosial sahədə əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib

Bakı, 22 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı və səfirliyin əmək və sosial müdafiə məsələləri üzrə müşaviri Fatih Bilal Alodalı ilə görüş olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir Sahil Babayev Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı hörmət və etimada, qardaşlıq münasibətlərinə əsaslanan fəal siyasi dialoq nəticəsində iki ölkənin bütün sahələrdə əlaqələrinin daim yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. İki ölkənin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldiyi, əlaqələrimizin regional və beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirildiyi qeyd olunub.

Əmək və sosial müdafiə sahəsində də iki ölkə arasında uğurlu əməkdaşlıq təcrübəsinin olduğu, bu istiqamətdə müqavilə-hüquq bazasının daim genişləndiyi bildirilib. Ötən dövrdə Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair 8 sənədin imzalandığı, pensiya təminatı sahəsində əməkdaşlığa dair yeni sənəd layihəsinin hazırlandığı qeyd edilib.

C.Bağcı iki ölkənin yüksək səviyyədə olan münasibətlərinin sosial sahəni də əhatə etməsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb. Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahələrində əlaqələrin daha da genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

 

 

 

 

 

 

 

 

Seçilən
1
15
azertag.az

10Mənbələr