AZ

“MTN işi” üzrə zərərçəkən Nərimanov İcra Şöbəsini məhkəməyə verdi – "Yarım milyon manat kimin cibindədir?"

“MTN

Bu gün, oktyabrın 22-də Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə “MTN işi” üzrə zərərçəkənlərdən biri Hüseyn Səfərovun icra məmurlarının qanunsuz hərəkətlərindən verdiyi şikayətə baxılacaq.

Hüseyn Səfərov Milli Təhülkəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub – E.M) İstintaq Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan rütbəsi alınmış general Mövlam Şıxəliyevin cinayət işi üzrə 36 zərərçəkəndən biridir.

Hüseyn Səfərov Musavat.com-a deyib ki, icra məmuru Rəfail Səfərov Azərbaycan Respublikası adından çıxarılan məhkəmə hökmünü bir kənara qoyub və özbaşınalıq edərək korrupsiya cinayətinə yol verib: “2021-ci ildə Mövlam Şıxəliyevin həbsindən sonra 1 ilə yaxın istintaq aparıldı. Cinayət işi üzrə 36 zərərçəkən müəyyən olundu və iş materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərildi. Məhkəmə Mövlam Şıxəliyev və digər 3 polkovnikin biz zərərçəkənlərə qarşı cinayət törətdiklərini təsdiqlədi. Məhkəmə eyni zamanda biz zərərçəkənlərin Mövlam Şıxəliyev və digərilərinə qarşı mülki iddilarımızı da təmin etdi”.

Hüseyn Səfərov bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından sonra iş üzrə icra hərəkətlərinin başlanması üçün Nərimanov Rayon İcra Şöbəsinə yönləndirilib: “İcra Şöbəsində icra işi icra məmuru Rəfael Səfərova həvalə olundu. İcraçı bir neçə ay işi uzadıb dedi ki, məhkəmə hökmü üzrə icra hərəkətlərini apara bilmir. Buna görə də Bakı Hərbi Məhkəməsinə müraciət etməklə izah tələb edəcək. Belə də oldu. İcraçı Rəfail Səfərov Bakı Hərbi Məhkəməsinə müraciət edib izah istədi. İzah tələbinə məhkəmədən cavab verildi, aydınlaşdırıldı ki, ilk növbədə 16 nəfər mülki iddia vermiş zərərçəkənin, sonrakı mərhələdə isə digər zərərçəkənlərin mülki iddiaları üzrə tələbləri təmin edilməlidir. Bu cavabı alandan sonra Rəfail Səfərov yenə də icra işi üzrə zəruri qanuni addımları atmadı. İsrarlı tələblərimizə isə ən müxtəlif bəhanələr gətirir, icra işi üzrə hərəkətsizlik edirdi”.

Hüseyn Səfərov deyib ki, 1 ilə yaxın süründürməçilikdən sonra icraçı Rəfail Səfərov Bakı Hərbi Məhkəməsinə yenidən müraciət edib: “Rəfail Səfərov yenə də Bakı Hərbi Məhkəməsindən Mövlam Şıxəliyev və digərilərinin barəsindəki məhkəmə hökmü üzrə icra hərəkətlərinə dair izah istədi. Məhkəmə bu dəfə qərarla izah verib aydınlaşdırdı ki, ilk növbədə 16 nəfər zərərçəkənin mülki iddiası üzrə tələblər icra olunmalı, yalnız bundan sonra digər zərərçəkənlərin tələbləri üzrə icra hərəkətləri aparılmalıdır. Bakı Hərbi Məhkəməsinin bu qərarından iş üzrə zərərçəkənlərdən olan Cavidan Hacıyev apelyasiya şikayəti verdi. Cavidan Hacıyev 16 nəfərlik siyahıda olmamasından narazı idi. Bakı Apellyasiya Məhkəməsi Bakı Hərbi Məhkəməsinin qərarını qüvvədə saxladı və dərhal icra işlərinin başlamasını Nərimanov Rayon İcra Şöbəsinə həvalə etdi. Bu qərarla Cavidan Hacıyevin şikayəti təmin olunmadı”.

Hüseyn Səfərov deyir ki, bundan sonra Nərimanov rayon İcra Şöbəsi cinayət yolunu tutub: “İcra Şöbəsinin rəisi Zaur Abdullayev icraçı Rəfail Səfərovla bərabər Bakı Hərbi Məhkəməsinin iş üzrə hökm və qərarını yumşaq desəm bir kənara qoydular. Əslində isə Azərbaycan Respublikası adından çıxarılmış hökm və qərarı bir kənara tullayıb tam qanunsuz, “İcra haqqında” Qanuna daban-dabana zidd, öz bildikləri və ya aldıqları sifarişə uyğun icra işinə başladılar. Təsəvvür edin ki, icra işi o qədər eybəcər şəkildə aparılıb ki, icraçıların xeyrinə cinayətə yol verdikləri şəxslər sırasından da mənə şikayətlər var. Apardığım araşdırma zamanı öyrənmişəm ki, biz 16 nəfər zərərçəkənə mülki iddialarımız üzrə çatmalı vəsaitin yarım milyon manatı zərərçəkənlərdən birinin adına açılmış hesaba köçürülüb. Zərərçəkən də and-aman edir ki, həmin yarım milyon manatdan 1 qəpik də ona çatmayıb. Yarım milyon kimin cibinə gedib? İcracılar Azərbaycan Respublikası adından çıxarılan məhkəmə hökm və qərarlarını, öz təşəbbüsləri ilə, lüzumsuz tələbləri ilə aldıqları izaha cavab və qərarı niyə kənara qoyub belə bir cinayətə qol qoyublar?

Təsəvvür edin ki, 2 ilə yaxın süründürməçilikdən sonra Nərimanov Rayon İcra Şöbəsinin rəisi Zaur Abdullayevin göstərişi ilə icra işi üzrə hərəkətlərın başlandığı elan olundu. Zaur Abdullayevin göstərişi ilə icra məmuru Rəfail Səfərov biz 16 nəfər zərərçəkəni dəvət etdi və dedi ki, dəymiş zərəri almağın 1 yolu var. 16 nəfər zərərçəkənin hər biri Zaur Abdullayevin adına ərizə ilə yazıb şikayət etmək hüququndan imtina etməli, onların verdikləri qərarla razılıqlarını bildirməlidirlər. İcra məmurunun tələbi tam qanunsuz olsa da, məcbur qalıb qanunsuz olaraq tələb etdikləri ərizəni də yazdıq. Bu ərizənin bizlərə yazıdırlması da sübut edir ki, Zaur Abdullayev və icra məmuru Rəfael Səfərov bizə qarşı cinayətə bilə-bilə yol veriblər. Mən bu məsələlərin araşdırılmasını Nərmanov rayon Məhkəməsindən tələb edirəm. Nərimanov rayon İcra Şöbəsinin rəisi Zaur Abdullayev və icra məmuru Rəfael Səfərov korrupsiya cinayətlərinə yol verməklə yanaşı Azərbaycan Respublikası adından çıxarılan hökmü qanunların tələb etdiyi şəkildə deyil, öz istədikləri kimi, öz maraqları çərçivəsində həyata keçiriblər. Nərimanov Rayon Məhkəməsində xüsusi qərardad çıxarılaraq yol verilmiş korrupsiya cinayətlərinin araşdırılmasını tələb edəcəyəm.

Sual edirəm - əgər Rəfail Səfərov Azərbaycan Respublikası adından çıxarılan hökmünü öz istədiyi və ya ona verilmiş sifarişə uyğun icra edəcəkdisə, bu halda Bakı Hərbi Məhkəməsindən niyə izah istəyirdi?

Əgər Rəfail Səfərov Azərbaycan Respublikası adından çıxarılan hökmü öz istədiyi və ya ona verilmiş sifarişə uyğun icra edəcəkdisə, bu halda Bakı Hərbi Məhkəməsindən niyə qərar tələb edirdi?

Bakı Hərbi Məhkəməsinin hökmündə adlı siyahısında adı olan, 16 nəfər zərərçəkənə çatmalı, müsadirə edilmiş əmlakın satılmasından əldə edilən yarım milyon manatı kimin sifarişi ilə digər hesaba köçürüb?”

Hüseyn Səfərov deyib ki, apardığı araşdırma ilə müəyyən edib ki, Nərimanov Rayon İcra Şöbəsinin rəisi Zaur Abdullayevlə icra məmuru Rəfail Səfərov Ədliyyə Nazirliyində çalışmış şəxslərin qanunsuz göstərişlərini icra ediblər: “Öyrənmişəm ki, iş üzrə zərərçəkənlərdən olan Cavidan Hacıyevin kürəkəni Tural Süleymanov Ədliyyə Nazirliyi İcra Baş İdarəsində çalışıb. Tural Süleymanov həmin İdarədə Emin Veyisovla birgə Nərimanov İcra Şöbəsinin rəhbərliyini, icra məmuru Rəfail Səfərovu ələ alıblar. Ortaya Elçin Muradovun da adını atmaqla cinayətlərini həyata keçiriblər. Biz ədliyyə naziri cənab Fərid Əhmədova müraciət etmişik. Bundan sonra Tural Süleymanovla Emin Veyisov vəzifələrindən uzaqlaşdırılıblar. Amma bizə qarşı törədilmiş cinayət hələ ki, araşdırılmayıb və həmin cinayətdən doğan böyük zərərimiz də ödənməyib. Həmin zərəri də məhkəmədə tələb edəcəyik”.

Hüseyn Səfərov deyib ki, baş vermiş böyük korrupsiya cinayəti ilə bağlı Baş Prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə də müraciətlər ünvanlayıb: “Möhtərəm cənab Prezidentin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən etdiyi hədəflər var və həmin hədəflərə çatmaq üçün son illər ərzində hüquq mühafizə orqanları tərəfindən korrupsiyaya qarşı mübarizə tədbirlərini daha da gücləndiriblər. Təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsi və vurulmuş ziyanın ödənilməsi çərçivəsində işlərin aparılmasını alqışlayırıq və dəstəkləyirik. Hesab edirik ki, bizə qarşı törədilmiş korrupsiyaya cinayəti də qısa müddətdə araşdırılacaq”.
Seçilən
1
8
reyting.az

9Mənbələr