AZ

Milli Qəhrəmanın qızı: "Atamın arzusu məni müəllim kimi görmək idi" - MÜSAHİBƏ

Sağlığında Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən, Lələtəpə yüksəkliyi uğrundakı şücaətinə görə vaxtından əvvəl polkovnik rütbəsi alan, “Ən böyük arzum doğulduğum rayonu - Qubadlını azad etməkdir”,- deyib, Qubadlı uğrunda döyüşlərdə şəhid olan Şükür Həmidov...

 

Ondan bizə cəsarəti və iki övladı yadigar qaldı.

 

Şükür Həmidovun qızı Əzizə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ibtidai sinif müəllimliyi ixtisasının III kursunda, oğlu isə XI sinifdə oxuyur.

 

Modern.az xəbər verir ki, AzEdu.az Təhsil Portalı Milli Qəhrəman Şükür Həmidovun anım günü ilə bağlı qızı - Əzizə Həmidova ilə həmsöhbət olub.

 

-Əzizə xanım, sizi daha yaxından tanımaq istəyərdik.

 

-Mən, Həmidova Əzizə. Şəhid polkovnik Milli Qəhrəman Şükür Həmidovun qızıyam. Orta məktəbi atamın işi ilə əlaqədar Azərbaycanın müxtəlif  bölgələrində, X və XI siniflərdə isə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Xıdırlı kənd orta məktəbində təhsil almışam. Məktəbi bitirdikdən sonra 2022-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinə daxil olmuşam. Hazırda həmin fakültənin III kurs tələbəsiyəm.  

 

- Sizi tanıdığımıza şad olduq. Artıq bir il sonra bakalavr pilləsindən məzun olacaqsınız. Magistratura oxumağı planlayırsınız?

 

-Atamın arzusunu reallaşdırmaq üçün ölkəmizdə qalıb, Vətənə xidmət etmək istəyirəm. Ona görə də bakalavr pilləsini bitirdikdən sonra Azərbaycanda biznesin idarəedilməsi (MBA) üzrə magistraturaya qəbul olub, işləməyi planlaşdırıram.

 

-İndiki ixtisasınızla MBA tamamilə fərqli sahələrdir. Gələcəkdə hansı sahə üzrə işləməyi düşünürsünüz?

 

- Hər iki sahə mənim üçün maraqlıdır. Dəqiq fikirdə deyiləm, amma böyük ehtimal müəllim olacam. Çünki atam da məni müəllim kimi görmək arzusunda idi.

 

-Əminik ki, hansı sahədə olmağınızdan asılı olmayaraq, bu işi layiqincə yerinə yetirəcəksiniz. Əzizə xanım, bəs qardaşınız təhsilini harada davam etdirmək istəyir?

 

-Qardaşım hələ ki, XI sinifdə təhsil alır. Məktəbi bitirdikdən sonra Türkiyəyə getməyi planlaşdırır.

 

-Dərsləriniz necədir?

 

-Dərslərim yaxşıdır. Çalışdığım qədər dərsdən əlavə qalan vaxtlarımda ingilis dilini təkmilləşdirirəm.

 

-Çox gözəl. İxtisasınız ibtidai sinif müəllimliyidir. Uşaqlarla aranız necədir?

 

- Uşaqlarla ünsiyyət qurmağı çox sevirəm. Boş vaxtlarımda azyaşlılara dərs öyrədirəm.

 

-Atanız sağlığında Azərbaycanın Milli Qəhrəmanı adını almış nadir şəxlərdən idi. Hətta vətənpərvərliyinə görə vaxtından əvvəl polkovnik vəzifəsinə də layiq görülüb. Hələ o vaxtdan Milli Qəhrəmanın qızı olmaq necə hiss idi? Biləndə ki, atanıza bu fəxri ad verilir, o an nə duyğular yaşadınız?

 

- Atamın sağlığında Milli Qəhrəman adına layiq görülməsi mənim üçün çox böyük qürur idi. Çünki bu ada sağlığında layiq görülmək hər adama qismət olmur.

 

- Qarabağ işğaldan azad olunandan sonra oranı ziyarət etmisiniz?

 

- Qarabağ işğaldan azad olduqdan sonra çox istədim ki, oraya gedim, amma özümü hazır hiss etmədim.

 

- Söhbət Qarabağdan düşmüşkən… Son dövrlərdə Qarabağ Universitetinin tələbələrinin deyib-gülüb oynadığı videolar paylaşılır. Çoxu tələbələri qınayır, bəziləri isə normal qəbul edir. Maraqlıdır, siz bu barədə nə düşünürsünüz?

 

- Mən onlar barədə pis düşünmürəm. Çünki biz illərdir o torpaqların həsrətindəyik. Bu gün hamının deyib-gülməyinin səbəbi məhz 30 ildən sonra torpaqlarımızın işğaldan azad olunmasıdır.

 

- Qarabağın ən çox hansı bölgəsini görmək istəyirsiniz?

 

- Ən böyük arzum Şuşanı görməkdir. İgidlərimizin Şuşa dağlarına dırmanaraq çıxması, oranı çətin şəraitdə işğaldan azad etmələri məndə xüsusi maraq hissi yaratdı. Düzdür, bütün torpaqlarımızda bizim şəhidlərimizin qanı, igidlərimizin ayaq izləri var, amma Şuşanın alınması tam fərqli olduğuna görə oranı görməyi daha çox istəyirəm.

 

-Bəs, Xocalı necə?

 

- Xocalını görməyə tab gətirə bilmərəm...

 

- Tab gətirə bilmərəm deyirsiniz, amma siz əslində çox güclüsünüz. Müharibədən 2 il sonra gücünüzü toplayıb ali məktəbə qəbul olunmusunuz. Əzizə xanım, o dövrdən sonra dərslərinizi, özünüzü necə toparladınız, necə uğur qazandınız?

 

-Mən atamın şəhid olduğunu qəbul edə bilmədim. Sanki o, yenə xidmətdə imiş kimi həyatıma davam etdim. Çünki əksi olsaydı, mən heç vaxt uğur qazanmazdım. Atamın var oluşu ilə mən özümü toparladım.

 

-Hələ də atanızın xidmətdə olduğunu düşünürsünüz?

 

­-Düzünü desəm, yenə də elə düşünürəm...

 

Bir qədər susduqdan sonra söhbətimizə davam etdik...

 

-Qardaşınız necə, o da sizin kimi həssasdır?

147505

- O da həssasdır, amma duyğularını heç vaxt büruzə vermir.

 

-Sizə bu dövrdə kim dəstəkçi oldu?

 

- Anam bizə çox dəstək olur. Biz atamın şəhidliyi haqda heç vaxt söhbət etmək istəmirik, ancaq atamın sağlığından danışıb, özümüzə təsəlli veririk.

 

- Anlayıram, acınız böyükdür... Atanızın qəbrini ziyarət edirsiniz?

 

- 4 ildə 2 dəfə getmişəm. Mən atamı qəbiristanlıqda görmək istəmirəm.

 

- Atanızla gözəl xatirələriniz var dediniz. Onu necə xatırlayırsınız? Hansı xatirənizi heç unutmursunuz?

 

- Atamla bağlı təbəssümlə xatırladığım çox şey var.  O, uşaqlarla oynamağı çox sevirdi. Mən isə atamı hamıya qısqanırdım. İstəmirdim ki, onu kimləsə bölüşüm. Həmişə başqa uşaqlarla səmimi olduğunu görəndə ondan küsürdüm, danışmırdım. O, mənim qısqanclığıma gözündən yaş gələnə qədər gülürdü.

 

Məni çağırıb dizində otuzdururdu. İzah edirdi ki, “onlar balaca uşaqdırlar, sən isə böyüksən, həm də mənim qızımsan. Onu bil ki, həmişə səninləyəm”.

 

Atamın bu sözləri heç vaxt yadımdan çıxmır...

 

- Nə gözəl xatirələrdir. Atanıza çox bağlısınız.

 

- Sözlə ifadə edilə bilməyəcək qədər bağlıyam.

 

- Şükür Həmidovun döyüş yoldaşlarının dediyinə görə, o, öz ata-baba yurdu Qubadlını azad etməyi çox istəyirmiş. Bəs, siz, Qubadlını görmək istəyirsiniz?

 

- Atam Qubadlıya çox bağlı idi. Mən də atamın aşiq olduğu Qubadlını görmək istəyirəm. Ümid edirəm ki, bir gün özümü toplayıb ora gedə biləcəm.

 

-İnanıram ki, tezliklə bu gücü özünüzdə toplaya biləcəksiniz. Heç psixoloji dəstək almısınız?

 

-Xeyr, almamışam. Çünki anam həqiqətən də bu barədə bizə çox dəstək oldu.

 

-Ananız əsl Azərbaycan qadını kimi, çox güclüdür. Əzizə xanım, atanızla bağlı son xatirəniz nə idi?

147506

- Atamla bağlı son xatirəm onun döyüşə gedişi oldu. Mən onun son gedişini hələ də unuda bilmirəm. Atam həmin gün çox kədərli, sanki ağlamaqdan gözləri qızarmış kim idi. Sonradan anladım ki, bəlkə də geri qayıtmayacağını bilirmiş... 

Mən onu qucaqlasam da, ondan doya bilmədim...

 

­-Sizin kimi ali məktəbə daxil olmaq istəyən digər şəhid yadigarları da var. Onlara bu yolda hansı tövsiyələri verə bilərsiniz?

 

- İllər keçdikcə düşündüm ki, atalarımız bizi gücsüz yox, iradəli görmək istəyərdi. Ona görə də, çalışmalıyıq ki, onların istədiyi kimi olaq. Ruhlarını ancaq öz uğurlarımızla, qazandıqlarımızla şad edə bilərik.

Seçilən
15
modern.az

1Mənbələr