AZ

Şəhidlik ölümsüzlükdür

Vətən sevgisi ana bətnindən başlayır, izharı isə, ilk növbədə, özünü unudaraq torpaq, millət uğrunda mübarizədə düşünmədən canını qurban verməklə bağlıdır.

Belə vətənsevərlərdən biri də şəhid-şair Teymur Rəsulovdur. Teymur Turan imzası ilə tanınmağa başlayırdı, amma ömrü yarıda qırıldı onun. Federiko Qarsia Lorka, Şandor Petefi, Puşkin, Lermontov, Yesenin, Müçfiq, Əli Kərim, Nizami Aydın, Fuad Əsədov... kimi, həyatdan vaxtsız köçdü, az qisim şeiri yadigar qaldı.

Dünən növbəti anım günü olan Teymur 23 mart 1988-ci ildə Bakı yaxınlığındakı Sahil qəsəbəsində dünyaya göz açıb. Qaradağ rayonu Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbdə və Həbib bəy Mahmudbəyov adına 2 saylı Texniki-Hümanitar Elmlər Liseyində oxuyub. Sonra Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Neft və Sənaye Universiteti) ali təhsil alaraq energetik ixtisasına yiyələnib. Milli Qəhrəman Mübariz İbrahimovla birlikdə N saylı hərbi hissədə əsgər olub, onun dünyaya səs salan hünərindən ruhlanaraq, canını hər an Vətənə qurban verməyə hazır olub.

Hərbi xidmətdən sonra öz ixtisası üzrə bir çox müəssisələrdə çalışıb. Çalışdığı sahələrdə bir mühəndis kimi, biliyi, bacarığı, işə vicdanla yanaşmağı ilə daim seçilib, kollektivin hörmətini qazanıb. Dövrü mətbuatda şeirləri, esse və məqalələri ilə çıxış edib.

Teymur Rəsulov 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyümüzün bərpası üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 21 oktyabr 2020-ci ildə Cəbrayıl döyüşləri zamanı şəhid olub.

***

Ədalət hissini lap kiçik vaxtından büruzə verən və heç zaman bu keyfiyyətini itirməyən Teymur kiçik yaşlarından hər cür haqsızlığa qarşı mübariz olması ilə yaşıdlarından seçilib. Zaman keçdikcə Qarabağ hadisələri onun həyatının bir hissəsinə çevrilməyə başlayıb. Orduya sevinə-sevinə gedib. Teymur yazırdı ki, hakimlik uğrunda mübarizə aparan insan insanlıq savaşından məğlub çıxmış kimsədir. Ədalət uğrunda mübarizə aparan insan isə insanlığa nümunədir. Vətənpərvərlik mövzularında olan şeirləri ilə mətbuatda oxucularına milli təəssübkeşlik hissi aşılamağa çalışıb. Belə bir vaxtda “Azərbaycanım” şeiri geniş əks-səda doğurub.

***

2020-ci ildə başlayaraq, 5 gün davam edən Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad edilməsinə yol açıb. Həmin savaşda general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov Vətən uğrunda şəhid oldular, əbədiyyət zirvəsinə ucaldılar.

Məhz o zaman Azərbaycan xalqı şəhidlərin matəmini saxlamaqla yanaşı, Qarabağın azadlığını tələb etməyə başladı. Teymur Rəsulov həmin ərəfədə Səfərbərlik Xidmətinin rəsmi internet saytında bir könüllü kimi qeydiyyatdan keçir. Komissarlıqda çağırış növbəsini gözləyir, dəfələrlə Qaradağ rayon hərbi komissarlığına gedir və təkidlə döyüşlərə cəlb olunmasını tələb edir.

İllərlə təhsil alıb, təcrübə keçən, bacarıqlı elektrotexnika mühəndisi olan Teymurun bu israrı Vətən sevgisindən irəli gəlirdi. İkinci Qarabağ müharibəsi başlananda deyirdi ki, mənim orada vuruşanlardan nəyim əskik və ya artıqdır? Orada qardaşlarım vuruşduğu halda mən evdə rahat yata bilmərəm. Bir şeirində isə yazırdı:

Azadlığı həqiqətən yaşamayanlar
Sevginin barından kasad olurlar...

***

Şəhid şairin qeyd dəftərindən sətirlər:

“Döyüş başlanan gündən bu yana yediyim yemək də, içdiyim su da, yatdığım yuxu da mənə haramdır. Bu həyatda insanın bir missiyası var. Hazırda bizim vətəndaş olaraq missiyamız döyüşmək, vətənin ərazi bütövlüyünün təmin olunmasında rol oynamaqdır. Ancaq içərisində yaşadığımız bu həyatın nə əvvəli bəllidir, nə sonu. Bilirəm, müharibədir, odun, alovun içidir, burada ölüm təhlükəsi daha çoxdur. Nə olsun ki? Onsuz da, bir gün hər kəs öləcək. Vətən naminə müharibədə ölmək isə minqat şərəflidir. Bu yol ən mübarək yoldur. Bilirsən ki, sənin vətənini işğal ediblər, qadınlarını əsir götürüblər, sənə məxsus mədəniyyət abidələrini dağıdıblar. Məhz həmin adamların qisası, həmin mədəniyyətin xilası, səninlə eyni dildə danışan, eyni mədəniyyətin daşıyıcısı olan milyonlarla insanın əzilmiş milli qürurunun bərpası üçün çarpışırsan. Şəhidlik bütün ölüm səbəblərindən üstün, yeganə əbədi yaşamaq yoludur”. – Bu düşüncələr qəhrəmanımızın iç dünyasından süzülüb gələn, onu daim narahat edən, xalqı da bir yumruq olmağa səsləyən duyğularından qaynaqlanırdı. Göründüyü kimi, hər baş verən hadisə, cəbhədən gələn hər xəbər Teymuru daha da həyəcanlandırırdı və o da qələmə sarılaraq düşüncələrinə əbədi həyat verirdi.

***

Nəhayət, ordu sıralarına götürülən Teymur Bakı ətrafında yerləşən təlim-tədris mərkəzlərində olur, sonra Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edir, həmin rayonun bir neçə kəndinin alınmasında qəhrəmanlıq göstərir. Cəbrayılın, Xudafərin körpüsünə yaxın ərazilərdəki kəndlərin, Hadrutun işğaldan azad olunmasında iştirak edir, döyüşlərin qalib əsgərlərindən olur, Xocavəndin düşmən tapdağında olan kəndləri uğrunda ölüm-dirim savaşında yüksək şücaət göstərir. Teymurgilin taborunun Hadrutdan və ətrafdakı kəndlərin azad olunmasından sonra növbəti döyüş əmri isə Şuşaya doğru irəliləmək idi.

***

Oktyabrın 2-ci yarısında döyüşlər daha gərgin, daha qanlı xarakter aldı. Xocavənd–Hadrut–Şuşa yolu ilə manqa-manqa Şuşaya doğru irəliləyirdilər. Ərzaq və su ehtiyatı tükənən taborun əsgərləri Şuşanın 10 kilometrliyində torpaq yolun üzərində yerləşən kilsə və ferma arasındakı hövzədən su götürmək üçün düşərkən qarşıdakı meşəlikdən açılan artilleriya atəşi ilə qanlı bir döyüş başlayır. Teymurgilin o vaxtadək itki verməyən manqası ilk atəşlər əsnasında üç əsgərini itirir. Teymur şəhid olmamışdan bir neçə dəqiqə öncə ondan qabaqda irəliləyən, arxaya çevrilən döyüş yoldaşının üzünə gülümsəyərək, “Deyəsən, sonumuz yaxınlaşır”, – deyir. “Amma düşmənə asanlıqla can vermək yoxdur!”

Beləcə, Teymur Rəsulov oktyabrın 21-də döyüş yoldaşı Ülvi Hacıyevlə çiyin-çiyinə döyüşərək, qəhrəmancasına şəhid olur. İki gün sonra şəhid olduğu yerdən götürülür, ailəsinə təhvil verilir. Döyüş yoldaşı Ülvi Hacıyevin isə nəşi tapılmır, adı itkinlər siyahına daxil edilir, uzun axtarışlar nəticəsində 58 gün sonra müəyyən olunur.

Qəhrəmanımızın heç şübhəsiz, sevdiyi qız da varmış. Yoxsa, bu etirafı etməzdi: “Sən eşqimin daim var ola bilmək arzususan, sevgilim!” Bir dəfə isə yazmışdı:

Unudulmaz sevgilər
Yalnızlığa, sonsuzluğa,
Mümkünsüzlüyə düçardır...

Başqa bir şeirində isə şəhid şair belə deyib:

Keçsin gecə, mən yatmayım,
Sevgimi nəfsə satmayım...

Teymur çoxları kimi sakit həyatı seçərək yaşaya bilərdi, adi ömür yolu ilə kifayətlənərdi, sıradan yaşadığı həyatın sıradan insanına çevrilə bilərdi, ancaq o, bunu qəbul etmirdi. Bir tərəfdə göz yaşı varsa, qan tökülürsə, analar min bir əziyyətlə böyütdüyü övladını qurban verirsə, necə qəbul edə bilərdi sakit yaşamağı? Bir tərəfdə torpaqlarımız işğal olunurdusa, torpaqlarımız şəhidlərin qanı ilə sulanırdısa, adi həyatla necə razılaşa bilərdi? Bir tərəfdə Vətən oğulları düşmən zərbəsinə qarşı sinəsini sipər edirdisə, necə biganə qala bilərdi baş verənlərə?..

O doğulduğu gündən seçilmişlər sırasında özünə yer eləmişdi, geriyə yol yox idi. İrəli addımladıqca qələmi yazırdı:

Ölmək varsa qismətdə,
Nəyə lazım bu kədər?
Ölüm gəlsin qaça-qaça,
O an ömrümdə gül açar...

***

Teymur Rəsulovun ən böyük arzusu Şuşanın azadlığını görmək idi. Həmişə deyirdi ki, Mübarizin qeyrətinə, Fəridin cəsarətinə, Poladın insanlığına və qəhrəmanlığına həsəd aparmışam və bu yola baş qoymuşam: “Sağ-salamat qayıtsam, birlikdə həyatımızı davam edərik, şəhid olsam, heç kim pis olmasın, ağlamasın, yas saxlamasın, əksinə, hər yerdə adımı qürurla çəkin. Məni bu yola heç kim məcbur etməyib, kimsə çağırmayıb, bütün varlığımla özüm könüllü bu yola çıxmışam”.

Ondan ötrü vətənpərvərlik təkcə cəbhədə döyüşməkdən ibarət deyildi. Özü də qələmə sarılaraq şeirlər yazır, mənsub olduğu toplumun ədəbiyyatını, digər mədəni dəyərlərini dünya çapında görmək istəyirdi. Onun Turan sevgisi böyük idi, ona görə də bu təxəllüsü seçmişdi.

Onun haqqında danışanlar, onu yaxından tanıyanlar deyirlər ki, Teymur böyük əxlaq sahibi idi, bütün gözəl keyfiyyətlər onda birləşirdi. Başqa cür də ola bilməzdi. Vətən sevgisi güclü olanların, torpaq təəssübünü çəkənlərin, millətini bütün varlığı ilə sevənlərin hər biri yüksək əxlaq sahibləridir.

Şəhidin atası Yavuz Rəsulov deyir ki, qardaşım rəhmətə gedəndə övladlarım hələ balaca idi: “Teymur mənim evimin yeganə oğlu idi. Həm də soyadını daşıdığı evin sonbeşiyi idi. Uşaqlıqdan etibarən onunla sərhəd qoyulan ata-oğul münasibətimiz olmayıb, yaxın dost olmuşuq, həmişə deyirdi ki, yaxşı dost olmağı bacaran adamlardan yaxşı valideyn də olur, övlad da olur. Allah bütün şəhidlərə rəhmət eləsin!”

Şəhidin yaxın dostu və qohumu Sahib Altay onunla bağlı xatirələrini bölüşərkən bildirib ki, Teymur Milli Qəhrəman Mübariz İbrahimovla birgə əsgərlik keçib: “Mübariz İbrahimov həmin vaxt gizir kimi xidmət edirdi. Onun şəhidliyindən sonra Teymur anasına zəng etmişdi ki, zabit kimi hərbi sahədə qalmaq istəyir, lakin anası razı olmamışdı. Əsgərlikdən gələndən sonra elektrotexnika üzrə ixtisaslaşmış və sahə üzrə özünü inkişaf etdirmişdi. Ölkə üzrə 27 öncül elektrotexnika mühəndisindən biri idi. Amma ürəyi elə hey hərbi sahədə idi. Su qabı suda sınar, – deyiblər...

Oktyabrın 21-i gecə 03:30-da Beyləqandan tibb xidməti rəisi zəng edib, Teymurun şəhidlik xəbərini verdi. Onun boynundan asılmış gilizin içərisindən adım və telefon nömrəmin qeyd olunduğunu dedilər. Qeyddə yazılıb ki, mənə nəsə olsa, ilk bu dostuma zəng edin. Bu xəbəri ailəyə necə çatdırdım, bir Allah bilir...

Teymurun başqa bir xüsusiyyəti şairlik ruhunun olması idi. Dövri mətbuatda şeirləri, esse və məqalələri dərc olunurdu. Ən böyük arzularından biri də şeir, esse və məqalələrindən ibarət ilk kitabını nəşr etdirmək idi”.

Şəhadətindən sonra onun bu arzusu da gerçəkləşib. İnişil ailəsi Teymur Turanın “Qürub vaxtı” kitabını nəşr etdirib. 2 hissədən ibarət olan kitabda həm onun bədii-poetik nümunələri yer alıb, həm də haqqında söylənən xatirələr.

Qaradağ rayon Sahil qəsəbəsində fəaliyyət göstərən 301 saylı uşaq bağçasının həyətində Teymur Rəsulov və qəsəbə şəhidlərinin xatirəsinə abidə kompleksi inşa edilib və park salınıb. Sahil İctimai Birliyinin dəstəyi ilə qəsəbədə yerləşən mərkəzi parkda “Yaşıl Sahil” adlı ağacəkmə aksiyası keçrilib, aksiyanın keçirildiyi əraziyə qəsəbə şəhidlərinin adı verilmişdir. Bundan başqa, Qobustan rayonu yeni massiv ərazizində küçələrdən biri şəhid Teymur Rəsulovun adını daşıyır və orada adına xatirə guşəsi açılıb. Eyni zamanda Neft və Sənaye Universitetində bir seminar auditoriyası, 228, 253, 297 və 319 saylı orta məktəblərin hərəsində bir sinif otağı şəhid Teymur Rəsulovun adını daşıyır.

Bütün bunlar onun dediyi “Şəhidlik ölümsüzlükdür” fikrinin doğruluğunu təsdiq edir.

AZƏRBAYCANIM

Bir yanın Qarabağ, bir yanın Xəzər,
Sinəndə türk gəzir, səni kim əzər?
Başını üçrəngli bayrağım bəzər,
Adına can dedik, Azərbaycanım!

Babəkin yurdusan, odlar diyarı,
Olmaz hər igidin Həcərtək yarı,
Sinəni dik saxla düşmənə sarı,
Şanına şan dedik, Azərbaycanım!

Şərqin səhərisən, Qərbin dan yeri,
Sabirin, Müşfiqin sən ad-san yeri,
Bir xan verə bilməz Cavad xan yeri,
Biz xana xan dedik, Azərbaycanım!

Şuşanın dağları boranlı, qarlı,
Ağdam güc simvolu, Laçın vüqarlı,
Xocalının qəlbi dərdli, qubarlı,
Biz qana qan dedik, Azərbaycanım.

Qarabağ, İrəvan qəlbində yara,
Borçalı, Zəngəzur qaldı əğyara,
Qalx daha, bu dərdə tapaq bir çara,
Yandıqca, yan dedik, Azərbaycanım!


Xədicə QİYAS,
Əli NƏCƏFXANLI
XQ

Seçilən
12
xalqqazeti.az

1Mənbələr