Çin Xalq Respublikasının Sədri Si Cinpin Kazan şəhərində keçiriləcək BRICS sammitində iştirak etmək üçün Rusiyaya yola düşüb.
Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə baş tutan səfər oktyabrın 24-dək davam edəcək. Çin Sədrinin sammit çərçivəsində bəzi liderlərlə görüşü də nəzərdə tutulur.
Qeyd edək ki, 2009-cu ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılan BRICS 2011-ci ildə Cənubi Afrikanı da öz sıralarına daxil edib. 2023-cü ilin dekabrında Misir, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya və İranı əhatə edən son genişlənmə ilə BRICS dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın 1/4 çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. BMT Təhlükəsizlik Şurasının daimi üzvü, dünyanın 2-ci böyük iqtisadiyyatı olan Çinin BRICS-də xüsusi yeri var.