AZ

“Göygöl”lə oyuna on nəfərlə çıxmağımıza gəlincə...” - “Füzuli” də fəaliyyətini dayandırır?

2-ci liqa təmsilçisi “Füzuli” 7-ci turda səfərdə “Göygöl”ə 0:9 hesabıyla uduzub. Qonaqlar meydana 10 nəfərlə çıxıb, ehtiyatda da oyunçusu olmayıb. Belə çıxır ki, fəaliyyətini dayandıracaq növbəti klub məhz “Füzuli” olacaq.

“Füzuli”nin meneceri Rəşad Babayev vəziyyəti “Football-plus.az”a anlatdı:

“Ötən mövsümün sonlarından ciddi maliyyə sıxıntısı yaşayırıq. Elə bu səbəbdəndi ki, ötən il çempionluğa oynayan komandamızın bütün futbolçuları mövsüm bitən kimi başqa komandalara transfer olundular. Onları saxlaya bilmədik. Uşaqlara və başqa yerlərə hələ də xeyli borcumuz qalıb. Sponsor tapa bilmədik deyə, komandanı istədiyimiz kimi komplektləşdirə bilmədik. Sponsor və tərəfdaşlıqla bağlı xeyli müraciətlər etmişik, söz verənlər var, amma real iş görən yoxdu. Təəssüf hissi ilə qeyd ediərəm ki,135 minlik Füzuli rayonunda bölgəmizi peşəkar səviyyədə təmsil edən yeganə kluba ürək yandıran yoxdu. Halbuki kimi dindirirsən, futbolumuzun niyə inkişaf edə bilməməsindən şikayətlənir. Əlini ağdan qaraya vurmaq istəməyən adamların işi ancaq gileylənmək, şikayət, tənqid, lağlağı etməkdi. Dəstək vermək məsələsi gələndə hamı qaçır. Mən son iki ildə bir klub meneceri kimi komandamızın ətrafında baş verən bütün olaylara şahidlik eləmişəm deyə, bu qədər əmin danışıram... Amma futboldan söz düşəndə, hamı professora çevrilir, bilən də danışır, bilməyən də. Heyətimizdə təcrübəli futbolçular var, amma bu yetmir, əskiklərimiz də çoxdu. Bunun da sıxıntılarını yeni mövsümdə artıqlamasıyla çəkirik. “Göygöl”lə oyuna on nəfərlə çıxmağımıza gəlincə, bunun da ciddi səbəbləri var. Bəzi oyunçularımız başqa sahələrdə işləyirlər, həftəiçi olduğuna görə onlar işlədikləri yerlərdən icazə ala bilmədilər. Əsas heyətdən bir neçə futbolçumuz xəstədi, onları oyuna buraxa bilməzdik. Əvvəlki oyunlarda qırmızı, sarı vərəqə alıb cəzalananlarımız var idi. Nəticədə meydana tam şəkildə komanda buraxa bilmədik. Əlbəttə, bu, bizim problemimizdi və həqiqətən vəziyyətin bu həddə qədər pisləşməsi bir futbol adamı, həm də Füzulidən olan bir şəxs kimi məni çox sarsıdıb. “Füzuli”bu vəziyyətə düşəcək klub deyildi. Fürsətdən yararlanıb bütün füzulililərə çağırış edirəm: “Gəlin “Füzuli”ni xilas edək!”. Klubun turnirdə çıxışını dayandırmaq fikri yoxdu və belə informasiyaların tirajlanması doğru deyil. Bəli, maliyyə problemlərimiz var, amma ilk dövrənin sonuna kimi turnirdə iştirakı davam etdirmək üçün lazımi vəsaitimiz var. Yeni ildən isə kluba güclü bir sponsorun və ya tərəfdaşın tapılmasına nail olacağımıza inanırıq”.


RÖYANƏ OĞUZ
Seçilən
17
football-plus.az

1Mənbələr