AZ

"Rusiyaya dönərəmsə, prezident seçkilərində namizədliyimi irəli sürəcəyəm" - Yuliya Navalnaya

"Alekseyin həbsxanada həlak olmasına görə şəxsən Putin məsuliyyət daşıyır..."
 
Rusiya həbsxanasında həlak olan müxalif siyasətçinin dul xanımı Yuliya Navalnaya vətənə dönəcəyi təqdirdə Rusiya prezidentliyinə namizədliyini irəli sürəcəyini elan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "bbc.com" nəşrinə verdiyi böyük müsahibəsində bəyan edib.
 
"Mənim məqsədim ölkədə dəyişiklikləri yaxınlaşdırmaq və onları mümkünə çevirməkdir. Mən Rusiyaya dönərəmsə, prezident seçkilərində namizədliyimi irəli sürəcəyəm", - Navalnaya bəyan edib.
 
Bununla yanaşı, Rusiya müxalifətinin birinci xanımı əlavə edib ki, ölkə hakimiyyətində Vladimir Putin olanadək vətənə dönməyi özü üçün mümkün hesab etmir.
 
Aleksey Navalnının "Noviçok" sinir-iflic zəhəri ilə zəhərləndikdən və Almaniyada müalicədən sonra Rusiyaya qayıtması qərarını şərh edən Yuliya Navalnaya vurğulayıb ki, onların seçimi olmayıb.
 
"Heç nə insan həyatına dəyməz. Amma mən bilirəm ki, biz öz həyatımızı başqa cür yaşaya bilməzdik. Mən bilirəm ki, Alekseyin bütün etdikləri onun üçün və əlbəttə ki, elə mənim üçün də vacib olub", - o, əmin edib.
 
Navalnaya əlavə edib ki, ərinin öldürülə biləcəyi fikrini yaxına belə buraxmayıb. O, vurğulayıb ki, müxalifətçinin həbsxanada həlak olmasına görə şəxsən Putin məsuliyyət daşıyır.
 
"Bizim bununla bağlı çox sübutlarımız var və biz hər dəfə yeni sübutlar əldə edirik", - Navalnaya deyib və ərinin ölümünün hansı şəraitdə baş verdiyinin təfərrüatlarını açıqlamayıb, onun silahdaşlarının apardığı tədqiqatın nəticələrinin sonunu gözləməyin vacibliyini qeyd edib.
 
Navalnaya həmçinin beynəlxalq birliyin Navalnının ölümünə münasibətini tənqid edib, həbsxana əməkdaşlarına qarşı tətbiq edilən sanksiyaları gülməli adlandırıb və onların bu sanksiyalardan heç xəbəri olmadığını güman edib.
 
"Hesab edirəm ki, Qərb liderləri Putindən bu qədər çəkinməməlidir. Onlar hərəkət etməkdən ehtiyat edir, düşünür ki, cavabında o, nəsə daha pis şeyləri edə bilər. Belə yaramaz. Nəticədə Putin anlayır ki, o, istədiyini edə bilər", - Yuliya Navalnaya qeyd edib və əlavə edib ki, Rusiya hakimi "belə vəziyyətdən tam məmnundur".
Seçilən
15
1
moderator.az

2Mənbələr