AZ

İƏT-in Əmək Mərkəzi ilə BƏT-in Təlim Mərkəzi arasında əməkdaşlıq sənədi imzalanıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda yerləşən beynəlxalq statuslu Əmək Mərkəzi ilə Beynəlxalq Əmək Təşkilatının (BƏT) İtaliyanın Turin şəhərindəki Beynəlxalq Təlim Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə APA-ya İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sənədi BƏT Təlim Mərkəzinin direktoru Kristof Perrin və İƏT Əmək Mərkəzinin direktoru Azər Bayramov imzalayıblar. İƏT Əmək Mərkəzinin nümayəndə heyətinin BƏT-in dəvəti ilə oktyabrın 15-17-də İtaliyanın Turin şəhərinə səfəri çərçivəsində imzalanan Memorandumda gələcək əməkdaşlıq istiqamətləri əks olunub.

Sənədə əsasən tərəflər İƏT Əmək Mərkəzinin üzv ölkələrinin müvafiq dövlət qurumları, həmkarlar və sahibkarlar təşkilatları üçün layiqli əmək, sosial müdafiə, sosial dialoq, beynəlxalq əmək standartları, insan kapitalının inkişafı, ədalətli keçid və digər istiqamətlər üzrə birgə layihələr və təlim proqramları həyata keçirəcəklər.

Xatırladaq ki, ötən ay Cenevrə şəhərində BƏT-lə İƏT Əmək Mərkəzi arasında da əməkdaşlıq müqaviləsi imzalanıb və müqaviləyə əsasən bir neçə layihənin icrasına başlanılıb.

Mərkəzi qərargahı Bakı şəhərində yerləşən və fəaliyyəti İƏT-in 56 üzv dövlətini əhatə edən İƏT Əmək Mərkəzi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. 2023-cü ilin noyabr ayında İƏT üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransı çərçivəsində isə İƏT-in Baş katibinin iştirakı ilə Əmək Mərkəzinin fəaliyyətə başlaması ilə bağlı qərar qəbul edilib.

Mərkəzin əsas fəaliyyət istiqamətlərinə üzv dövlətlərdə əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində əməkdaşlığının genişləndirilməsi, əmək sahəsində fəaliyyətin əlaqələndirilməsi, əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasının təşviq edilməsi daxildir.

Seçilən
27
3
apa.az

4Mənbələr