AZ

GÜNDƏM:Prezident İlham Əliyevin ABŞ Prezidentinin xüsusi köməkçisi ilə görüşü və Baydenin məktubu: Yeni əməkdaşlıq istiqamətləri və İƏT-də Azərbaycanın nümayəndə heyəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edib.

Fins.az xəbər verir ki, Maykl Karpenter qəbula görə təşəkkürünü bildirdi və ABŞ Prezidenti Cozef Baydenin məktubunu dövlətimizin başçısına təqdim etdi. O, ABŞ-ın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayaraq, sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu dedi.

Sülh müqaviləsinin imzalanması ilə regional əməkdaşlıq üçün geniş imkanların yaranacağını vurğulayan qonaq bildirdi ki, ABŞ-ın bu prosesin irəli aparılmasında qəti dəstəyi var.

Sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının məhz Azərbaycan olduğunu deyən dövlətimizin başçısı vurğuladı ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir. Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini vurğuladı.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli gündəliyə aid olan məsələlər barədə də fikir mübadiləsi aparıldı.

* * *

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Fins.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

İki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkənizin və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam. Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır.

Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərək. Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm.

Bu məsələyə dəstək verməyə sadiq olduğumu bildirmək istəyirəm. Mənim administrasiyam sülhə yol açacaq cəsarətli təşəbbüslərin irəli sürülməsinə hazırdır. Xahişimlə xüsusi köməkçim, Avropa üzrə baş direktor Maykl Karpenter atmağa hazır olduğumuz müəyyən addımlarla bağlı Sizi məlumatlandıracaq və Ermənistanla müzakirələrə dair Sizin mövqeyinizi öyrənəcək.

Ümid edirəm ki, birgə firavanlıq və ümumi xeyir naminə regiona dair yeni kursun seçilməsi üçün bu fürsətdən yararlanacaqsınız".

* * *

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqındakı yeni nümayəndə heyətinin tərkibi və rəhbəri müəyyənləşib.

Fins.az-ın məlumatına görə, nümayəndə heyətinə Milli Məclis sədrinin müavini Rəfael Hüseynov rəhbərlik edəcək.

Nümayəndə heyətinin tərkibinə isə deputatlar Ceyhun Məmmədov, Nigar Məmmədova, Cavanşir Paşazadə və Tənzilə Rüstəmxanlı daxil olub.

* * *

Azərbaycan və Rusiya parlamentlərarası əməkdaşlıq komissiyalarının yeni həmsədri məlum olub.

Fins.az-ın məlumatına görə, Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının Azərbaycan tərəfdən həmsədri Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov olub.

Ə.Əhmədov bu vəzifədə deputat Əli Hüseynlini əvəz edib.

Bundan əlavə, Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının parlamentlərarası əməkdaşlıq komissiyasının sədri müəyyən edilib. Bu vəzifə Milli Məclis sədrinin müavini Ziyafət Əsgərova həvalə edilib.

* * *

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) Xidmətlər Zərfinin yenilənməsi məqsədilə ictimai müzakirələrə başlayıb.

Fins.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, icbari tibbi sığortanın təminat verdiyi invaziv kardioloji və kardiocərrahi xidmətlərin optimallaşdırılması məqsədi ilə təşkil edilən 2 ictimai müzakirədə Azərbaycan Kardiologiya Cəmiyyətinin, Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədr, müavin və üzvləri, Səhiyyə Nazirliyinin və TƏBİB-in səlahiyyətli invaziv kardioloqları və ürək-damar cərrahları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, ictimai müzakirələrin əhəmiyyəti, yalnız mütəxəssislərin fikirlərini dinləməklə bitmir:

“Bu, eyni zamanda, cəmiyyətin tələblərini, gözləntilərini və fikirlərini öyrənmək, tibbi xidmətləri daha əlçatan və effektiv etmək üçün bir platformadır. Təminata alınan tibbi xidmətlərin çeşidinin artırılması və tənzimlənməsi vətəndaşlarımızın rifahına müsbət təsir göstərəcək”.

Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva bildirib ki, ürək-damar xəstəlikləri dünyada ən çox yayılan xəstəliklər statistikasında ilk üçlüyə daxildir. Göstəriciləri nəzərə alaraq, invaziv kardiologiya və kardiocərrahi əməliyyatlar ürək-damar xəstəliklərinin effektiv müalicəsi üçün vacibdir.

Onun sözlərinə görə, xidmətlərin artırılması, səhiyyədə müasir və təsirli müalicə metodlarından istifadəyə də imkan yaradacaq:

“Bu xidmətlərin artırılması əhalinin ümumi sağlamlıq vəziyyətinin yaxşılaşmasına xidmət edir. Artan xidmətlərin çeşidi hər kəsin tibbi yardıma əlçatanlığını təmin edir. İnvaziv müdaxilələr erkən mərhələdə problemlərin daha dəqiq aşkarlanması və müalicəsi üçün zəmin yaradır. Məqsədimiz yenilənəcək Xidmətlər Zərfində invaziv kardiologiya və kardiocərrahi xidmətlərlə bağlı mütəxəssislərin rəy və təkliflərini nəzərə almaqla tibbi xidmətlərin vətəndaşlar üçün əlçatan olmasını təmin etməkdir. Hər bir yeni xidmət, müasir tibbi standartlara cavab verməklə yanaşı, vətəndaşların həyat keyfiyyətini artırmağı da hədəfləyir”.

Tibbi xidmətlərin tənzimlənməsi və texniki qaydaları şöbəsinin müdiri Səlim Hüseynzadə təklif olunan dəyişikliklərlə bağlı təqdimatla çıxış edib.

Qeyd olunub ki, hazırda icbari tibbi sığorta ilə tibbi xidmətlər (XBT-9) Xəstəliklərin Beynəlxalq Təsnifatının 9-cu baxışı (Proseduraların Təsnifatı) üzərindən tənzimlənərək göstərilir. Proqram təminatında bu kodlar tətbiq edildiyi üçün dəyişikliklər mövcud XBT-9 kodları üzərindən olunub. O, bəzi invaziv radioloji xidmətlərin göstərilməsi zamanı istifadə olunan xüsusi tibbi sərfiyyatın xidmətə nəzərən nizamlanmasını qeyd edib. Bura beyin və ürək arteriyalarına implantasiya edilən stentlər, dərman ifraz edən və ya etməyən koronar və periferik stentlər, trombolitik maddələr (tromb əridən preparatlar) daxildir.

Təklif edilən dəyişikliklərdə ürək çatışmazlığı, qəfil ürək dayanması, beyin infarktı, böyrək çatışmazlığı, portal hipertenziya ilə bağlı Xidmətlər Zərfində mövcud olan bir sıra tibbi xidmətlərin çeşidinin artırılması da nəzərdə tutulur. Bura beyin və boyun anevrizmalarının endovaskulyar embolizasiyası, qan damarının sintetik qreftlə bərpası, ürək damarlarında aparılan digər əməliyyatlar, intraabdominal venoz şuntlama, hemodializ üçün arteriovenoz şuntlamanın reviziyası və başqa xidmətlər aiddir.

Bundan başqa, hazırlanan yeni Xidmətlər Zərfində tibbi xidmətlərin adı daha izahlı və ətraflı yazılıb.

Məsələn, ürək cihazlarının implantasiyası ilə bağlı xidmətlərdə elektrokardiostimulyatorun növləri, əməliyyata daxil olan prosedurların təfərrüatlı ifadəsi, trombolizis terapiyası zamanı istifadə olunan fibrinolitik maddələrin adları qeyd olunub.

Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin rəhbəri Orxan Qənbərov xidmətlər üzrə tariflərin hesablanması üçün qiymətə təsir edən xüsusi tibbi sərfiyyat və tibbi ləvazimatların siyahısını tərtib etməyi təklif edib. Həmçinin gələcək illərdə baza tariflərlə yanaşı yaş, cins və digər amilləri nəzərə alan risk əsaslı əmsalların tətbiqinin mümkünlüyünü qeyd edib.

Həkimlər bu barədə təkliflərini yazılı formada təqdim edəcəklərini bildiriblər.

Müzakirələrdə Nərgiz Ağayeva yeni xidmətlərin əhatə dairəsini, onların təfərrüatlarını və istifadəsi qaydalarını ətraflı şəkildə izah edib. Hər bir xidmətin təminata alınmasının məqsədi, üstünlükləri və tətbiq sahələri barədə dolğun məlumat verib və həkimlərin suallarını cavablandırıb.

Qeyd edilib ki, analoji müzakirələrin həmçinin neyrocərrahiyyə, travmatologiya, oftalmologiya və digər xidmətlərə dair aparılması da nəzərdə tutulub.

Seçilən
0
1
fins.az

10Mənbələr