AZ

Alimlər planetimizə düşən meteoritlərin mənşəyini tapıblar

Alimlər

Bakı, 19 oktyabr, AZƏRTAC

Kosmosdan Yerə düşən qayalar – meteoritlər planetimizin yarandığı təxminən 4,5 milyard il əvvəldən bugünədək bəzi kataklizmlərə səbəb olub. Bəs bu kosmik qayalar tam olaraq haradan gəlir? Alimlərin yeni tədqiqatları bu suala cavab verir.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, uzun illər ərzində Yerə düşən meteoritlərin və Günəş sistemimizi əhatə edən asteroidlərin tərkibini öyrənən astronomların fikrincə, məlum meteorit zərbələrinin təxminən 70 faizi Günəş sistemimizin Mars və Yupiter arasındakı əsas asteroid qurşağında yerləşən üç qrup asteroiddən qaynaqlanır. Ümumilikdə, üç fərqli tədqiqatdan sonra alimlər indi də Yerə doğru istiqamət alan on minlərlə məlum meteoritin əksəriyyətinin mənşəyini izah edə biliblər.

Tədqiqatın bir hissəsi olaraq, astronomlar əsas asteroid qurşağında Günəşin ətrafında fırlanan asteroid ailələrinin formalaşması və təkamülünü modelləşdirməyə imkan verən ədədi simulyasiyalar həyata keçiriblər.

Praqadakı Çarlz Universitetinin astronomu Miroslav Brozun aparıcı müəllifi olduğu və “Nature and Astronomy” jurnalında dərc edilmiş iki tədqiqatda qeyd olunur ki, bu, oxşar orbitlərə malik olan bir qrup asteroiddir, çünki onlar iki asteroidin toqquşması zamanı yaranıblar. Əsas asteroid qurşağındakı toqquşmalar kosmosda təsadüfən uçan qaya parçalarını ətrafa göndərir, nəticədə bəziləri Yerə çarpılır.

Çilidəki Avropa Cənub Rəsədxanasının astronomu Mixael Marssetin “Nature” jurnalında dərc olunan məqaləsində qeyd edilir ki, astronomlara 70 mindən çox meteorit məlum olsa da, onların tərkibinə görə yalnız 6 faizi Aydan, Marsdan və ya əsas asteroid qurşağındakı ən böyük asteroidlərdən biri olan Vestadan gəlib. Digər meteoritlərin mənbəyi naməlum olaraq qalır.

Tədqiqatın nəticələrinə görə, təxminən 40 milyon il əvvəl yaranmış Massalia asteroid ailəsi məlum Yer meteoritlərinin 37 faizini təşkil edən “L xondrit” adlı meteoritlər sinfini təşkil edir, 5,8 milyon il əvvəl yaranmış Karin ailəsi və 7,6 milyon il əvvəl yaranmış Koronis ailəsi isə 33 faiz olan “H xondrit” meteoritlər sinfinə aiddir.

Yerə düşən meteoritlərinin daha 8 faizi əsas asteroid qurşağındakı Flora və Nisa asteroid ailələrinə aid edilə bilər. Əvvəlki araşdırmalar göstərdi ki, meteoritlərin 1 faizdən az hissəsi Marsdan və Aydan gəlib. Tədqiqatçılar hələ də məlum Yer meteoritlərinin təxminən 15 faizinin mənşəyini araşdırırlar.

Seçilən
13
6
azertag.az

7Mənbələr