AZ

COP29 Azərbaycan üzrə baş icraçı direktor: Belə mühüm prosesi uğurla yekunlaşdırmaq milli qürur məsələsidir 

Energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanovun APA-ya müsahibəsi...

Bu proseslərdə Azərbaycan qərarverici orqan deyil, danışıqlara şəffaf, yaradıcı, inklüziv şərait yaradan bir tərəf, ev sahibidir

- Azərbaycanın COP29-a hazırlığı hansı səviyyədədir?

- COP-da dördölçülü hazırlıq prosesi olmalıdır. Bunun birincisi danışıqlar mövzusu, ikincisi COP Sədrliyinin fəaliyyət gündəliyi, üçüncüsü, qeyd edilənlərin hər ikisinin doğru şəkildə işıqlandırılması - kommunikasiya, dördüncü isə logistikadır. Danışıqlar mövzusu ən əhəmiyyətli aspektdir və bunun maddələri Azərbaycana BMT-nin İqlim Dəyişmələri Katibliyi tərəfindən verilir. COP-larla bağlı üç iqlim müqaviləsi var: Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Çərçivə Konvensiyasından törəmə iki müqavilə - Kioto Protokolu və Paris Sazişi. Hazırda dünyada qlobal istiləşmə problemi yaşanır. Problemin səbəbi insanların fəaliyyəti nəticəsində atmosferə atılan istixana qazlarıdır. İstixana qazlarını azaldaq və sıfırlayaraq (mitiqasiya) bu temperatur artımını nəzarətə götürməli, eyni zamanda, temperatur artımına uyğunlaşma (adaptasiya) üçün addımlar atmalıyıq. Beləliklə, COP-ların əsas mövzusu mitiqasiya və adaptasiyadır. 1850-ci illərdən başlayaraq iqtisadi inkişaf sırasında və hazırda atmosferə daha çox istixana qazlarının atılmasının səbəbkarı olmuş inkişaf etmiş ölkələr daha çox mitiqasiyanı vurğulayır. İnkişaf etməkdə olan ölkələr isə adaptasiyaya daha çox əhəmiyyət verir – burada məntiq səbəb olmadığımız problemə görə fəsadlara məruz qalırıq, bunun üçün səbəbkarlar bizə vəsait ayırsınlar fikrinə əsaslanır. Ancaq hər iki şaxə əhəmiyyətlidir: Yekunda atmosferə atılan istixana qazları azaldılmalıdır, yoxsa dünya nəzarətdən çıxa bilər. Eyni zamanda, artıq fəsadların nəzarətdən çıxmaqda olduğu ölkələrə, bunların içərisində istixana məsuliyyəti minimal olanlar başda olmaqla, adaptasiya üçün yardım edilməlidir.

Yuxarıda qeyd etdiyim 3 iqlim müqaviləsi tərəflərin üzərinə mitiqasiya və adaptasiya cəhətdən icra öhdəlikləri qoyur. COP konfranslarının mahiyyəti müqavilələri icra edərkən ortaya çıxan problemlərin həllinə nail olmaqdır. Ona görə də danışıqlar prosesi bu işin bel sütunudur və alınan qərarlar konsensus əsaslıdır. İqlim dəyişmələri ilə bağlı müqavilədə 198 tərəf var və qərarların qəbulu üçün tərəflərin hamısı razılıq verməlidir. Adıçəkilən müqavilələrin və onların icrasının hamiliyi BMT-nin İqlim Dəyişmələri Katibliyidir. Katiblik əvvəlki COP-larda verilən və verilməyən qərarları da diqqətə alaraq, həll edilməli problemləri mandata çevirərək ev sahibi ölkəyə verir. Ev sahibi ölkə isə Katibliklə birgə bu problemlərin həlli istiqamətində qərarların qəbulu üçün şərait yaradır. Buna görə də danışıqlar ən ümdə məsələdir.

Bu proseslərdə Azərbaycan qərarverici orqan deyil, danışıqlara şəffaf, yaradıcı, inklüziv şərait yaradan bir tərəf, ev sahibidir. Qərarverici orqan müqavilələrə imza atan tərəflərdir. Məhz ona görə də bu proses Tərəflər Konfransı və ya Conference of Parties adlanır (COP). Azərbaycan bu danışıqlara ev sahibliyi və müəyyən ölçüdə liderlik etməlidir ki, proses mümkün qədər effektiv şəkildə həyata keçirilsin. Sualınızın məğzinə qayıtsaq, ölkəmiz danışıqlar prosesinin idarəçiliyini, koordinasiyasını, prosedural mənada liderliyini kifayət qədər uğurlu həyata keçirir. Bunun çox sayda nümunələri var. Məsələn, İkiillik Şəffaflıq Hesabatları (BTR) mövzusunda proseslərin irəliləməsi üçün bir sıra orijinal fikirlə ortaya çıxdıq. Bir neçə ölkə ilə birgə müxtəlif regionlarda sənədlərin hazırlanması üçün tədbirlərin həyata keçirilməsini təmin etdik. Daha sonra itkilər və zərər mövzusunda ölkələr arasında fikir ayrılığı yarananda bunu kreativ şəkildə həll etdik. Tərəfləri dəfələrlə bir yerə topladıq, Azərbaycanda danışıqların irəliləməsi üçün münbit mühit yaratdıq və s.

İkinci məsələ fəaliyyət gündəliyidir. Burada da 14+2+2 təşəbbüslə ortaya çıxmışıq. 14 təşəbbüs COP29 Sədrliyi tərəfindən, 2 təşəbbüs bizim Yüksək Səviyyəli Çempion tərəfindən, 2 təşəbbüs isə Gənc İqlim Çempionu tərəfindən irəli sürülüb. Danışıqlardan fərqli olaraq, fəaliyyət gündəliyindəki məsələlər tamamilə Azərbaycanın təşəbbüsüdür və burada konsensusa ehtiyac yoxdur. “Fəaliyyət” “Danışıqlara” dəstək verir, eyni zamanda, da sonuncuları sığortalayır. Söz seçimi də şüurludur – danışıqların nəticəsi bəlli olmaz, amma fəaliyyətin nəticə yaratmaması üçün bir səbəb yoxdur. Dünya ictimaiyyətinin, iqlim aktivistlərinin ortaya qoyduğu haqlı baxışı bundan ibarətdir ki, danışıqlar öz yerində, amma biz hər il yarım addım da olsa, irəliləməliyik. Fəaliyyət gündəliyi də bu fəlsəfə və görüş ətrafında ortaya çıxan bir təşəbbüslərdir.

- Bəs Azərbaycanın təşəbbüsləri necə qarşılanıb?

- Azərbaycan fəaliyyət gündəliyində kifayət qədər rezonans yaradacaq təşəbbüslərlə ortaya çıxmış oldu. Təşəbbüslərimizin böyük əksəriyyəti üçün qalıcı bir bəyanat, sənəd hazırlamışıq və onlar artıq imzaya açıq elan edilib. Burada əsas məsələlərdən biri, təşəbbüslərin bu ilin noyabr ayı ilə məhdudlaşmaması, sonrakı dövrdə də institutlaşaraq davam etməsi və COP29-un, Azərbaycanın iqlim problemlərinin həllinə töhfəsinin irsə çevrilməsidir. Məqsəd budur.

- Üçüncü məsələ, yəni kommunikasiya ilə bağlı nələr demək olar?

- Kommunikasiyada məqsəd iqlim danışıqlarında nəticə əldə etmək üçün kalibrasiya edilən media münasibətləridir. Həm daxili, həm xarici ictimaiyyətin məlumatlandırılması öz-özlüyündə dəyərlidir. Amma bütün hallarda yekun hədəf danışıqlarda nəticə əldə etməkdir. Bizim baxışımız bundan ibarətdir ki, ambisiyalı-iddialı iqlim fəaliyyəti sənədləri ortaya qoyulmalıdır ki, bununla həmahəng olaraq ambisiyalı-iddialı iqlim maliyyəsi ortaya qoyulsun. Hər iki proses əhəmiyyət və prioritet baxımından paraleldir. Bütün bunlar isə həmrəyliklə həyata keçirilməlidir. Həmrəylik proseslərə ciddi konseptual təməl yaradır. Həmrəylik kollektiv fəaliyyət deməkdir. Bu olmadan iqlim həlli mümkün deyil, çünki dünyanın tək atmosfer var. Böyük iqtisadiyyatı olan bir ölkə belə iqlim həllərində yer almasa, digər ölkələrin yer alması mənasızlaşır. Digərləri istixana qazlarını sıfıra belə endirsə, tək bir böyük ölkənin atmosferə atacağı qazlar kifayət qədər böyük problemlər yarada bilər. Ona görə kollektivlik şərtdir. Həmrəylik eyni zamanda, məsuliyyətlərin ədalətli bölüşdürülməsi, imkanları zəif ölkələrə iqlim fəaliyyətində dəstək deməkdir. Yardım edilməsə, Afrika ölkələri, az inkişaf etmiş ölkələr, kiçik ada dövlətləri arxada qala bilər, qrupun, klubun, kollektivin üzvü olmaqdan çıxar. Şüarımızın məğzi budur: Yaşıl dünya naminə həmrəy olaq! Kommunikasiya strategiyamız bütün bu məsələləri özündə birləşdirərək, doğru siqnallar verməklə bu nəticəni təmin etməyə yönəlib.

Bu sahədə Azərbaycan mükəmməl performans göstərməkdədir

- Logistikanın əhəmiyyətinə də toxunardınız.

- Bu, fiziki infrastrukturun yaradılması, viza, nəqliyyat, qida məsələləridir və özlüyündə nəhəng bir sahədir. Kiçik bir misal verim. COP konfransının keçiriləcəyi stadion müəyyən bir karbon izi yaradacaq. Bunu minimuma endirməli və mümkünsə sıfırlamalıyıq. Misal üçün diqqət edilməlidir ki, lokal qidalardan istifadə edilsin, çünki onların daşınmasına sərf edilən yanacaq minimuma endirilməlidir. Oranı təmin edəcək elektrik enerjisi yaşıl mənbələrdən alınmalıdır və s. Amma sadaladığımız 4 bənd içində Azərbaycanın ən böyük təcrübəsi logistika sahəsindədir. Logistika sahəsindəki addımlarımız doğrudan da təqdirəlayiqdir. Bəzən deyilir ki, COP-a hazırlıq üçün başqa ölkələrin 2 il vaxtı olur, amma bizim cəmi 1 il vaxtımız var. Burada ən böyük problem logistikadır, digər məsələlərdə monumentum yaratmaq üçün 1 il kifayətdir. Logistika üçün isə 1 ildən də az müddət ərzində nəhəng infrastruktur yaratmaq və nəqliyyat, qida, mehmanxana, viza kimi məsələləri həll etmək ən çətini idi. Bu sahədə Azərbaycan mükəmməl performans göstərməkdədir.

Minlərlə turistin ölkəmizə gəlməsi, bunun əsasında gələcəkdə turist sayına müsbət təsir edəcək və ölkəmizə yatırım imkanlarının yerində öyrənilməsi, iqtisadi cəhətdən uzunmüddətli müsbət dinamika yaradacaq

- BMT bu tədbirin keçirilməsi üçün Azərbaycana hansı formada dəstək göstərir?

- BMT-nin büdcəsi dövlətlərin ödədiyi vəsaitlər hesabına formalaşır və bütün ictimai təşkilatlar kimi maddi məsələdə problemləri var. Xüsusi ilə də danışıqlar prosesi BMT ilə birgə aparılır. O mənada biz BMT ilə çiyin-çiyinəyik. Hətta bir çox qərarlar ortaq verilir və münasibətlər müqavilələr əsasında tənzimlənir. Tədbirlər ərazisində yaradılacaq mavi zona BMT-yə aid olacaq. “Blue zone”un parametri içində hətta təhlükəsizlik məsələləri də BMT-nin xüsusi ixtisaslaşmış qurumunun üzərindədir. Hətta burada gedəcək prosesləri işıqlandıracaq media qurumlarının siyahısını belə BMT tərtib edir, onlara akkreditasiya verir və ya vermir. Kiminsə bu mövzuda iradları varsa, müraciət Azərbaycan tərəfinə yönləndirilməməlidir. Eyni məntiq iqlim aktivistlərinə də şamil olunur. Əlbəttə ki, bu haqları onlara Azərbaycan öz suveren qərarvermə hüququ çərçivəsində verib, amma ümumi olaraq COP tədbirlərinin ənənəsi bu şəkildə formalaşıb. BMT ilə əməkdaşlıqdan məmnunuq. Amma lokomotiv əlbəttə ki, Azərbaycandır.

COP sadəcə noyabr ayında baş verəcək bir tədbir deyil. COP qlobal iqlim müzakirələri prosesidir, sadəcə bunun ən intensiv, final mərhələsi noyabrda baş tutacaq. COP-29-a qədər də bir çox qərarlar verilmiş olmalıdır ki, yaradılacaq momentum, ortaya atılacaq uzlaşmalar son mərhələnin uğurunu şərtləndirsin. Məsələlər o qədər mürəkkəbdir ki, 2 həftə ərzində qərarların verilməsi mümkün deyil. Yaradacağı nəticələr trilyonlarla dollar olaraq ölçülən, geoiqtisadi, geosiyasi xəritələrin yenidən çəkilməsinə təsir edəcək qərarların alınmasında 198 ölkənin milli maraqlarının uzlaşdırılması asan deyil.

Bu proseslərdə dünyaya verdiyimiz qarşılıqsız töhfələr böyükdür, ancaq Azərbaycan sadəcə xeyriyyəçiliklə məşğul deyil. Yaradılan infrastrukturun bir hissəsi istifadəçilərə ödəniş qarşılığında verilir. Minlərlə turistin ölkəmizə gəlməsi, bunun əsasında gələcəkdə turist sayına müsbət təsir edəcək və ölkəmizə yatırım imkanlarının yerində öyrənilməsi, iqtisadi cəhətdən uzunmüddətli müsbət dinamika yaradacaq. İkincisi, on minlərlə dövlət qulluqçumuz, şirkətimiz, vətəndaş cəmiyyətimiz, gənclərimiz, xanımlarımız bu prosesə cəlb olunub. Dünyanın ən taleyüklü mövzusuna liderlik edən bu insanların qazanacağı təcrübəyə dəyər biçilə bilməz. Üçüncüsü, Azərbaycan bu proseslərdə kifayət qədər böyük siyasi divident toplayacaq ki, bunu da gələcəkdə bu və ya digər mövzularda ölkəmiz üçün dəyərə çevirəcəyik. Və əlbəttə ki, belə mühüm prosesi uğurla yekunlaşdırmaq bütünlükdə cəmiyyətimiz və dövlətimiz üçün milli qürur məsələsi olacaqdır.

Bütün hallarda, Azərbaycan gələcək qonaqları qarşılamağa hazırdır

- COP-29-da Azərbaycana hansı sayda qonaq gəlməsi gözlənilir və onları qarşılamaq üçün infrastruktur varmı?

- COP-ların tarixən, 1995-ci ildən etibarən, ortalama 10 min iştirakçısı olub. 2009 Kopenhagen və 2015 Parisdə bu rəqəm 30 min ətrafına çatıb. Son 3-4 ildir ki, bu sayı yenidən 30 minə yüksəlib. Dubayda keçirilən son COP-da isə qonaq sayı 60-100 min ətrafında olub. Bu tarixi olaraq bir yenilik idi. Biz 40-50 min ətrafında qonaq gözləyirik. Amma burada nəzərə alınmalı başqa məqamlar da var. Yalnız qeydiyyatdan keçənlərmi sayılacaq, ya gələnlərin ailə üzvləri, müxtəlif əlaqədar tədbirlərlə bağlı gələn ziyarətçilər də nəzərə alınacaq? Buna görə say dəyişə bilər. Qeyd etdiyimiz kimi, COP-lar iqlim danışıqları prosesidir ki, bəzən sayın həddindən artıq olmasının əsas məqsəddən yayınılması ilə nəticələnəcəyi ifadə edilir. Bütün hallarda, Azərbaycan gələcək qonaqları qarşılamağa hazırdır.

Dünyanın yəqin ki, 100-ə yaxın hökumət başçısı Azərbaycana gələcək və bununla əlaqədar təhlükəsizlik tədbirlərini təsəvvür etmək belə çətindir

- COP29 dönəmində Bakı, Sumqayıt və Abşeronda təhsil müəssisələrində tədrisin təşkili, yollarda xüsusi zolaqların çəkilməsi nə dərəcədə effektli olacaq? Bəzən COP29 keçirilərkən Bakıda sakinlərin çölə çıxmasının müəyyən müddət məhdudlaşdırıla biləcəyi barədə də fikirlərə rast gəlirik. Bunun əsası varmı?

- Bu qədər çox sayda insanın belə qısa müddətdə gəlişinə heç bir ölkə, heç bir şəhər tam hazır ola bilməz. Burada vətəndaş rahatlığı nöqteyi-nəzərindən yaxşı və pis arasında seçim edilmir. Çətin seçimlər arasından daha optimal olanının üstündə durulur. Əlbəttə ki, məqsəd narahatlıqları minimuma endirməkdir. Müəyyən məhdudiyyətlər olacaq. Dünyanın yəqin ki, 100-ə yaxın hökumət başçısı Azərbaycana gələcək və bununla əlaqədar təhlükəsizlik tədbirlərini təsəvvür etmək belə çətindir. Ona görə məhdudiyyət bəlkə də nəticə etibarı ilə məhdudiyyətin olmadığı haldan nisbi olaraq daha optimal vəziyyət yaradacaq. Mən öz adımdan vətəndaşlarımızdan bu narahatlıq üçün üzr istəyirəm və onları əmin etmək istəyirəm ki, bu tədbirin uğuru Azərbaycana siyasi, iqtisadi və sosial cəhətdən müsbət nəticələr olaraq geri dönəcək.

- COP29-u qəbul edəcək Azərbaycanın yaşıl enerjiyə keçid sahəsində hədəfinə yenidən baxması, bu prosesin daha tez yekunlaşdırılması nəzərdə tutulur?

- Təşəbbüslərimizin böyük əksəriyyəti COP-dan əvvəl artıq mövcud idi. Bu, Azərbaycanın öz insanının marağını önə çıxararaq dövrün tələbinə cavab verməsinin göstəricisidir. COP-un Azərbaycanda keçirilməsi bu yaşıl keçidimizi sürətləndirir və proseslərin daha effektiv şəkildə həyata keçirilməsi üçün zəmin yaradır. Azərbaycan bu sahədə gördüyü işlər barədə bütün dünyaya məlumat verməklə həm də digər dövlətləri oxşar fəaliyyətə dəvət edir. Bəzi mövzular var ki, biz orada pionerik. Məsələn, Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etmişik. Dünyada yaşıl şəhərlər, kəndlər var. Amma bu böyüklükdə yaşıl zona demək olar mövcud deyil. Digər bir misal Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Qara Dəniz-Avropa yaşıl enerji koridoru ola bilər. Bu, dünyada bir əlin barmaqlarını keçməyəcək sayda olan layihələrin arasındadır və biz başqalarına doğrudan da örnək oluruq.

Bununla bütün dünyaya deyilir ki, yol göstərdiyimiz mövzuda özümüz nümunəvi ölkə kimi davranırıq. Eyni zamanda, bir çox mövzuda orijinal fikirlərlə ortaya çıxır və digərlərinə cığır açırıq. Həm də göstəririk ki, biz bunları COP-a görə etmirik, beləliklə də, təşəbbüslərimizin legitimliyi artmış olur.

Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurun timsalında faktiki yeni bir ölkəni yenidən qurmaqdadır

- Bəs “Azərbaycan yaşıl inqilabın astanasındadır” deyə bilərikmi?

- Azərbaycan ənənəvi enerji inqilabının aparıcılarından olub. Maraqlı bir şəkildə o aparıcılığımız, liderliyimiz, yaratdığımız əlaqələr indi yaşıl enerji inqilabına keçid üçün potensial dəyərə çevrilir. Bakı-Tbilisi-Ceyhan Neft Boru Kəməri, Cənub Qaz Dəhlizi üçün qurduğumuz münasibətləri bu dəfə Xəzər-Avropa Yaşıl Enerji Koridorunun reallaşmasına transfer etmək elə də çətin olmur. Bütün hallarda Azərbaycan yaşıl enerji inqilabında da ön səflərdə yer almaq əzmindədir.

Yaşıl enerjiyə keçidlə bağlı proseslər böyük xərclər tələb edir. Prezident İlham Əliyevin Berlindəki İqlim Konfransında dediyi kimi, iqlim həlləri iqtisadi inkişafın əleyhinə çevrilməməlidir. Biz iqlim həllərini elə seçməliyik ki, iqtisadi inkişafa mane olmasın, tam tərsinə, ona təkan versin. Bu mənada, COP-29-un əsas mövzusuna qayıtmış olduq. Yəni necə edək ki, bahalı iqlim həlləri maliyyə mənbələri tapsın? Çünki bir çox ölkə maliyyə probleminə görə iqlim həlləri istiqamətində addım ata bilmir. Azərbaycanda da iqlim həlləri və yaşıl enerji keçidi istiqamətində atılan addımların sürətini müəyyənləşdirən həmin o xərc məsələsidir. Bizim yaşıl keçid siyasətimizin təməlində, iqtisadiyyatımıza təkan verəcək seçimlərin tərcih edilməsi yatır. Dövlətin vəsaitləri hər zaman məhduddur. Yeni layihələr, bu mənada, bir çox hallarda başqa layihələrdən olan vəsaitin təkrar yönləndirilməsi ilə maliyyələşir ki, bu da hər zaman məqbul hesab edilmir. Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurun timsalında faktiki yeni bir ölkəni yenidən qurmaqdadır. Ölkəmizin təhlükəsizlik məsələsi daim gündəmdədir. Beləliklə, Azərbaycan, digər inkişaf etməkdə olan və xüsusi ilə də, qlobal istiləşməyə təsiri cüzi olan ölkələr öz vəsaiti hesabına yaşıl keçidin müəyyən hissəsini gerçəkləşdirməyə hazırdır, ancaq bunun inqilaba çevrilməsi üçün iqlim maliyyə dəstəyinə ehtiyac olacaq.

“COP atəşkəsi” dediyimiz proses çərçivəsində qonşu dövlət tərəfindən tarixi işğal, onun nəticələri və bu gün də davam edən mina terrorundan yola çıxaraq iqlim fəaliyyətinə diqqət çəkirik

- Yeri gəlmişkən, növbəti sualım elə bunla bağlıdır. Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda çox böyük bərpa və quruculuq işi həyata keçirir və Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. COP29 çərçivəsində Azərbaycan Qarabağ və Şərqi Zəngəzurun bərpasına əlavə vəsait cəlb edə biləcək?

- Yaşıl enerji zonası bizim 14 təşəbbüsümüzün içində yer alır. Biz bunu qlobal təşəbbüsə çeviririk və başqalarını bənzər addımlar atmağa dəvət edirik. Qlobal təşəbbüsə çevrilmə özünəməxsus maliyyə mühitinin yaranması ilə nəticələnə və bizim Qarabağda həyata keçirdiyimiz fəaliyyətə təkan verə bilər. Eyni zamanda, qeyd edilməlidir ki, Qarabağ və Şərqi Zəngəzurda işlərin sürətinə təsir edən əsas məqamlardan biri də mina problemidir. Əgər iqlim həllərinin həyata keçirilməsində minalar əngəldirsə, minalar artıq həm də iqlim problemidir. Bizim yaşıl enerji zonaları çərçivəsində dünya ictimaiyyəti ilə paylaşdığımız mesajlardan bir də budur. “COP atəşkəsi” dediyimiz proses çərçivəsində qonşu dövlət tərəfindən tarixi işğal, onun nəticələri və bu gün də davam edən mina terrorundan yola çıxaraq iqlim fəaliyyətinə diqqət çəkirik.

Eyni zamanda, Azərbaycana bu qədər şirkət rəhbərinin, dövlət rəsmilərinin gəlməsi ilə istər-istəməz burada bizim şirkətlərlə, müvafiq dövlət qurumları ilə görüşlər intensivləşəcək. Ona görə COP nəticəsində Azərbaycana ümumi yatırımların artması və bu yatırımların müəyyən hissəsinin Azərbaycan dövlətinin təqdiri ilə azad olunmuş ərazilərə yönləndirilməsi istisna edilmir.

- Çıxışlarınızın birində bildirdiniz ki, Azərbaycanda karbon bazarları sahəsində qanunvericilik bazası artıq demək olar hazırdır. Həmin layihələr nə zaman təqdim oluna bilər? Ümumiyyətlə, Azərbaycanda karbon bazarlarının yaradılması sahəsində işlər hansı mərhələdədir?

- Karbon bazarı ən mütərəqqi fikirlərdən biridir. Ölkədaxili və xüsusilə ölkələrarası karbon bazarı olmadan iqlim probleminin və qlobal istiləşmənin həll edilməsi mümkün görünmür. Paris Sazişinin 6-cı maddəsi də bunun əsasındadır. Amma bu maddə daha çox beynəlxalq karbon bazarlarını əhatə edir. Karbon bazarlarının iki əsas növü var: icbari və könüllü bazarlar. İcbari bazar bir ölkənin əsasən Paris Sazişi çərçivəsində götürdüyü öhdəliklərlə bağlıdır. Bir ölkə bu öhdəliyini öz ərazisində olan qurum və şirkətlərə kvota olaraq ayırır və karbon emissiyalarının qiymət qazanaraq ticari bir əmtəəyə çevrilməsinə imkan yaradır. Beləliklə, bazar mexanizmləri dövriyyəyə girir, ən effektiv davranış sərgiləyənlər və daha uğurlu azalmaları həyata keçirən şirkətlər bundan gəlir də əldə edə bilir. Dünyada əsas icbari karbon bazarının 90%-i Avropa İttifaqındadır. Yerdə qalan 10%-i isə Böyük Britaniya, Hindistan, Çin və ABŞ-ın müəyyən ştatları arasında bölüşdürülür. COP-29-un iqlim maliyyəsindən sonra ikinci əsas mövzusu məhz bu məsələləri əhatə edən 6-cı maddədir.

Könüllü karbon bazarının yaranması çox daha asandır. Amma bunların yaranmasından çox keyfiyyəti, etibarlılığı daha əhəmiyyətlidir. Dünyadakı icbari karbon bazarlarının həcmi 1 trilyon dollar, könüllü karbon bazarlarının həcmi isə 2 milyard ətrafında hesablanır.

Biz kifayət qədər böyük daş kömür yataqlarımız olmasına baxmayaraq, onlardan istifadə etmirik

- Ümumiyyətlə, neft ölkələrinin COP-a sədrlik etməsinin hansı müsbət tərəfləri var?

- Neft ölkəsi ifadəsi son vaxtlar mənfi kontekstdə istifadə olunur və o mənada bu ifadəni qəbul etmirəm. Çünki dünyanın iqtisadi sistemi neft, qaz, daş kömür üzərində qurulub. Karbohidrogenlərin satılıb-alınması sərbəstdir, icbari şəkildə baş vermir. Bu çərçivədə bütün ölkələr neft ölkəsidirlər, ya istehsalçı, ya da istehlakçı olaraq. Neft və qaz daha çox vurğulansa da, daş kömürün də karbohidrogen olduğu unudulmamalıdır və bu kateqoriyadaki yanacaqlar içində ən çox emissiya yaradan da məhz daş kömürdür. Azərbaycanın adambaşına düşən istixana qazları emissiyası Avropa və dünya ortalamasından azdır. Azərbaycan ümumiyyətlə, emissiyalar sistemində dünya üzrə 70-75-ci yerləri tutur və payımız mində bir ətrafındadır. Bizim üçün neft ölkəsi olmaq qürur mənbəyidir, çünki neft ölkəsi olaraq Azərbaycan bütün dünyanın inkişafına təkan vermiş oldu. Dünyanı istixana qazları ilə kirlədərək inkişafın ən yüksək mərhələsinə çatıb, sonra geri baxaraq bəzi inkişafda olan ölkələrə “neft ölkəsi” deyə qınayıcı nəzərlərlə baxmaq mənəvi cəhətdən doğru deyil. Hər kəs prosesə maksimum töhfə verməyə çalışmalıdır. Meyar budur. Ancaq unudulmamalıdır ki, iqlim müqavilələrinin də təsbit etdiyi kimi bizim ortaq, amma fərqli məsuliyyətlərimiz, fərqli qabiliyyətlərimiz, fərqli milli xüsusiyyətlərimiz var. Yaşıl keçid bir məcburiyyətdir, ancaq ədalətli yaşıl keçid yeganə yoldur. Dünyadakı ilk 6 ölkənin emissiyaları ümumi emissiyaların 60%-ni təşkil edir, G20 ölkələrinin emissiyaları emissiyaların təqribən 80%-ni təşkil edir. Biz kifayət qədər böyük daş kömür yataqlarımız olmasına baxmayaraq, onlardan istifadə etmirik. Daş kömür təbii qazdan 80% daha kirlidir. Müqayisə üçün deyim ki, Avropa İttifaqının özündə daş kömür kifayət qədər yayğın istifadə olunur. Cənab Prezidentin dediyi kimi, əsas ölçü ölkələrin neftə-qaza sahib olması deyil, yaşıl keçid istiqamətində atdıqları addımlardır, bu prosesə verdikləri töhfədir. Bu cəhətdən baxsaq, Azərbaycanın iqlim fəaliyyətləri ən yumşaq ifadə ilə təqdirəlayiqdir.

Azərbaycanda qaz istehsalı artacaqsa, bu, Avropa İttifaqı ilə birgə alınan qərar əsasında baş verəcək

- Neft hasilatını sabit saxlamaq üçün addımlar atan Azərbaycana münasibətdə bəzən fərqli fikirlərə də rast gəlirik və bunun təmiz, yaşıl enerjiyə keçidlə bağlı planlarla ziddiyyət təşkil etdiyini iddia edənlər olur. Ziddiyyət varmı?

İqlim böhranı o qədər böyükdür ki, iqtisadi profilindən, neftindən, qazından, kömüründən asılı olmayaraq, hər kəsin töhfəsinə ehtiyac var. Bizim COP-29 Sədrliyi olaraq, Azərbaycan olaraq prinsipimiz budur. Azərbaycan neft istehsalında zirvəyə təqribən 15 il bundan əvvəl çatıb və bu artıq tarixdir. Təbii qaz isə müzakirə apardığımız kontekstdə xüsusi diqqət tələb edən bir ənənəvi yanacaqdır. İki səbəbə görə təbii qaz enerji keçidinin olmazsa-olmaz elementidir. Birincisi, təbii qaz ən təmiz karbohidrogendir. İkincisi isə təbii qazla işləyən elektrik stansiyaları çox çevikdir. Bərpaolunan enerjinin yaratdığı silkələnmələri balanslaşdırmaq üçün demək olar hazırda alternativsizdir. Daha əvvəlki COP qərarlarında təbii qaza keçid yanacağı statusu verildi. Amma burada əsas problem ondan ibarətdir ki, bir kiloqram metanın yaratdığı istixana effekti 28 kiloqram karbon dioksidə bərabərdir. Ona görə metan tutulmaları, metanın birbaşa havaya atılmasının əngəllənməsi çox böyük əhəmiyyət qazanır. Təbii qazın iqlim dəyişmələrinə verəcəyi töhfə qazın havaya atılmasının əngəllənməsi ilə paralel getməlidir. Azərbaycan da bunun üçün Qlobal Metan Vədinə qoşuldu. Ən böyük şirkətimiz olan SOCAR Neft-qaz Dekarbonazisiya Xartiyasına qoşuldu və Neft-Qaz, Metan Partnyorluğu 2.0 sənədinə imza atdı. Biz metan emissiyalarının azaldılması istiqamətində ən ciddi, dünyanın ən öndə gedən təşəbbüslərinə artıq tərəfik. Bu onu göstərir ki, təbii qaz Azərbaycan tərəfindən əməli mənada yaşıl enerji keçidinin əhəmiyyətli bir elementi olaraq dəyərləndirilir.

Onu da unutmayaq ki, Azərbaycan öz təbii qazını boru xətti ilə satır. Boru xətti ilə satılan təbii qaz yalnız satıcı və alıcı arasındakı uzunmüddətli müqavilələrə əsaslanır. Məsələn, mayeləşdirilmiş qaz - LNG mövzusunda məsələ fərqlidir, okeana çıxışı olan bir ölkə öz gəmisini okeana çıxarır, harada alıcı varsa, gəmi həmin limana doğru hərəkət edir. Bizim Avropa İttifaqı ilə təbii qazın ixracını 2 qata çıxarma məsələsinə də bu kontekstdə baxılmalıdır. Avropa İttifaqı dünyada iqlim məsələlərində ən radikal, ən həssas tərəf sayılır. Yəni Azərbaycanda qaz istehsalı artacaqsa, bu, Avropa İttifaqı ilə birgə alınan qərar əsasında baş verəcək. Dünyanın ən həssas iqlim oyunçusu ilə birgə baş verəcək bu proses, birmənalı olaraq iqlim böhranının həllinə yönəlik davranış olacaq. Bu mənada Azərbaycan öz karbohidrogen resurslarından iqlim problemlərinin həlli istiqamətində ən yaxşı istifadə edən dövlətlər sırasındadır.

- İqlim dəyişikliyinin təsirinin azaldılması üçün dünyada yetərli maliyyə resurslarının formalaşdırılması nə dərəcədə mümkün olacaq?

- Bu, çox böyük məsələdir və hazırkı danışıqların əsas mövzusudur. Günümüzdə bu vəsaitin həcmi 100 milyard dollardır. İnkişaf etməkdə olan ölkələrin ehtiyacı nəzərə alındığında isə bu miqdar 1 trilyon dollar ətrafında hesablanır. Bizim məqsədimiz bütün ölkələrin razılaşacağı iddialı, ədalətli, inkişafda olan ölkələrin ehtiyac və öncəliklərini nəzərə alan yeni iqlim maliyyəsinin razılaşdırılmasıdır.

- Azərbaycanın təşəbbüslərindən biri də İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdır. Bəs bu təşəbbüs reallaşa biləcəkmi?

- Azərbaycan Fəaliyyət Gündəliyində ortaya qoyulan məsələlər danışıqlar prosesində ələ alınan mövzulara təkan verici keyfiyyətdədir. İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun da məqsədi budur. Qeyd edim ki, bu təşəbbüs xüsusi bir məsuliyyəti qəbul etmə ilə əlaqədar deyil – belə bir məsuliyyət yoxdur. Bu, sadəcə hər kəs kimi bizim də iqlim həllərinə mümkün maksimum töhfə vermə cəhdlərimizdən biridir. Hazırda bu beynəlxalq işçi qrupu bu fondun işləmə detallarını hazırlamaqdadır. Bu, artıq Paris Konfransının mövzusu deyil. Bu, bizim əlavə fəaliyyət olaraq, ümumi proseslərə təkan vermək cəhdimizdir. Əlbəttə, burada Azərbaycan həm maddi, həm də digər mənalarda töhfə verməyə hazırdır, amma digərlərinin də qoşulması lazımdır. Həm Fondun miqdarı, həm Fondun fəaliyyət forması digər ölkə və şirkətlərin verdiyi töhfələrlə şərtlənəcək.

- İqlim maliyyəsinin formalaşdırılmasına özəl sektorun cəlb ediləcəyi açıqlanıb. Bu proses effekt verəcəkmi?

- İqlim hazırda ona görə krizis yaşayır ki, iqlim fəaliyyəti sərfəli, rentabelli deyil. Sərfəli olsaydı, dövlətlərin bu qədər görüşməyinə, bu qədər müzakirələrə, bu qədər müqavilələrə ehtiyac yox idi. Gəlir, qazanc olan yerdə dövlət daha çox tənzimləyici funksiya görür, misal üçün haqsız rəqabət yaranmasın deyə və s. Şirkətləri məcbur etmək olmaz ki, rentabelli olmasa da, iqlim fəaliyyətində iştirak et. Amma bilinən həqiqət budur ki, sadəcə dövlətlərin ayıracağı vəsait iqlim problemlərini həll etməyə kifayət etməyəcək. Ona görə əsas fikir budur ki, dövlətlərin məhdud sayda olacaq iqlim maliyyəsini strateji olaraq elə yerləşdirilməlidir ki, bu, özəl maliyyənin qapılarını açsın. Yəni ayrılacaq dövlət vəsaitlərindən katalizator olaraq istifadə etmək lazımdır. Ona görə dövrümüzün ən böyük suallarından biri iqlim problemlərinin həllinə özəl sektoru cəlb etməklə bağlıdır. Hətta bir mənada, biz, dövlətlərin siyasi addımları ilə əslində iqlim həllərinə özəl sektorun cəlbini sürətləndirməyə çalışırıq. Yəni elə mühit yaratmağa çalışırıq ki, yaşıl həllər ənənəvi həllərdən daha gəlirli hala gəlsin. Belə olan halda yəqin ki, artıq siyasi müzakirələrə, COP-lara da ehtiyac qalmayacaq.

Elektrik mühərrikli maşınlar məsələsində dövlətimiz ciddi təşviq mexanizmləri yaradıb – nəticədə də göz qabağındadır

- Yenidən ölkəmizə qayıtmaq istəyirəm. Azərbaycanda elektrik mühərrikli avtomobillər üçün lazımı infrastrukturun qurulması istiqamətində görülən işləri nə dərəcədə effektiv saymaq olar?

- Bunun iki yolu var: ya dövlət büdcədən vəsait ayırır, ya da bunu istehsalçılar və istehlakçılar özləri təmin edirlər. Hazırda qiymətlər baha olduğuna görə sırf bazar şərtlərinə görə davranılsa, qiymətlər yüksək olacaq və cəmiyyətin prosesə cəlbi məhdud qalacaq. Yəni dövlətin dəstəyinə ehtiyac var. Ancaq dövlət dəstəyinə ehtiyac duyan onlarla, yüzlərlə başqa sahələr də var. Elə optimal istiqamət tutmalıyıq ki, bu, büdcəyə, iqtisadiyyata və vətəndaşa zərər verməsin və iqtisadiyyatın böyüməsinə gətirib çıxarsın.

Elektrik mühərrikli maşınlar məsələsində dövlətimiz ciddi təşviq mexanizmləri yaradıb – nəticədə də göz qabağındadır.

Kiçik ada dövlətlərinin iştirakının müəyyən hissəsini öz üzərimizə götürməyimiz bizim tarixi həssaslığımızın iqlim fəaliyyəti çərçivəsində ortaya qoyulmasının bir formasıdır

- Azərbaycanın kiçik ada dövlətlərinin COP29-da iştirak xərclərini çəkəcəyi ilə bağlı xəbər yayılmışdı. Ölkəmiz bu təşəbbüslə çıxış edibmi? Neçə ada dövlətinin nümayəndəsinin COP-29-da iştirakı planlaşdırılır?

- Kiçik ada dövlətləri ən xüsusi kateqoriyalardan biridir. Müqavilələrdə kiçik ada dövlətləri və az inkişaf etmiş ölkələrin adı spesifik olaraq keçir. Bunlar tarixən və hazırda istixana qazlarındakı izi ən az olan, amma istixana qazlarının yaratdığı problemlərə ən çox məruz qalan ölkələrdir. Bu, iqlim fəaliyyətinin ədalətli olub-olmaması məsələsindəki lakmus testidir. Yəni ədalətli proses aparmaq istəyiriksə, bu ölkələr nəzərə alınmalıdır. Kiçik ada ölkələri ekzistensial problemlə üz-üzədir. Onların qlobal istixana qazlarına təsirləri 1%-dən azdır. Kiçik ada dövlətləri yaratmadıqları problem nəticəsində öz ölkələrini itirmək təhlükəsi ilə üz-üzədir. Bunlar həm iqtisadi, həm coğrafi, həm sosial cəhətdən strateji dərinliyi olmayan ölkələrdir. Bir tufan ada ölkəsinin iqtisadiyyatını yox edə bilər. İqlim müzakirələrinin ən həssas halqası bu ölkələrdir. Azərbaycan da inkişaf etməkdə olan ölkə kateqoriyasındadır. Biz kolonializmin, imperializmin, işğalın, yaratmadığımız problemin hədəfi halına gəlməyin nə olduğunu yaxşı bilirik. Azərbaycanın sahib olduğu dəyərlərə görə biz kiçik ada dövlətlərinin və az inkişaf etmiş ölkələrin qarşılaşdığı problemləri dərindən hiss edirik. Onların iştirakının müəyyən hissəsini öz üzərimizə götürməyimiz bizim tarixi həssaslığımızın iqlim fəaliyyəti çərçivəsində ortaya qoyulmasının bir formasıdır. Bizim şüarımız da yaşıl dünya naminə həmrəylikdir – bu təşəbbüsümüz şüarımızı əmələ çevirməyimizin ən yaxşı misallarındandır. Həmrəylik olmadan yaşıl dünya mümkün deyil. Səsi ən az çıxan, təhlükəyə ən çox məruz qalanları bu prosesə cəlb etmək tarixi missiyamızdır.

- Böyük qarşıdurmaların, müharibələrin daha geniş vüsət aldığı, bu müharibələr nəticəsində Yer kürəsinin və atmosferin daha çox çirkləndiyi bir dönəmdə dünyada yaşıl enerjiyə keçidlə bağlı ölkələrin açıqladığı hədəflərə nail olunması real sayıla bilərmi?

- Azərbaycanda keçiriləcək COP-da mövzu maliyyə, Dubayda keçirilən COP-28 isə mövzu dünyada olan vəziyyətin diaqnostikası idi. Məlum oldu ki, reallıq çox pisdir və mövcud iqlim fəaliyyət planları bizi qurtuluşa aparmır. Mövcud iqlim fəaliyyət planları bizi 3 dərəcə temperatur artışına aparır. Lakin Paris sazişi hədəf qoyur ki, temperatur artışı 2 dərəcənin altında və mümkündürsə, 1,5 dərəcə olsun. COP-28-dən ortaya çıxan nəticə isə odur ki, iqlim fəaliyyət planlarımızı 1,5 dərəcəyə uyğunlaşdıraq. Azərbaycanda keçiriləcək iqlim maliyyəsi də məhz bu kontekstdə məna qazanır. Yeni iqlim fəaliyyət planlarına ehtiyac var, amma bu ambisiyalı yeni iqlim fəaliyyət planları daha çox maliyyə tələb edəcək. Azərbaycan bu maliyyəni təmin etmək istiqamətində addımlar atmalıdır ki, Braziliyada da həmin iqlim fəaliyyət planları ortaya qoyulsun. Hazırkı emissiyalarla davam etsək, 9 ərzində temperatur artışını 1,5 dərəcəni keçəcək qədər əlavə istixana qazı yaratmış olacağıq. Ona görə çox təcili və ciddi qərarlar verilməlidir. Maliyyə olmadan bu qərarların qəbulu çox çətin olacaq.

İqlim və sülh vektorunda bir çox əhəmiyyətli məqam var ki, torpaqlarımızın işğalı sırasında və azad olmasından sonra qazandığımız təcrübələr bizə bu sahədə də dünyaya töhfə verməmiz üçün zəmin yaradır

- COP29 dönəmində müharibələrin dayandırılması ilə əlaqədar Azərbaycanın təşəbbüsü effektiv ola bilərmi?

- İnsan həyatı və insan ölümləri mövzudursa, iqlim, bütün başqa şeylər kimi, ikinci plana keçir. Ancaq unutmamaq lazımdır ki, iqlim də öldürücü ola bilər. Azərbaycanda məşhur bir söz var: İnsan istidən ölməz. Əslində daha çox insan soyuqdan deyil, istidən ölür. Ətraf mühitin temperaturu 50 dərəcəyə çatanda, insan bədənində soyutma funksiyası pozulur və insan həyatını itirir. Və ya, isti havaların uzun müddət, xüsusi ilə gecələr boyunca da davam etməsi, soyutma mexanizmamız olan ürək-damar sisteminin dincəlməsinə imkan vermir və bu, digər sağlıq problemləri olan insanların bədənini qırılma nöqtəsinə qədər gətirir. Meşə yanğınları, sellər, tufanlar kimi fəlakətlərin də ölümlərdə payını qeyd etmək lazımdır.

Müharibələrin dayandırılması da əhəmiyyətlidir. Birincisi, hər hansı bir yerdə 1 saatlıq atəşkəs bir insanın belə həyatını xilas edəcəksə, bu özü çox böyük uğurdur, insan həyatına dəyər biçmək mümkün deyil. İkinci məqam odur ki, iqlim dəyişmələri nəticəsində resurslar məhdudlaşır və onların bölüşdürülməsinin münaqişə zəmininə keçmə ehtimalı artır.

Üçüncü məqam budur ki, müharibələr külli miqdarda istixana qazları yaradır. Silah istehsalı, hərbi təyinatlı aparatların enerji istehlakı ciddi karbon izi yaradır. Bu mənada müharibələr həm də iqlimə, qlobal temperaturun artmasına çox böyük təsir edir.

İqlim və sülh vektorunda bir çox əhəmiyyətli məqam var ki, torpaqlarımızın işğalı sırasında və azad olmasından sonra qazandığımız təcrübələr bizə bu sahədə də dünyaya töhfə verməmiz üçün zəmin yaradır.

Ermənistan tərəfinə dəvət göndərilib. Biz hər səviyyədə qonaq qəbul etməyə hazırıq

- Azərbaycan Ermənistanı COP29 iqlim sammitinə dəvət edib. Ermənistanın COP-29-da hansı formada təmsilçiliyi nəzərdə tutulur? Bu dəvətə müsbət və ya mənfi geridönüş olubmu?

- Ermənistan tərəfinə dəvət göndərilib. Biz hər səviyyədə qonaq qəbul etməyə hazırıq.

- Ermənistan prezidenti Vaaqn Xaçaturyan bildirib ki, Ermənistan noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər Azərbaycanla sülh sazişi imzalamağa çalışır. Bu fikrə münasibətiniz necədir?

- COP-29-dan hər hansı bir ölkənin öz maraqlarını qəbul etdirmək üçün sui-istifadə edilməməlidir. COP-29-un Azərbaycanda olması AzərbaycanErmənistanın qarşılıqlı dəstəyi ilə baş verdi. Bu momentumun güclənməsi və ölkələrimiz arasında qalıcı sülhə imza atılması arzuediləndir. Ancaq bu, hər iki ölkənin iradəsi, qarşılıqlı razılaşma, uzlaşma ilə baş tutmalıdır.

- Azərbaycanın COP29 zamanı irəli sürəcəyi 14 təklifə münasibət necədir?

- Bu təşəbbüslərə münasibət çox yüksək səviyyədədir, kifayət qədər böyük dəstək görürük. Bizim təşəbbüslər sırf tədbirlərdən ibarət deyil, bəyanatlar, sözləşmələr üzərinə qurulub. Hazırkı fəaliyyətimiz bu təşəbbüslərə atılacaq imzaların sayını və keyfiyyətini artırmağa yönəlib.

- Bu gün artıq bir sıra ölkələr kosmik hərbi hava qüvvələri yaratmağa başlayır. Azərbaycan COP29 çərçivəsində kosmosun savaş meydanına çevrilməməsi, daha çox çirklənməyə məruz qalmaması üçün təşəbbüslərlə çıxış edəcəkmi?

- İqlim kontekstində kosmos iki cəhətdən maraqlıdır. Birincisi odur ki, peyklər iqlim dəyişmələrinin ölçülməsində ağlasığmaz dərəcədə yeni imkanlar təmin edirlər. Hazırda hətta ağacların illik böyümə səviyyəsini belə peyklərlə ölçmək mümkündür. İstixana qazlarının atılmasının ölçülməsində yeni qabiliyyətlər başgicəlləndirici sürətlə inkişaf edir. Hesabatlılıq olan yerdə məsuliyyət də daha yaxşı müəyyənləşir. O mənada peyklərin rolu danılmazdır. Xüsusilə bizim “Azərkosmos”un bu sahədə nailiyyətlərini deməsək olmaz. “Azərkosmos” kiçik ada dövlətlərinə iqlim dəyişmələri ilə əlaqədar dəstək istiqamətində böyük işlər görür. Amma getdikcə məni kosmik fəaliyyətlərin yaratdığı istixana izi daha çox maraqlandırır. Çünki hər bir peykin orbitə çıxması yüz tonlarla istixana qazı deməkdir.

- Sonda ABŞ-ın 60 senatorunun dövlət katibi Antoni Blinkenə məktubuna münasibətinizi bilmək istərdim...

- Qonşu dövlətdə Azərbaycanı özünə düşmən seçmiş radikal bir qrupun bir qəzetdə Azərbaycan haqqında yazacağı məqalə bu günlərdə mənim üçün nə qədər maraqlıdırsa, bu məktub da o qədər maraqlıdır. Başqa bir deyimlə - maraqlı deyil. Yenə də, dəfələrlə dəyərli bir şəkildə istifadə edə biləcəyim bir neçə dəqiqəmi ayırıb məktuba nəzər saldım. Orada iqlimlə bağlı heç bir şey yoxdur. O adamlar da öz ölkələrinin maraqlarını bir kənara qoyaraq kiçik radikal bir qrupun qara və gülünc piar kampaniyasına bu və ya digər səbəblərlə alət olublar. İntellektual və mənəvi dəyəri yoxdur. Diqqətimizə dəyməyəcək qədər mənasızdır. İşlərimiz çoxdur və bütün qüvvəmizi səfərbər edərək iqlim həllərinin ortaya qoyulması üçün çalışırıq. Bütün dünyaya ən tutarlı töhfəmiz və cavabımız əldə edəcəyimiz uğurlu nəticələr olacaq.

Poliqon.info

Seçilən
5
4
poliqon.info

5Mənbələr