AZ

Din təhsili altında uşaqlara nə aşılanır? - "Məktəblərdə durum heç də xoşagələn deyil"

“Dini təhsil ölkədə Azərbaycan İlahiyyat İnstitutu və İlahiyyat Kollecinin sayəsində normaldır və buna Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzarət edir. Ancaq orta məktəblərdə və ali təhsil ocaqlarında dinlə bağlı hansı təbliğat aparılır, hansı maarifləndirmə işləri görülür, buna Elm və Təhsil Nazirliyi nəzarət etməlidir”.

Bu barədə Bakıvaxtı.az-a ilahiyyatçı-alim Tural İrfan elm və təhsil naziri Emin Əmrullayevin “Təhsil müəssisələrində dini təhsil adı altında şagird və tələbələrə dini mesajlar verilməsi yolverilməzdir” çağırışına münasibət bildirərkən söyləyib. Onun sözlərinə görə, ara-sıra xarici təsirlərə məruz qalmış müəllimlər olur ki, din adı ilə müxtəlif lazımsız, bəlkə də təhlükəli təbliğata meyl etmək istəyirlər, ancaq bunun qarşısı dərhal alınır:

“Əgər belələri varsa, dərs otağında nə qədər qapı bağlı olsa da, onu gizlətmək mümkün deyil. Lazımdırsa, dərs otaqlarına kamera qoyula bilər. Həm müəllim, həm də şagird məsuliyyətli olar. Ancaq bunu etməzlər, bu, nazirliyə sərf etməz. Ona görə ki, məktəblərdə durum heç də xoşagələn deyil”.

Müsahibimiz qeyd edib ki, dinlə bağlı təhsil almaq istəyənlər ölkədəki ali dini təhsil ocağına üz tuta bilərlər:

“Çox gözəl də şərait yaradılıb. Ümumiyyətlə, din sahəsində məlumat almaq istəyənlər, maariflənmək istəyənlər üçün də Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən dini ədəbiyyat dərc olunur və ölkədə yayılır. Məscidlərdə normal din xadimləri fəaliyyət göstərir. Yəni bu imkanları qoyub, kimsə orta məktəbdə hansısa dini cərəyanı təbliğ etmək istəyərsə, təbii ki, o şəxs ya təxribatçı, ya da təsirə düşmüş sadəlövhdür. Hər bir halda orta məktəbdə tədris vasitələrində dinlər haqda dolğun məlumat olmalıdır. Bu məlumat kəm-kəsir olanda şagirddə mənəvi aclıq, ehtiyac yaranır və müəllimi məcbur edir ki, dindən danışsın. Gərək ehtiyaca uyğun mənəvi qidalanma olsun. Əks halda şagird o aclığını dəf etmək üçün kənardan məlumat almağa məcbur olacaq. Ola bilsin ki, radikal və ya xurafatçı təbliğatın da cənginə düşə bilər. Belə hallar da çox olub”.

Tural İrfan: Ara-sıra xarici təsirlərə məruz qalmış müəllimlər olur ki...

T.İrfan hesab edir ki, əgər dini təbliğat, maarifləndirmə məzhəbçiliyə əsaslanmırsa, xurafata aparmırsa, əksinə elmə, tərbiyəyə, əxlaqa meyl etdirmək üçün edilirsə müəllim də öyüd verə bilər:

“Tutaq ki, siqaret çəkən şagirdə deyə bilər ki, dinimizdə də zərərli vərdişlər qadağan edilib. Tutaq ki, Peyğəmbərin elm haqda hədislərini təlqin edə bilər ki, elmi beşikdən qəbrədək öyrənin. Elm Çində də olsa gedin. Yoxsa bu sözləri dediyinə görə müəllimi işdən azad etmək lazım deyil. Belə olacaqsa, onda gərək bayramlarda şagirdlərdən, valideynlərdən hədiyyə, rüşvət qəbul edən bütün müəllimlər də azad edilsin. Onda məktəblərdə müəllim qalmaz. Ümumiyyətlə, hər şey balanslaşdırılmalıdır ki, əndazəni aşmasın. Müəllimlər imtahan ediləndə onun dini əqidəsi, dini atributları daşıyıb-daşımaması da müəyyənləşməlidir. Çünki müəllim obyektiv olmalıdır. Hansısa dinə, məzhəbə, cərəyana xas atributlarla şagirdi təhsildən qeyri sahəyə meyl etdirməməlidir”.

Həmsöhbətimiz bildirib ki, müəllimlərə də nəzarət olmalıdır:

“Müəllim sadəcə tədris proqramında olan dini bilikləri şagirdlərə aşılaya bilər. Bir də tərbiyə xarakterli söhbətlərdə dinlərin mənəvi, əxlaqi yönlərindən nümunə verə bilər”.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusuna həsr olunan respublika elmi-praktik konfransında çıxış edib. Nazir bildirib ki, təhsil müəssisələrində dini təhsil adı altında şagird və tələbələrə dini mesajlar verilməsi yolverilməzdir:

"Təhsil bir neçə pillədən ibarətdir və burada əsas məqsəd təhsilin burada özünü doğrulda bilməsidir. Valideynlər daim övladlarına dini təhsil səviyyəsi barədə nəzarət etməlidir. Çünki sinif otağında qapı bağlıdır və müəllim öz fənnini tədris edir. Amma biz bilmirik din adı altında uşaqlara nə aşılanır".

Aydın Baxış

Seçilən
13
13
bakivaxti.az

10Mənbələr