AZ

"Komanda aşağı pillədədisə, bu o demək deyil ki, 5-6 qol vurmalıyıq" - Qurbanov 1 qolu izah etdi

"Qarabağ" Misli premyer-liqasının 9-cu turunda səfərdə "Sumqayıt"ı məğlub etdi - 1:0.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Sumqayıtdakı oyunlar həmişə maraqlı keçir. Vacib oyun idi. Fasiləyə qələbəylə yollanmaq komandaya daha yaxşı təsir etdi. Futbolçularımı təbrik edirəm. Komandanın yarısı istirahətə yollanacaq. Qalanı da millilərin oyunlarıyla bağlı düşərgədən ayrılacaq.

- Aleksey Kaşukla Musa Qurbanlıya şans verdiz. Bu futbolçular haqda fikirləriniz necədi?
- Bugünkü hazırlıq səviyyələrinə görə razı qaldım. Düzdü, dinamikanı qoruyub-saxlaya bilmirdilər. Lakin, ümumiyyətlə, özlərini yaxşı tərəfdən göstərdilər. Belə davam etsələr, məşqlərdə daha çox çalışsalar, lap yaxşı çıxış edəcəklər.

- İkinci hissədə taktiki gedişlər etdiz. Əvəzetmələrlə müdafiə xəttini gücləndirdiz. Bu, nəyə əsasən idi?
- Dəyişikliklər hadisələrin axarına uyğun oldu.

- Autsayderlər sırasında qərarlaşan komandaya çətinliklə qalib gəldiz. Daha çox qol vurmaq mümkün ola bilərdimi?
- Hansısa komanda aşağı pillədədisə, bu o demək deyil ki, 5-6 qol vurmalıyıq. "Sumqayıt"ın özünəməxsus oyun üslubu var. Bütün rəqiblərə eyni cür yanaşırıq. İnamlı çıxış etdik. Heç kimə zəif gözüylə baxmırıq. Həmin "Sumqayıt" ötən mövsüm avrokuboklar uğrunda mübarizə apararkən bizi "Mehdi Hüseynzadə"də məğlub etdi. Futbolda istənilən komanda istənilən rəqibə qalib gələ bilər. Bəzən qələbə qazanmasaq da, futbolçularımdan razı qalıram. Çünki "Qarabağ"ın sıx qrafiki var. Bu gün qarşımızda çox yaxşı baş məşqçi və komanda var idi.

- "Qarabağ" xeyli qol vəziyyəti yaratsa da, bu yöndə məhsuldarlıq xeyli aşağı düşüb. Bunu nə ilə əlaqələndirirsiz?
- İnanıram ki, qollar gələcək. Hər prosesin öz çətinlikləri var. Hücum mövqeyində çıxış edən futbolçularım qol vurmağı yaxşı bacarır. Bəzən belə hallar olur. Əsas məsələ oyunçuların tələblərimizi meydanda düzgün yerinə yetirməsidi.Həm avrokuboklarda, həm də premyer-liqada hər futbolçumuza ciddi yanaşırlar.

- "Ayaks"ı təhlil etməyə başlamısızmı?
- Hələ yox, amma tezliklə bu işə başlayacağıq.

- Son dörd avrokubok matçında uduzmusuz. Komandanı çətin rəqiblə oyuna kökləmək çətin olmayacaq ki?
- İnanıram ki, hər şey istədiyimiz kimi olacaq. Motivasiyayla bağlı problemin yaranacağını düşünmürəm. İndi rəqiblər bizi daha yaxşı təhlil edir. Bu məqamın sevindirici tərəfi "Qarabağ"ın özünü müəyyən mənada sübut etməsidi. Mənfi tərəfi isə rəqiblərin tam fərqli yanaşmasıdı.

KƏNAN BAHADIR

Seçilən
25
football-plus.az

1Mənbələr