AZ

Vətən müharibəsinin 10-cu günü: Düşmənin mərkəzi silah-sursat anbarı darmadağın edilir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2020-ci il oktyabrın altısı - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin onuncu günü.
Oxu.Az xatırladır ki, Müdafiə Nazirliyinin həmin günə verdiyi məlumata əsasən, gecə boyu Cəbrayıl-Füzuli istiqaməti də daxil olmaqla, cəbhə boyu bütün istiqamətlərdə tam üstünlük nümayiş etdirilir və düşmənə ağır zərbələr endirilir.
Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin zirehli texnikalarını, atəşə dəstək və təminat vasitələrini məhv edir.
Ermənistan silahlı qüvvələrinin daha üç tankı, dörd ədəd "BM-21" "Qrad" yaylım atəşli reaktiv sistemi sıradan çıxarılır. Düşmənin 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş "D-20" artilleriya qurğuları və onların heyətləri zərərsizləşdirilir. Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilir.
Cəbrayılda düşmənin xeyli sayda silah-sursat, döyüş və avtomobil texnikası qənimət götürülür.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev isə özünün "X" səhifəsində Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyin azad olunduğunu açıqlayır.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündə xarici muzdlulardan, o cümlədən İraq və Suriya ərazisindən gətirilən kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə etdiyini sübut edən radio danışıqları ələ keçirilir. Həmçinin, aparılan əməliyyatlar nəticəsində daha iki əcnəbi muzdlu-terrorçu məhv edilir.
Saat 19-da Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Yevlax, Goranboy və Beyləqan rayonlarının ərazilərini atəşə tutması barədə məlumat yayır.
Saat 21-də Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunu müxtəlif istiqamətlərdə intensiv atəşə tutması nəticəsində bir nəfər həlak olur, iki nəfər yaralanır.
Həmçinin, həmin saatlarda Ermənistan silahlı qüvvələri regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Azərbaycan Ordusunun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınır.
Müdafiə Nazirliyinin verdiyi məlumata görə, gün ərzində düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılır, bir ədəd tank və üç top məhv edilir.
Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edir.
Görüşdə dövlətimizin başçısı deyir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya Azərbaycanın tək olmadığını göstərdi.
Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Pervıy Kanal" televiziyasına müsahibə verir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilir. Müşavirədə əks-hücum əməliyyatında mövcud vəziyyət təhlil olunur, qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə dair göstəriş verilir.
Müdafiə Nazirliyi döyüşlərdə Ermənistan silahlı qüvvələrinin hərbçilərinin atıb qaçdığı və bölmələrimizin məhv etdiyi silah və hərbi texnikaların görüntülərini yayır.
Müdafiə Nazirliyi, həmçinin, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Çaxırlı kəndinin videogörüntülərini paylaşır.
Baş Prokurorluğun məlumatına görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində həlak olmuş şəxslərin sayı 27-yə, xəsarət alanların sayı isə 141-ə çatır.
Ermənistan ordusunun bölmələri müharibə cinayətlərini davam etdirərək Ağcabədi və Horadiz şəhərlərini, Goranboy rayonunu, Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Ağdam rayonunun Səfərli qəsəbələrini, Böyükbəyli və Təzəkənd kəndlərini, cəbhəyanı ərazilərdəki digər yaşayış məntəqələrini ağır silahlardan, raketlərdən və artilleriya qurğularından atəşə tutur. Nəticədə onlarla mülki infrastruktur obyekti sıradan çıxır, əhalinin əmlakına külli miqdarda ziyan dəyir.
Əzizə İsmayılova
Seçilən
25
50
oxu.az

10Mənbələr