AZ

Mareska: “Çelsi” “Arsenal” və MS ilə rəqabətə hazır deyil”

“Çelsi”nin baş məşqçisi Entso Mareska “zadəganlar”ın “Mançester Siti” və “Arsenal”la rəqabətindən və tənqiddən söhbət açıb.

Arena.az BBC-yə istinadən məlumat verir ki, italyan mütəxəssis “Çelsi”nin “şəhərlilər” və “topçular”la rəqabətə hazır olmadığı qənaətindədir:

“Mən bizim, “Mançester Siti” və ya “Arsenal” ilə rəqabət apara biləcəyimizi düşünmürəm. Mən belə düşünmürəm, çünki biz buna hazır deyilik. Buna səbəb “Mançester Siti”nin 9 il, “Arsenal”ın isə 5 il müddətində eyni baş məşqçi ilə işləməsidir. Böyük amallar uğrunda mübarizə aparmaq istəyirsinizsə, sizə zaman gərəkdir. “Arsenal” PSJ-ni məğlub etdikdən sonra Luis Enrikeni sorğuladılar və o da eynisini dedi ki, “Arsenal”ın beş ildir eyni çalışdırıcısı var, onların isə cəmi bir il yarımlıq məşqçisi.

Təsəvvür edin, bizim cəmi üç aylıq iş birliyimiz var… Deməli, arada böyük fərq var. Ona görə də mən həqiqətən əminəm ki, biz bu klublarla rəqabət apara bilmərik”, deyə Mareska fikrini əsaslandırıb.

İtalyan mütəxəssis “Çelsi”yə ünvanlanmış tənqidlərə münasibətini də açıqlayıb:

“Əlbəttə, indi biz bu tənqidlə daha az qarşılaşırıq, çünki nəticələr buna kömək edir. Amma mənim idarə edə biləcəyim yeganə xüsus futboldur. Klub ətrafındakı bütün həngamə idarə edə bilmədiyim bir xüsusdur, amma düzünü desəm, buna əhəmiyyət vermirəm”, deyə Entso Mareska bildirib.

Premyer Liqanın 6 turundan sonra 13 xal toplamış “Çelsi” yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Zadəganlar”ı “Arsenal” (14 xal), “Mançester Siti” (14 xal) və lider “Liverpul” (15 xal) qabaqlayıb.

Seçilən
13
arena.az

1Mənbələr