AZ

Qazaxıstanda TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının görüşü keçirilib - FOTOLAR

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Astanada keçirilən Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri şurasının görüşündə iştirak edib. SİA xəbər verir ki, şuranın beşinci iclasında çıxış edən Şeyxülislam TDT ölkələrinin liderlərinin Zirvə görüşlərinin ardınca baş tutan bu tədbirin əhəmiyyətinə toxunub, görülən işlərdən danışıb.

A.Paşazadə görüş çərçivəsində “Xoca Əhməd Yəsəvi irsi və təsəvvüf elmi” mövzusunda keçirilən konfransda çıxış edərək deyib: “TDT Müsəlman dini liderlərinin vəzifəsi mənəvi birliyimizin qorunması və inkişaf etdirilməsidir. Çünki bizim dinimizdən, adət-ənənələrimizdən qidalanan milli kimliyimizi qorumaq vəzifəmiz xalqlarımızın, dövlətlərimizin tərəqqi və rifahına xidmət edir. Bu müstəvidə Türk-İslam mənəvi və mədəni irsinin dünya sivilizasiyasına verdiyi töhfələrin təbliği böyük önəm kəsb edir. Ölkələrimizin və xalqlarımızın birliyinin təməlində duran müqəddəs dəyərlər var olduqca qardaşlığımız da daim davam və inkişaf edəcək”.

Tədbirdə “İslam cəmiyyətin ənənələrini dəstəkləyir” və “Fətvaların verilməsi üzrə Fiqh məktəbi” adlı sənədlər qəbul olunub.

Sonra Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Naurızbay Taqanulı ilə görüşdə iki qardaş ölkə arasında dini-mənəvi sahədə birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

Daha sonra Qazaxıstan Respublikası Parlament Senatının sədri Maulen Aşimbayevlə görüşən A.Paşazadə vurğulayıb ki, Qazaxıstan dünya və ənənəvi din liderlərinin qurultayları kimi iki onillikdən artıq tarixə malik ideyanın müəllifidir. Azərbaycan isə Bakı Prosesi və Sivilizasiyalararası Dialoq kimi qlobal təşəbbüsləri ilə dinlərarası əməkdaşlığa töhfə verir. Azərbaycanın və Qazaxıstanın müdrik liderlərinin - Prezident İlham Əliyevin və Prezident Kasım Jomart Tokayevin bu işdə müstəsna rolları var.

Qazaxıstanın azad Qarabağda - Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa etməsinin xalqımız tərəfindən yüksək dəyərləndirildiyini vurğulayan Qafqazın şeyxi, qardaş ölkələrimiz arasında tarixən formalaşmış, İslam həmrəyliyi, türk birliyi çağırışı ilə yeni mərhələyə daxil olmuş münasibətlərin daha da inkişafının önəmini qeyd edib.

Sonda Astana Qurultayları Katibliyinin üzvü Şeyxülislam Allahşükür Paşazadə növbəti Qurultayın və Katibliyin qarşıdakı iclasının hər zamankı kimi məhsuldar keçəcəyinə əminliyini bildirib, Qurultay Katibliyinin sədri M.Aşimbayevə uğurlar diləyib.

Seçilən
1
1
sia.az

2Mənbələr