AZ

İsrail HƏMAS-ın, “Hizbullah”ın liderlərini belə “dənləyir” – SİRR AÇILDI

HƏMAS komandirlərindən biri İsrailin İordan çayının qərb sahilinə endirdiyi zərbələr zamanı öldürülüb. Təşkilatın silahlı qanadı olan Əl-Qəssam Briqadalarının liderlərindən biri olan Səid Atallah İsrailin Livanın şimalında Tripolidə fələstinli qaçqın düşərgəsinə hücumu nəticəsində 3 ailə üzvü ilə birlikdə həlak olub. Bununla bağlı İsraildən hələlik heç bir açıqlama verilməyib. 

Tel-Əvivin son zamanlar Fələstin və Livan ərazisində, HƏMAS, “Hizbullah” kimi təşkilatların rəhbər şəxslərinə qarşı keçirdiyi “nöqtə atışı” əməliyyatlar Böyük Britaniya mətbuatında geniş təhlil edilib. Araşdırmada qeyd edilib ki, İsrail Yaxın Şərqdə ən təsirli və texnoloji parametrlər baxımından müasir raket sistemlərinə malikdir. Xüsusən, son illər bütün dünyada məşhur olan “Spark” dronları və “Spike FireFly” smart uçuş aparatları hava əməliyyatları zamanı intensiv tətbiq edilir.

Hazırda İsrail ordusu ABŞ-ın bir vaxtlar “Əl-Qaidə” və “İŞİD” kimi terror təşkilatlarına qarşı istifadə etdiyi “dəqiqləşdir və məhv et” taktikasından istifadə edir. Belə ki, rəsmi Vaşinqton sözügedən təşkilatların liderlərinə və əhəmiyyətli obyektlərinə qarşı dron, qırıcı və ballistik raketlərlə dəqiq zərbələr endirməklə, onlara öldürücü zərbə vurur. “Hizbullah” və HƏMAS-ın Tel-Əvivə qarşı tətbiq etdiyi “assimetrik müharibə” üsullarına cavab olaraq, İsrail də yeni takikadan istifadə etməkdədir. HƏMAS rəhbəri İsmayıl Haniyənin və “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsi də bu qəbildən olan hücumlarla reallaşıdırılıb.

Artıq müharibələrdə ənənəvi canlı qüvvələrin və hərbi texnikaların müəyyən ərazilərdə bir-birinə qarşı həyata keçirdiyi döyüşlər demək olar ki, tarixə qovuşub. Müasir hərb strategiyaları daha çox texnoloji üstünlüklərdən istifadə edərək, opponent tərəfin yüksək rütbəli komandirlərini və texniki-logistik bazalarını məhv etmək əsasında formalaşır.

“Hizbullah” və HƏMAS ötən illər ərzində yerləşdikləri coğrafi ərazinin xüsusiyyətlərindən maksimum dərəcədə istifadə edirdilər. Bu silahlı təşkilatlar əksəriyyəti kustar üsulla hazırlanan və olduqca sadə mexanizmə malik raketlər vasitəsi ilə İsrailin yaxın məsafədə yerləşən şəhərlərini və strateji obyektlərini rahatlıqla hədəf alırdılar. Digər tərəfdən, xüsusən HƏMAS tərəfindən həyata keçirilən kamikaze hücumları Tel-Əvivi sözün əsl mənasında təngə gətirmişdi. Qarşısı alınması olduqca çətin olan belə terror aktları zamanı çox sayıda sivil və hərbçi həlak olurdu. Lakin İsrail hazırda silahlı əməliyyatlar keçirərək, terrorçuları kütləvi zərərsizləşdirmək yerinə, onların komandanlıq sistemini hədəf alaraq, vurucu güclərini məhv edir. Bu kimi “nöqtə atışlar” hər iki silahlı qruplaşmanın döyüş qabiliyyətini iflic hala gətirir.

Britaniyalı hərbi analitiklər hesab edirlər ki, İsrail bu kimi üsullarla yaxın gələcəkdə İranın regionda ona qarşı istifadə etdiyi proksi təşkilatların hamısını tam zərərsizləşdirəcək.

Seçilən
1
1
medianews.az

2Mənbələr