AZ

Ülvi Həsənli İstintaq Təcridxanasında qeyri-insani rəftara məruz qalır - R.Quliyeva

"Abzas Media" onlayn nəşrinin direktoru Ülvi Həsənlinin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasındakı işgəncə faktları barədə yazandan sonra özü qeyri-insani rəftara məruz qalır. Bu barədə jurnalistin həyat yoldaşı Rübabə Quliyeva bildirib.

"Abzas Media"nın direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva oktyabrın 4-də öz facebook hesabında məlumat yayıb.

https://www.facebook.com/rubaba.guliyeva

Onun sözlərinə görə, onun saxlanıldığı kameranın qapısındakı nəfəslik, yayın isti günlərinə baxmayaq, işgəncə məqsədi ilə bağlı saxlanılırdı. Rübabə Quliyeva həyat yoldaşına qarşı təzyiqin bununla bitmədiyini deyir:

"7 sentyabr tarixində Ülvi məhkəməyə aparılarkən Sevinc Vaqifqızını görüb, onlar salamlaşmaq istiyəndə Nail adlı "konvoy" (Penitensiar xidmətin əməkdaşı) tərəfindən Sevincin və digər türmə işçilərinin gözünün qabağında Ülvini vəhşicəsinə divara çırpıb və kürəyindən vurub".

Quliyeva yazıb ki, "sentyabrın 13-də şüşə arxasından görüş zamanı Ülvi mənə zərbədən kürəyindəki göyərmiş hissəni göstərib və kürəyində ağrıların olduğunu deyib. Sonradan vəkilləri ilə görüş zamanı onlara da göstərib. Vəkillər bununla bağlı aidiyyəti yerlərə şikayət etməklərinə baxmayaraq, Nail adlı həmin şəxs barəsində heç bir tədbir görülməyib".

O, həmçinin Həsənlinin 2 yaşlı qızı ilə görüşünə maneələr yaradıldığını bildirir.

"Ayda bir dəfə Ülvinin qızıyla olan görüşünə icazə vermədilər. Mənim 2 yaşlı qızım atasıyla görüş zamanı fiziki və psixoloji təyziqə məruz qalır. Sentyabrın 20-də isə ümumiyyətlə Ülvi ilə görüşə icazə verməyib", deyə Quliyeva yazıb.

Onun sözlərinə görə, 27 sentyabr tarixində növbəti şüşə arxasından görüş zamanı onun qeyd dəftəri əlindən alınıb və görüş bitəndən sonra təhvil alacağı yerdə olmayıb.

"Kim hara aparmışdı və içində nə axtarırdılar bilmədim. Buna etiraz edəndə nəzarətçilər dedi ki, "təzə qaydadır, bundan sonra qeyd dəftəri gətirə bilməzsən". Qeyd dəftərində Ülvinin istədiyi kitabları qeyd edirəm. Görüşlərin şüşə arxasından olmasına baxmayaraq, hər dəfə hərtərəfli yoxlanıram", deyə jurnalistin həyat yoldaşı qeyd edir.

* 20 noyabr 2023-cü il tarixindən etibarən Abzas Media nəşrinin altı jurnalisti və mətbuat işçisi "valyuta qaçaqmalçılığı" ittihamı ilə həbs olunub. Onlar ittihamları qəbul etmirlər, cinayət işini Abzas Media-da yayımlanan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Beynəlxalq KİV-i müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılan jurnalistləri dərhal azad etməyə və KİV-ə qarşı təzyiqə son qoymağa çağırıblar.

Seçilən
9
turan.az

1Mənbələr