AZ

PSJ ilə “Monako” “Marsel”dən uzaqlaşdı - İCMAL

Fransada 5-ci turdan sonra zirvənin üç sahibi var idisə, 6-cı turdan sona ikiyə endi. PSJ ilə “Monako” növbəti dəfə qələbə qazandı, amma “Strasbur”un qonağı olan “Marsel” mövsümdəki ilk məğlubiyyətini aldı. Səfərdə “Anje”ni məğlub edən “Reyms” isə 4-cü pilləyə yüksəldi.

“Renn”i qəbul edən PSJ dərhal hücuma atıldı. Markinyosun qolu ofsayd üzündən sayılmadı, Dembele ilə Hakimi yaxşı imkandan yararlana bilmədi. Nəhayət, yarımsaatın tamanında Dembeledən ötürmə alan Barkola cərimə meydançasının küncündən dəqiq zərbə vurdu. 2-ci hissə də parislilərin hücumlarıyla başladı. 48-ci dəqiqədə Hakiminin vurduğu qol da ofsayd üzündən sayılmadı. Amma Li Kan İn ilə Barkola 10 dəqiqəlik intervalla iki qol vurdu. Qonaqlar 73-cü dəqiqədə penalti sayəsində fərqi azaltsalar da, bundan artığına gücləri çatmadı.

“Monako” yüzilliyinə həsr olunan oyunda “Monpelye”ni qəbul etdi. İlk yarı qarşılıqlı qollarla müşayiət olundu. Belə önəmli gündə xal itirmək istəməyən “knyazlar” fasilədən sonra təzyiqi artırdı. 3-cü uzatma dəqiqəsində qonaqlardan Kulibali meydandan qovuldu. 8-ci (!) uzatma dəqiqəsində isə “Monako”nun dayaq yarımmüdafiəçisi Kamaranın cərimə meydançası xaricindən vurduğu zərbədən sonra dirəyə dəyən top tora düşdü.

“Strasbur”un qonağı olan mövsümdə ilk dəfə uduzdu. Daha üstün təsir bağışlayan meydan sahibləri 40-cı dəqiqədə hesabı aça bildi. “Marsel” nədəndə yalnız 2-ci hissədə çempionatın liderlərindən biri olduğunu anladı. 55-ci dəqiqədə Qrinvud hesabı bərabərləşdirməyə yaxın oldu. 62-ci dəqiqədə qonaqların heyətində meydana çıxam Mope də dərhal real qol şansını əldən verdi. “Marsel” sona qədər təzyiqi davam etdirsə də, məğlubiyyətdən qurtula bilmədi.

Turun qalan oyunlarına gəlincə, “Anje”nin qonağı olan “Reyms” artıq ilk 25 dəqiqədən sonra 2:0 öndə idi. 79-cu dəqiqədə Munetsi hesab arasındakı fərqi darmadağın həddinə çatdırdı. “Anje” 84-cü dəqiqədə təsəlli qolunu vura bildi. Xalını 11-ə çatdıran “Reyms” 4-cü pilləyə yüksəldi. “Lill” səfərdə “Havr”ı darmadağın etdi. “Şimallı itlər”in kanadalı hücumçusu Devid het-triklə yadda qaldı. Uzatma dəqiqələrində Encel Qomes 4-cü qolu da vura bilərdi. Sadəcə, penaltini boşa verdi.

“Nitsa”nı qəbul edən “Lans” heç-heçə ilə kifayətləndi. Hesabat turunda həmçinin “Lion” səfərdə “Tuluza”ya qalib gəldi. Həlledici qolu 5-ci uzatma dəqiqəsində Fofana vurdu. “Oser” evdə Fransanın Çempionlar Liqasındakı təmsilçisi “Brest”ə heç bir şans vermədi – 3:0. “Nant” – “Sent-Etyen” oyununda məhsuldar heç-heçə qeydə alındı – 2:2. “Bülbüllər” 49-cu dəqiqədə 2:0 öndə olsa da, “yaşıllar”ı dubl edən Sissoko məğlubiyyətdən qurtardı.

6-cı tur
PSJ – Renn 3:1

Barkola, 30; 68. Li Kan İn, 58 – Kalimuendo, 73-p. (47000)
PSJ: Safonov, Hakimi, Markinyos (Şkrinyar, 69), Paço, Beraldo, Zair-Emeri, Neveş, Ruis (Mayulu, 69), Li Kan İn, Barkola (Kolo Muani, 69), Dembele (Mbaye, 81).

Monako – Monpelye 2:1
Baloqun, 32. Kamara, 90+8 – Nzinqula, 16. (13065)
Monako: Kyon, Vanderson (Teze, 78), Sinqo, Salisu, Enrike (Uattara, 78), Akliuş (İlenihena, 67), Zakariya, Qolovin, Ben Seqir (Kamara, 67), Baloqun, Embolo.

StrasburMarsel 1:0
Moreyra, 40. (19790)
Marsel: Rulyi, Murilyo, Kornelius, Kondoqbia, Brasye (U.Qarsiya, 83), Heybyerq, Kone (Rabyo, 62), Qrinvud, Arit (Mope, 62), Enrike (Karboni, 71), Vai (Rou, 62).

AnjeReyms 1:3
Fərhat, 84 – Nakamura, 9. İto, 25. Munetsi, 79. (8526)

Oser – Brest 3:0
Ovusu, 26. Jubal, 37-p. Traore, 59. (15381)

Lans – Nitsa 0:0
(37301)

Havr – Lill 0:3
Devid, 23; 34; 79. (21369)

Tuluza – Lion 1:2
Qboo, 14 – Nikolaysen, 28-öz qapısına. Fofana, 90+5. (30026)

NantSent-Etyen 2:2
Lepenan, 10. Tomas, 49Sissoko, 58; 67-p. (34005)

1. PSJ 6 5 1 0 20-5 16
2. Monako 6 5 1 0 12-3 16
3. Marsel 6 4 1 1 15-7 13
4. Reyms 6 3 2 1 10-8 11
5. Lill 6 3 1 2 11-7 10
6. Lans 6 2 4 0 5-2 10
7. Nant 6 2 3 1 9-6 9
8. Strasbur 6 2 3 1 12-10 9
9. Nitsa 6 2 2 2 14-6 8
10. Renn 6 2 1 3 10-9 7
11. Lion 6 2 1 3 8-12 7
12. Oser 6 2 0 4 8-12 6
13. Brest 6 2 0 4 8-13 6
14. Havr 6 2 0 4 7-13 6
15. Tuluza 6 1 2 3 5-8 5
16. Monpelye 6 1 1 4 6-17 4
17. Sent-Etyen 6 1 1 4 3-17 4
18. Anje 6 0 2 4 4-12 2


Bombardirlər: Barkola (PSJ) – 6, Devid (Lill), Qrinvud (Marsel) – 5, Dembele (PSJ) - 4.

Növbəti turun oyunları oktyabrın 4-6-sı aralığında keçiriləcək: Marsel – Anje, Sent-Etyen – Oser, Lill – Tuluza, Renn – Monako, Lion – Nant, Brest – Havr, Strasbur – Lans, Reyms – Monpelye, Nitsa – PSJ.

Turun rəqəmi
16 – “Monako”nun 6 turdan sonra bu qədər xalı var. “Knyazlar” 1960/61 mövsümündən bəri ən yaxşı startı reallaşdırıb. Onda mövsümün ilk 6 oyununun hamısından qələbə qazanan komanda tarixində ilk dəfə ölkə çempionu olmuşdu.

Turun ulduzu
Conatan Devid (Lill) – “şimall itlər”in yüksək yerlər uğrunda mübarizə aparmasının əsas səbəbkarı məhz kanadalı forvarddı. O, “Havr”ın qapısına üç dəfə yol tapmaqla cari mövsümdəki qollarının sayını 5-ə çatdırdı.

Turun sitatı
Adi Hütter, “Monako”nun baş məşqçisi:
“Futbol belədi! Bu cür önəmli gündə heç-heçə etmək istəmirdik. Bu, çox böyük məyusluq olardı. Ancaq 8-ci uzatma dəqiqəsində Kamaranın sayəsində qələbə qazana bildik. Hər kəs bu qələbəni istəyirdi, hədəfə çatdığımıza görə şadam. Əlbəttə, rəqibin qırmızı vərəqə alması da işimizə yaradı, ancaq bir baş məşqçi kimi həmişə öz oyunçularıma inanıram. Hətta azarkeşlər hər şeyin bitdiyini düşündüyü anlarda da”.
Seçilən
20
football-plus.az

1Mənbələr