AZ

Azərbaycanın diaspor qurumlarından lobbiçiliyə keçid...

Image

Bu gün qloballaşan dünyada xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri diaspor və lobbi təşkilatlarının rolunu daha da artırıb. Hər hansı bir dövlətin gücü, qüdrəti onun xaricdə formalaşdırdığı diaspor və lobbiçilik fəaliyyəti, həmçinin, millətinin həmrəyliyi ilə müəyyən edilir. 

Millətin dövlətin bir amal ətrafında birləşməsi və diaspor quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin xidmətləri böyükdür. Onun gördüyü işlər sayəsində dünyada olan bütün azərbaycanlıların birliyi, həmrəyliyi təmin olundu. Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Hazırda diasporla iş sahəsində dövlət siyasəti yeni mərhələdə həyata keçirilir. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsini xarici siyasətdə prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirən Prezident İlham Əliyev diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlərin həyata keçirilməsini vacib sayır. Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müxtəlif ölkələrin ictimai, siyasi və dövlət xadimləri, elm adamları, eləcə də KİV-ləri ilə əlaqələrin qurulması yönündə böyük işlər görülüb. 

Azərbaycanın xaricdə lobbiçiliyini daha da gücləndirmək lazımdır

Ötən il antiterror əməliyyatları zamanı Azərbaycan suverenliyini tam bərqərar edəndən sonra ölkəmizə qarşı bir sıra qurumların və ölkələrin timsalında qarayaxma kampaniyası başladı. Bu, amil bir daha göstərir ki, suverenliyimizi tam bərpa etsək də əsla arxayın olmaq olmaz. O üzdən, xaricdə diaspor fəaliyyətini əvvəlkidən daha da gücləndirmək lazımdır. Bu xüsusda Azərbaycanın xaricdə lobbiçiliyini daha da gücləndirmək lazımdır. Burada söhbət yalnız xaricdə yaşayan azərbaycanlılardan getmir. Söhbət azərbaycanlı olmayan millətlərdən, onların təmsil etdiyi ölkələrdən verilən dəstəkdən gedir. Məsələn, Qoşulmama Hərəkatında təmsil olunan dövlətlər zaman-zaman beynəlxalq tədbirlərdə Azərbaycanla həmrəy mövqedən çıxış ediblər. Ölkəmizə qarşı hər hansı bir qətnamənin qəbul edilməsi gündəliyə çıxarılanda həmin dövlətlər buna veto qoyublar. Bu həmin dövlətlərin verdiyi dəstəyin rəsmi tərəfi. Qeyri-rəsmi tərəfdən də Azərbaycana dəstək verilir. Azərbaycanla dost olan ölkələrdə bir sıra QHT-lər, ictimai təşkilatlar ölkəmizin maraqları ilə bağlı məsələlərdə həmrəyliklərini əsirgəmirlər. 

Azərbaycandan İsrailə köçən yəhudilər ölkəmizin lobbi maraqlarını təmsil edirlər

Ümumilikdə, dünyada Azərbaycanın lobbi imkanları çox güclü olmasada var və getdikcə formalaşır. Xüsusən də Azərbaycan müstəqillik əldə etdikdən etdikdən sonra ölkəmizin lobbi və diaspor fəaliyyəti güclənməyə başladı. Azərbaycan millətindən olmayan bir sıra tanınmış şəxslər ölkəmizin maraqlarından çıxış etməyə başladılar. Məlum olduğu kimi, Fransa son 4 ildə birmənalı olaraq anti-Azərbaycan mövqeyindən çıxış edir. Söhbət ondan gedir ki, məhz Azərbaycan işğala son qoyub ərazi bütövlüyünü təmin edəndən sonra Fransanın əsil siması ortaya çıxdı. Fransa parlamenti birmənalı olaraq Ermənistanı, erməni separatçılarını dəstəkləyir. Bütün bunlara baxmayaraq, axına qarşı gedən siyasətçilər də var. Onlar çoxluğa qoşulmur və həqiqəti söyləyillər. Məsələn, Fransa parlamentinin üzvü Natali Quli belə şəxslərdən biridir. Parlamentdə ermənilərin maraqlarından çıxış edən əzici çoxluğa rəğmən o, hər zaman Azərbaycanın maraqlarını müdafiə edir, qarşı tərəfin işğalçılıq fəaliyyətini ifşa edib. Bundan başqa Macarıstanın baş naziri Viktr Orban davamlı olaraq Azərbaycan maraqlarını müdafiə edir. Avropa İttifaqında bir sıra ölkələrin təzyiqlərinə rəğmən, Orbanın mövqeyi dəyişməyib. Onu da qeyd edək ki, SSRİ dağılandan sonra bütün postsovet məkanında ciddi sosial-iqtisadi böhran yarandı. Bu səbəbdən Azərbaycandan 70 min yəhudi İsrailə köçdü. Ancaq məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Azərbaycandan köçən yəhudilər ölkəmizin lobbi maraqlarını təmsil edirlər. Bunu Prezident İlham Əliyev də çıxışlarında xüsusi olaraq qeyd edib. 

Lobbi işinin qurulması böyük vaxt tələb edir

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, dost ölkələr hesabına lobbi fəaliyyətinin gücləndirilməsinə zərurət böyükdür: “Çünki zamanın tələbi bunu tələb edir. Dünyada 200-ə qədər dövlət var. Hər ölkədə azərbaycanlı yaşamır. Bu səbəbdən biz dost ölkələrin imkanlarından səmərəli istifadə etməliyik. Necə ki, Qoşulmama Hərəkatında təmsil olunan ölkələr hesabına Azərbaycan nüfuzunu gücləndirdi. Məhz elə bu etimadın nəticəsi idi ki, Azərbaycan 4 il Qoşulmama Hərəkatına sədrlik etdi. Lobbi işinin qurulması böyük vaxt tələb edir. Əsas olan odur ki, bu istiqamətdə işləri düzgün, müasir dövrün tələblərinə uyğun qurasan. Bu işlə sırf peşəkarlar məşğul olsun. Hesab edirəm ki, sözügedən məsələdə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin, konsulluqların üzərinə böyük iş düşür. Çünki ilk növbədə xariclə əlaqələri qurmaq vəzifəsi onların üzərinə düşür. Nə dərəcədə işləri effektiv quracaqlarsa, bu bir o qədər Azərbaycanın maraqlarına uyğun olacaq. Bundan faydalanan Azərbaycan olacaq. Dost ölkələrdə lobbi fəaliyyətinin gücləndirilməsi hansısa təhdidlərin önlənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Seçilən
16
baki-xeber.com

1Mənbələr