AZ

“Barsa”nın seriyası qırıldı, Madrid derbisi “sülh”lə bitdi - ŞƏRH

La Liqada hesabat turu “Barselona”nın qələbə seriyasının qırılmasıyla əlamətdar oldu. Amma “Real”ın məğlubiyyətsiz oyunlar seriyası davam edir.

“Ağ şimşəklər” Madrid derbisində “Atletiko” ilə heç-heçə etdi. “Real Sosyedad”ın 5 turluq fasilədən sonra qələbə qazanmasını da qeyd etməyə dəyər.
Prinsipcə “Barselona”nın gec-tez büdrəyəcəyi gözlənilirdi. Ancaq çətin ki, kimsə kataloniyalıların “Osasuna”ya belə asanlıqla təslim olacağını düşünərdi. Əlbəttə, irad tutulası ilk şəxs Flikdi. Almaniyalı baş məşqçi liderlərinin və əsas qapıçısının zədəsi fonunda şübhəli eksperimentlər etmişdi.

Çempionlar Liqasında “Yanq Boyz” ilə ev oyunu ərəfəsində gücü qorumağa dəyərdimi? Düşündürücü sualdı. “Osasuna” artıq ilk yarıda iki qol vurmaqla qələbə yolunda inamlı addım atdı. Əvvəlcə Budimir, ardından Saraqosa qonaqları müdafiədəki laqeyd oyuna görə cəzalandırdı. 2-ci hissənin əvvəlində səhv etmək növbəsi “Osasuna”nın qapıçısı Erreraya çatdı. Bundan yararlanan Viktor fərqi azaltdı. Ancaq 72-ci dəqiqədə Budimir özü qazandığı penaltini qola çevirməklə oyunun taleyini həll etdi. Sona yaxın Bretones 4-cü qolu da vurdu. Sonradan oyuna qoşulan Yamalın gücü isə fərqi azaltmağa çatdı. Sonda Torres də topu dirəyə vurdu. Beləliklə, “Barsa”nın qələbə seriyası 7-də qırıldı, Flik Xerardo Martinonun 8 oyunluq rekordunu təkrarlaya bilmədi.
Gözlənildiyi kimi, “Atletiko” – “Real” oyunu yetərincə əsəbi və ehtiyatlı alındı.

İlk yarıda təşəbbüsə yiyələnən “Real” təhlükəli vəziyyətlər yaratmağa çalışırdı. Bununla belə, hər iki qapı önündə belə vəziyyətlərin sayı az idi. Hər iki komanda daha çox standart vəziyyətlərə və əks-hücumlara bel bağlayırdı. “Atletiko” fasilədən sonra Simeonenin yerdəyişmələri sayəsində bir qədər canlansa da, hissənin ortalarında qol buraxdı. “Real” heç də birmənalı qiymətləndirilməyən cərimə zərbəsi qazandı və hesab açıldı – Vinisiusun ötürməsindən sonra Militao fərqləndi. Kurtua bu qolu çox emosional şəkildə qeyd etdi, onun qoruduğu qapının arxasında qərarlaşan azarkeşləri qıcıqlandırdı. Belədə belçikalı qapıçının üzərinə alışqan, zibil paketi yağmağa başladı. Vəziyyətin nəzarətdən çıxmaq üzrə olduğunu görən referi Mateo Buskets Ferrer 70-ci dəqiqədə oyunu dayandırdı, stadionda elan olundu, ardından komandalar paltardəyişmə otağına yollandı. Dieqo Simeone və “Atletiko”nun bəzi oyunçuları da azarkeşləri sakitləşdirməyə çalışırdı. Nəhayət, 15 dəqiqəlik fasilədən sonra oyun bərpa olundu. “Hindular” hesabı bərabərləşdirmək üçün çox canfəşanlıq etdi. Sonradan meydana çıxan Korrea uzatma dəqiqələrində bərabərlik qolunu vurmağı bacardı. Əslində bu heç-heçə “Barsa”nın işinə yaradı. Bununla belə, etiraf etmək lazımdı ki, “Real”la “Atletiko”nun heyəti kataloniyalılarla müqayisədə daha genişdi.

Turun qalan oyunlarına gəlincə, İspaniyanı ÇL-də təmsil edən “Jirona”nın qələbəsiz oyunlar seriyası 4-ə çatdı. Kataloniyanın kiçik təmsilçisi səfərdə “Selta” ilə heç-heçə etdi. “Atletik” – “Sevilya” oyununun gedişində maraqlı hadisə baş verdi. 82-ci dəqiqədə meydan sahiblərinin qapıçısı Agirresabala qovuldu. Belədə Ernesto Valverde hücumçu Niko Uilyamsı qapıçı Padilya ilə əvəzlədi. O isə 90+3-cü dəqiqədə avtoqola səbəbkar oldu. Səfərdə “Valyadolid”i məğlub edən “Malyorka” liderlər qrupuna yaxınlaşdı. Son 5 turda qələbəyə həsrət qalan “Real Sosyedad” bütün acığını “Valensiya”dan çıxdı. “Xetafe” – “Alaves”, “Betis” – “Espanyol” oyunlarında meydan sahibləri qələbə qazandı, “Rayo Valyekano” – “Leqanes” oyununda tərəflər məhsuldar heç-heçəyə razılaşdı. Turun dünən axşam keçirilən son oyununda “Las Palmas”ı məğlub edən “Vilyarreal” 3-cü pilləyə yüksəldi.

8-ci tur
Osasuna – Barselona 4:2

Budimir, 18; 72-p. Saraqosa, 28. Bretones, 85 – Viktor, 53. Yamal, 89. (22322)
Barselona: Penya, Martin (Balde, 70), Kubarsi, Dominges (Fort, 85), Kunde, Pedri, E.Qarsiya, Torre (Rafinya, 59), Viktor (Yamal, 59), Torres, Levandovski (Kasado, 70).

Atletiko – Real 1:1
Korrea, 90+5 – Militao, 64. (70112)
Atletiko: Oblak, Lyorente, Mandava (Qalan, 75), Ximenes, Le Norman, Molina (Koke, 46), Qrizmann, Qallaher (Korrea, 70), De Paul, Alvares (Rikelme, 75), Sörlot (Lino, 56).
Real: Kurtua, Mendi, Rüdiger, Militao, Karvaxal, Bellingem, Valverde, Çuameni, Modriç (Vaskes, 86), Vinisius (Endrik, 87), Rodriqo (F.Qarsiya, 90).

Selta – Jirona 1:1
Aspas, 81 – Errera, 38. (21347)

Atletik – Sevilya 1:1
Xaureqisar, 36 – Padilya, 90+3-öz qapısına. (48288)

Valyadolid – Malyorka 1:2
Sançes, 90+4 – Larin, 59. Fernandes, 83. (20338)

Real Sosyedad – Valensiya 3:0
Kubo, 8. Oskarsson, 80; 90+2. (32332)

Xetafe – Alaves 2:0
Arambarri, 42. Milya, 58-p. (10006)

Betis – Espanyol 1:0
Lo Çelso, 85. (53065)

Rayo Valyekano – Leqanes 1:1
Kamelyo, 8 – Krus, 55. (13186)

Vilyarreal – Las Palmas 3:1
Pepe, 45. Barri, 84. Baena, 90+7 – F.Silva, 47. (18159)

1. Barselona 8 7 0 1 25-9 21
2. Real 8 5 3 0 17-6 18
3. Vilyarreal 8 5 2 1 17-15 17
4. Atletiko 8 4 4 0 12-4 16
5. Atletik 8 4 2 2 12-8 14
6. Malyorka 8 4 2 2 8-6 14
7. Osasuna 8 4 2 2 12-13 14
8. Betis 8 3 3 2 8-7 12
9. Rayo Valyekano 8 2 4 2 9-8 10
10. Selta 8 3 1 4 15-15 10
11. Alaves 8 3 1 4 11-12 10
12. Jirona 8 2 3 3 9-11 9
13. Sevilya 8 2 3 3 8-10 9
14. Real Sosyedad 8 2 2 4 6-7 8
15. Xetafe 8 1 4 3 5-6 7
16. Leqanes 8 1 4 3 5-9 7
17. Espanyol 8 2 1 5 7-12 7
18. Valensiya 8 1 2 5 5-13 5
19. Valyadolid 8 1 2 5 4-17 5
20. Las Palmas 8 0 3 5 9-16 3


Bombardirlər: Levandovski (Barselona) – 7, A.Peres (Vilyarreal) – 6, Rafinya (Barselona), Mbappe (Real), Lo Çelso (Betis) – 5.

Növbəti turun oyunları 4-6-sı aralığında keçiriləcək: Leqanes – Valensiya, Espanyol – Malyorka, Xetafe – Osasuna, Las Palmas – Selta, Valyadolid – Rayo Valyekano, Real – Vilyarreal, Jirona – Atletik, Alaves – Barselona, Sevilya – Betis, Real Sosyedad – Atletiko.

Turun rəqəmi
40 – “Real” La Liqada məğlubiyyətsiz oyunlar seriyasını bu həddə çatdırdı. Turnirin rekordu isə “Barselona”ya məxsusdu (43). Bütün turnirləri nəzərə alsaq, madridlilər yanvardan bəri, yəni son 36 oyunda heç kimə uduzmayıb.

Turun ulduzu
Ante Budimir (Osasuna) – bu komandanın heyətində fərqlənənlər çox olsa da, xorvat veteranı seçdik. O, həm hesabı açdı, həm də oyunun həlledici məqamında penalti qazanmaqla “Barsa”nın müqavimətini qırdı.

Turun sitatı
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Zədəli oyunçumuz çoxdu, ancaq bu bəraət deyil. Heyətimizə baxsaz, hazırda cəmi üç yarımmüdafiəçimiz və yarımmüdafiəçi mövqeyində oynayan bir müdafiəçimiz var. Çətindi, ancaq bu durumla barışmaq lazımdı. Belə məğlubiyyəti qəbul etməliyik. Heç də yaxşı oynamadıq. Belə oyun gözləmirdim. Yamal ehtiyatda qalmışdı? Bu məğlubiyyətin günahını kiminsə üzərinə qoymaq istəyirsizsə, o mənəm. Bu mənim günahımdı. Heyətdə rotasiya etməli oldum, bu vacib idi”.


Reaksiyalar
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Hesab edirəm ki, hakim oyunu dayandırmaqla düz etdi. Heç kim dayanmaq istəməsə də, hakimin qərarı düz idi. Tam fərqli heç-heçədi. Ona görə ki, biz qələbəyə çox yaxındıq. Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq. Mən həmişə mənfini yox, müsbəti düşünürəm. Liderə 1 xal da yaxınlaşdıq. Sürətli oynamamağımız normaldı. Ona görə ki, çox oyun keçiririk, həmişə sürətli oynamaq mümkün olmur”.
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi: “Biz – oyunun əsas qəhrəmanları azarkeşləri qıcıqlandırmamalıyıq. Adamların buna başqa cür reaksiya göstərmək imkanı yoxdu. Sakit olmaq, hansı vəziyyətdə qolu necə qeyd etməyin lazım olduğunu bilmək lazımdı. Ancaq hüsab edirəm ki, meydana yad əşyalar atan adamları da tapmalı, cəzalandırmalıyıq”.


Fakt
“Barselona” son 40 ildə ilk, tarixində 3-cü dəfə “Osasuna”dan 4 qol buraxdı.
Seçilən
5
football-plus.az

1Mənbələr