AZ

Sumqayıt Kimya Sənaye Parkında İtaliya şirkəti ilə yaşıl layihə həyata keçiriləcək

İtaliyanın “Technip Energies S.p.A.” şirkəti ilə “Piroliz yağı istehsalı” layihəsinin həyata keçirilməsinə dair müqavilə imzalanıb.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Mikayıl Cabbarov və SOCAR prezidenti Rövşən Nəcəf İtaliyanın "Technip Energies" şirkətinin İdarə Heyətinin üzvü və biznes üzrə baş direktoru Marko Villa ilə görüşüb.

Görüşdə bərpaolunan enerji ehtiyatlarına malik olan ölkəmizin yaşıl artım və davamlı inkişaf məkanına çevrilməsi məqsədilə xarici şirkətlərlə fəal əməkdaşlıq edildiyi, mövcud potensialın reallaşdırılmasında beynəlxalq təcrübənin və müasir texnologiyaların tətbiqinin önəmi qeyd olunub. Azərbaycanda beynəlxalq tərəfdaşlarla yaşıl enerjinin istehsalı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verilib.

Tərəflər aşağı karbonlu biznes həllərinə keçid və yeni əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində “SOCAR Downstream Management” MMC, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və İtaliyanın “Technip Energies S.p.A.” şirkəti arasında “Plastik tullantılardan piroliz yağının istehsalı” layihəsi (yaşıl layihə) üzrə Birgə Müəssisənin təsis edilməsi və İştirakçılar haqqında Müqavilə müqavilə imzalanıb.

Ümumi dəyəri 97 milyon avro olan layihənin reallaşdırılması tullantıların səmərəli emalına, sənaye istehsalının təkmilləşdirilməsinə və karbon emissiyasının azaldılmasına stimul verəcək. Eyni zamanda, sənaye məhsullarının müxtəlifliyini və dayanıqlığını artıraraq, ölkənin təbii ehtiyatlarından daha səmərəli istifadəni təmin edəcək. Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa ediləcək zavodda ildə 36 min ton plastikdən 23 min ton piroliz yağı istehsal ediləcək. Layihədə AİŞ 30 faiz, “Technip Energies S.p.A.” 35 faiz, SOCAR 35 faiz iştirak paylarına sahibdir.

Tədbirdə “Plastik tullantılardan piroliz yağının istehsalı” layihəsibarədə təqdimat nümayiş olunub. Layihə üzrə tətbiq ediləcək piroliz yağı texnologiyası plastik tullantıların yüksək temperaturda parçalanması yolu ilə təkrar emal edilməsini təmin edir. Bu, tullantıların azaldılması və yanacaqlara alternativ yanacaq istehsalı ilə karbon izini azaldır.

Qeyd: 60 illik təcrübəyə malik və 15 mindən çox işçi heyəti olan “Technip Energies” şirkəti 34 ölkədə dayanıqlı yanacaq, kimya, tullantıların emalı, qaz və aşağı karbon enerjisi, innovativ texnologiyalar, karbonsuz həllər sahələrində fəaliyyət göstərir.

Seçilən
1
16
yeniazerbaycan.com

10Mənbələr