AZ

Sülhün 3 təminatçısı: “Bakı, Moskva və Ankara…”

"Azərbaycan tərəfi bölgədə sülh üçün hər şey edir. 

Biz Yaxın Şərqdə baş verənlərin Cənubi Qafqaza sirayət etməməsi üçün Bakı ilə aktiv şəkildə əlaqədəyik".

Bu sözləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Serqey Narişkin Azərbaycan mətbuatına açıqlamasında bildirib. Səfər zamanı Serqey Narişkin Azərbaycanın dövlət rəsmiləri ilə bir sıra görüşlər keçirib. 

Görüşlərdə beynəlxalq vəziyyət, iki ölkənin xüsusi xidmət orqanları arasında qarşılıqlı əməkdaşlığın istiqamətləri müzakirə olunub. 

Narişkinin Bakıya səfəri onu göstərir ki, artıq Moskva Azərbaycanın Cənubi Qafqazda lider ölkə olduğunu qəbul edir. 

Regionda sülhün və təhlükəsizliyin bərqərar olunmasına yönələn proseslər məhz Azərbaycan, Rusiya və Türkiyə arasında üçtərəfli əməkdaşlıq çərçivəsində nizamlana bilər. 

Məsələ ilə bağlı Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu “Cebheinfo.az”-a şərhində qeyd edib ki, qeyri-regional aktorların Cənubi Qafqazda proseslərə müdaxilə cəhdləri regionda sülhün təmin olunmasını əngəlləyir: 

“Hər bir regionun tarixən formalaşmış və özünə məxsus güc balansı var. Şübhəsiz ki, Rusiya ilə Yaxın Şərq və Avropa ilə Mərkəzi Asiya arasında yerləşən Cənubi Qafqaz coğrafiyasında tarixin müxtəlif mərhələrində ənənəvi güc balansı formalaşıb. Doğrudur, nə zamansa aktorlar dəyişə bilər, amma bütün hallarda bu tarazlıq maraqların uzlaşmasından keçməlidir. 

İstənilən regiona qeyri-regional aktorların müdaxiləsi yeni problemlər yaradır. Nəticə etibarilə ənənəvi maraqların toqquşmasına yeni qüvvələr cəlb olunur. Hazırda Cənubi Qafqaz da belə vəziyyətdədir. Bu regionda prosesləri nizamlaya biləcək aktorlar Azərbaycan, Rusiya və Türkiyədir”. 

Deputat bildirib ki, belə bir halda qeyri-regional güc mərkəzlərin, xüsusilə ABŞ və Fransanın regiondakı proseslərə müdaxilə cəhdləri  mürəkkəb vəziyyət yaradır:

“Hesab edirəm ki, Rusiya, Türkiyə və Azərbaycan üçbucağı regionda həlledici və mühüm faktordur. Yalnız Bakı, Moskva və Ankara Cənubi Qafqazda sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edə bilər. Ötən dörd il müddətində Ermənistanın regiona kənar qüvvələri daxil etməsi sülhün bərqərar olunmasına imkan vermir. 

Bu halda hərbi eskalisiya baş verir, Ermənistan silahlandırılır. 

Ermənistanın bu addımları region ölkələri – Azərbaycan, Rusiya və Türkiyənin maraqlarına ziddir. Ona görə də Yaxın Şərq və Şərqi Avropada müharibənin genişləndiyi bir zamanda Azərbaycan, Rusiya və Türkiyə Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması üçün birgə səylərini artırmalıdır”. 

Seçilən
22
cebheinfo.az

1Mənbələr