AZ

Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb

ABŞ Konqresində Ermənistandakı revanşistlərə maliyyə yardımı ayrılması barədə təşəbbüsləri Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri hiddətlə qarşılayıb.

Olaylar xəbər verir ki, bir qrup Azərbaycan QHT-si "2024-cü il Arsax gəlirlərinin bərpası haqqında Akt" adlı qanun layihəsinin müəllifi olan ABŞ konqresmeni Adam Şiffə açıq məktubla müraciət edib.

Müraciətdə islamofob Adam Şiffə xatırladılır ki, erməni lobbi qruplarına istinad edərək, Ermənistan tərəfindən məcburi köçkün edilmiş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna diskriminativ yanaşma əxlaqi dəyərlərin təhqir edilməsidir. "750 min azərbaycanlının etnik təmizləməyə, Xocalıda soyqırımına məruz qaldığı və 30 ildən artıq bir müddət ərzində onların geri qayıtmaq hüququndan məhrum edildiyi vaxtda siz tam susdunuz. Ermənistanın yerləşdirdiyi minalar geri qayıtmaq hüququndan istifadə edən günahsız mülki insanları öldürməkdə və şikəst etməkdə davam etdiyi bir vaxtda siz yenə də susursunuz". Müraciətdə belə deyilir. Azərbaycan QHT-ləri Adam Şiffi saxta, qərəzli məlumatlardan ibarət sənədi geri çəkməyə özündə cəsarət tapmağa dəvət edib: "Əks halda, indiki yanaşmanız nəinki Ermənistanın və Azərbaycanın sadə vətəndaşlarına fayda verməyəcək, həmçinin mühüm əhəmiyyət kəsb edən regionda ABŞ-ın maraqlarına böyük zərbə vuracaq".

ABŞ konqresmeni Adam Şiffə müraciəti "Qarabağ İtkin Ailələri" İctimai Birliyi, "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi, "Qərbi Azərbaycan İcması", "Minalar Əleyhinə Azərbaycan Kampaniyası", "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi, "Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" İctimai Birliyi və digər tanınmış QHT-lərin sədrləri imzalayıblar.

Müraciət müəllifləri bildirib ki, tələsik hazırlanmış bu qanun layihəsi ayrı-seçkilik xarakteri daşıyır, birtərəfli və kontekstdən çıxarılmış, əsassız məlumatlar yığınıdır: "Biz başa düşürük ki, Azərbaycana qarşı ayrı-seçkilik etməyinizin əsas səbəbi etnik və dini simpatiyadır. Əgər bu təşəbbüs dəstəklənərsə, belə bir sənəd insan hüquqlarının və beynəlxalq hüququn pozulması olacaq".

Qeyd edək ki, son vaxtlar Azərbaycanın vətəndaş cəmiyyəti ölkəmizə qarşı iftira kampaniyalarına qarşı ciddi reaksiya verir, bu sahədə yüksək fəallıq nümayiş etdirir, ardıcıl bəyanatlar qəbul edir. Bu günlərdə Prezident İlham Əliyev "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi" mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində Azərbaycan vətəndaş cəmiyyətinin itkinlərlə bağlı müxtəlif beynəlxalq təşkilatlara ünvanlandığı müraciətlərə diqqət çəkib və bildirib ki, aidiyyəti beynəlxalq qurumlar bu müraciətlərə səssiz qalmamalı, qətiyyətli addımlar atmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
24
olaylar.az

10Mənbələr