AZ

Tarixi məqam və zərurət...

Qərbi Azərbaycan mühacir hökuməti yaradılmalıdır!

Artıq zamanında Qərbi Azərbaycandan - indiki Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın illər boyunca çəkdikləri torpaq həsrətinə son qoyulmasının, onların doğma yurd yerlərinə qayıdış hüquqlarının təmin edilməsinin vaxtı çatıb. Xüsusilə də 44 günlük Vətən müharibəsindən və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərindən sonra bu məsələ daha da aktuallaşıb. Ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunmasından sonra Qərbi azərbaycanlıların geri dönüşü xalqımızı səfərbər edən növbəti ümummilli ideyaya çevrilib. Bu ümummilli ideyanın müəllifi Prezident İlham Əliyevdir.  Soydaşlarımızın yurd yerlərinə qayıdışına dərin inamını ifadə edən dövlətimizin başçısı “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”, - deyə vurğulayıb.

Hazırda Qərbi Azərbaycan İcması (QAİ) soydaşlarımızın qayıdış hüququnun təmin olunması istiqamətində fəal iş aparır. QAİ-nin çalışmaları sayəsində 200 il ərzində ermənilər tərəfindən doğma ocaqlarından qovulmuş, artıq geriyə qayıda bilmək ümidini itirməkdə olan qaçqınlarda inam yaradılıb, insanlarımız bu ideya ətrafında sürətlə kənd-kənd, rayon-rayon təşkilatlanıb, Qərbi Azərbaycanın 24 rayonu və 277 yaşayış məntəqəsi üzrə icmalar formalaşdırılıb, Azərbaycanın 41 rayonu üzrə nümayəndəliklər qərargahla təmin olunub. Eyni zamanda, məsələ beynəlxalq gündəliyə çıxarılıb. İcmanın yaydığı bir sıra sənədlər BMT-nin rəsmi sənədləri qismində yayılıb. Növbəti mərhələdə isə qarşıda duran əsas vəzifələrdən biri Qərbi Azərbaycan mühacir hökumətinin yaradılmasıdır. 

Böyük bir icmanın beynəlxalq prinsiplərə əsaslanan qayıdış hüququ

Qərbi Azərbaycan icması sıralarında yüz minlərlə insanı birləşdirən böyük bir toplumdur. Ötən əsrin 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərində xalqımıza qarşı mərhələli şəkildə deportasiya və soyqırımları həyata keçirilib. Təkcə sonuncu deportasiya zamanı 3 il ərzində 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən təxminən 300 min soydaşımız zorla qovulub, 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb, bir çoxlarının evləri, əmlakları yandırılıb, yandırılmayanlar isə ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edilib, 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib.

Belə bir böyük toplumun yurd yerlərinə ləyaqətli qayıdış hüquqları təmin olunmalıdır. Soydaşlarımızın istəyi sırf beynəlxalq prinsiplərə əsaslanır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququ zamanında doğma yurd yerlərindən zorla qovulmuş azərbaycanlılara da şamil olunmalıdır.

Qərbi Azərbaycan mühacir hökumətinin yaradılmasını şərtləndirən amillər

İndiki məqamda Qərbi Azərbaycan mühacir hökumətinin yaranması vazkeçilməz zərurətə çevririb. Burada iki mühüm məqama diqqət çəkmək istərdik. Birinci məqam lokal xarakterli antiterror tədbirlərindən sonra ərazilərimizdən qaçaraq Ermənistana gedən separatçıların tör-töküntülərinin, o cümlədən də özünü buraxan qondarma qurumun sonuncu “rəhbəri” S.Şahramanyanın son vaxtlarda İrəvanda yenidən fəallaşmaları ilə bağlıdır. Separatçıların İrəvanda fəallaşmalarına, burada tədbirlər keçirmələrinə və həmin tədbirlərdə Azərbaycana qarşı çağırışlar edilməsinə Ermənistanın müxtəlif dövlət qurumlarının seyirçi münasibət bəsləmələrindən o qənaət hasil olur ki, belə qərəzli fəaliyyətlərə məhz siyasi hakimiyyət rəvac verir. Bu, bir daha təsdiqləyir ki, N.Paşinyan və onun komandası səmimilikdən çox uzaqdır.  QAİ-nin yaydığı müvafiq bəyanatda vurğulanıb ki,  Qərbi Azərbaycan İcması son vaxtlar bir neçə dəfə Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyətinə son qoyulması ilə bağlı çağırış edib. Görünən odur ki, Ermənistan hökuməti nəinki bu addımı atmır, əksinə, üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir.

Paralel şəkildə Ermənistanda revanşizmi alovlandıran, İrəvanı yeni müharibəyə təhrik edən xaricdəki qüvvələr də separatçılara “beynəlxalq” dəstək nümayiş etdirirlər. Fransadan, Avropa Şurası Parlament Assambleyasından gələn təəssübkeşlik bunun təsdiqidir. Ancaq nə Ermənistanın siyasi hakimiyyəti, nə də Qarabağdan könüllü şəkildə köç edən ermənilərin “acınacaqlı” vəziyyətinə dəsmal götürüb göz yaşları axıdan xarici qüvvələr silsilə deportasiyalara məruz qalmış azərbaycanlıların geriyə qayıdış hüququndan bir kəlmə də olsun danışmaq istəmirlər. Haradadır ədalət? Haradadır beynəlxalq hüquq?

İkinci məqam isə Ermənistan hakimiyyətinin irqçi yanaşma sərgiləməsi ilə bağlıdır. Son olaraq Qərbi azərbaycanlılar mövzusunda Ermənistan parlamentinin spikeri Alen Simonyan danışıb. Simonyanın azərbaycanlıları “öz tarixi yurdlarını axtarmaq” adı ilə Altay dağlarına göndərmək barədə fikirlər ifadə etməsi Ermənistanın rəhbər dairələrində irqçilik və etnik müstəsnalıq ideologiyasının hakim olduğunu bir daha ortaya qoyur. Aydın şəkildə görünür ki, bu ölkənin hazırkı rəhbərliyi də mono-etnik dövlət qurmaq siyasətində sələflərinin yolu ilə gedir. Xatırlatmaq yerinə düşər ki, 27 sentyabr 2020-ci ildə Ermənistan tərəfi Azərbaycana qarşı müharibəyə başlayanda bu ölkənin ordusunun baş qərargah rəisi oxşar irqçi bəyanat verərək Ermənistanın hücumunun məqsədinin azərbaycanlıları Altay dağlarına göndərmək olduğunu bildirmişdi. Bunun Ermənistan üçün necə nəticələndiyi hamıya məlumdur.  Simonyanın çıxışı sülh prosesini pozmaq və Ermənistandan qovulmuş azərbaycanlıların geri dönmək hüququna xələl gətirmək cəhdidir. Yeri gəlmişkən, QAİ bəyanat yayaraq Simonyanın ifadə etdiyi irqçi fikirlərə sərt münasibət bildirib. Sənəddə Ermənistan parlamentinin spikeri Alen Simonyanın öz yurdlarından qovulmuş Qərbi azərbaycanlıların tarixi torpaqlarına geri qayıtmaq hüququ ilə bağlı Azərbaycan tərəfinin bəyanatlarını təhrif etməsi və irqçi fikirlər səsləndirməsi qətiyyətlə pislənib. “Simonyanın çıxışı sülh prosesini pozmaq və Ermənistandan qovulmuş azərbaycanlıların geri dönmək hüququna xələl gətirmək cəhdidir. Qərbi Azərbaycan İcması olaraq, Ermənistandan bu cür irqçi ritorikalardan çəkinməyi və Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik”, - deyə bəyanatda vurğulanır.

Bütün bunlardan çıxış edərək deyə bilərik ki, artıq mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin yaradılmasının vaxtı yetişib. Azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı məsələsinə daha sistemli yanaşma olmalıdır. Qərbi Azərbaycandan olan, qaçqın həyatı yaşamış, hətta körpə ikən Qərbi Azərbaycandan valideyinləri ilə çıxmağa məcbur edilmiş deputatlar var ki, onlar daha fəal olmalıdırlar. Parlamentdə bununla bağlı xüsusi komissiyanın yaradılması məsələsinə də baxılsa, yaxşı olar. Bu məqamda vurğulamaq yerinə düşər ki, artıq Qərbi Azərbaycan İcması mühacirət hökumətinin qurulmasının anonsunu verib. “Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü “mühacirətdə olan hökumət” kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi “repatriasiya komissiyası”nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir. Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycan Respublikasında mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq”, - deyə QAİ-nin yaydığı müvafiq bəyanatda bildirilib.

Cəmiyyətdən mühacir hökumətinin yaradılmasına güclü dəstək

“Respondentlərin əksəriyyəti Qərbi azərbaycanlıların könüllü və ləyaqətli qaydada öz torpaqlarına qayıtması üçün Qərbi Azərbaycan mühacir hökumətinin yaradılmasını dəstəkləyir”. Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) Qərbi Azərbaycan mühacir hökumətinin yaradılması barədə rəy sorğusunun nəticələrində qeyd edilib. 

Belə ki, “Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasını dəstəkləyirsinizmi?” sualına respondentlərin 85,5%-i “bəli, dəstəkləyirəm”, 4,4%-i “xeyr, dəstəkləmirəm” cavabını verib. Sorğuda iştirak edənlərin 10,1%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

“44 günlük Vətən müharibəsində əldə olunan qələbə son 30 illə yanaşı, bütün tarixi dövrlərdə köçə məcbur edilən soydaşlarımızın öz əcdadlarına, köklərinə, milli-dini varlığına, maddi və mədəni irsinə dönüş fürsəti yaradıb. Cəmiyyət soydaşlarımızın Qarabağa böyük qayıdış yolu ilə qayıtdığı kimi, 8 noyabr Zəfərinin bütün dövrlərin deportasiyalarına son qoyaraq Qərbi Azərbaycanlıların tarixi yurdlarına qayıdış yollarını da açacağına inanır”, - deyə STM-in nəticələrində qeyd olunub.

Sorğular 2024-cü ilin 17-27 sentyabr tarixlərində, yaşı 18 və yuxarı olan 388 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib.

Mübariz ABDULLAYEV

Seçilən
5
yeniazerbaycan.com

1Mənbələr