Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson tezliklə siyasi həyatı ilə bağlı xatirə kitabını dərc edəcək.

İndex.az xəbər verir ki, İngiltərə mətbuatı tərəfindən hissə-hissə dərc olunmağa başlayan memuarında Conson İsrailin baş naziri Netanyahunun 2017-ci ildə İngiltərəyə səfəri ilə bağlı maraqlı təfərrüatlar paylaşıb.

2016-2018-ci illər arasında xarici işlər naziri vəzifəsini icra edən Conson, səfər zamanı Netanyahunun İngiltərə Xarici İşlər Nazirliyində şəxsi vanna otağından istifadə etdiyini və təhlükəsizlik qrupunun daha sonra orada dinləmə cihazı tapdığını açıqlayıb.

Görüş zamanı Netanyahunun vanna otağından istifadəsi üçün icazə istədiyini qeyd edən Conson, Xarici İşlər Nazirliyindəki şəxsi vanna otağını binanın gizli əlavəsində yerləşən və kişi tualetlərinə bənzər bir yer olaraq xarakterizə edib: “Netanyahu bir müddət orada qaldı və bu təsadüf ola bilər, ya da olmaya bilər, amma mənə məlumat verildi ki, sonradan yoxlanış zamanı tualetdə dinləmə qurğusu tapılıb”, – Conson “Unleashed” kitabında yazır..

Məsələ ilə bağlı İsrailə müraciət edilib-edilmədiyi və ya hadisədən sonra qınaq edilib-edilmədiyi barədə məlumat yoxdur. Digər tərəfdən, eyni dövrdə İsrailin Ağ Evə dinləmə cihazı yerləşdirməklə ittiham olunduğu da məlumdur.

2019-2022-ci illər arasında baş nazir vəzifəsini icra edən Consonun xatirələrini nəşr etdirdiyi kitabın oktyabrın 10-da İngiltərədə rəflərə çıxması gözlənilir.