AZ

bp-nin azad ərazilərdə ilk sərmayəsi

Cəbrayılda inşa ediləcək “Şəfəq” günəş stansiyası “yaşıl sərmayələr”də yeni əməkdaşlığın uğurlu nümunəsidir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və bp arasında uzun illərdir ki, davam edən qarşılıqlı və səmərəli əməkdaşlığın mühüm nəticəsi olaraq oktyabrın 2-də Cəbrayıl rayonunda “Şəfəq” layihəsinin icrasına dair saziş imzalanıb. bp şirkəti ilə SOCAR-a məxsus “SOCAR Green” MMC və “Azərbaycan İnvestisiya Şirkəti” ASC arasında imzalanmış Birgə İştirak Müqaviləsinə əsasən, Cəbrayılda 240 MVt-lıq “Şəfəq” Günəş Elektrik Stansiyası (GES) inşa ediləcək. Layihə çərçivəsində “Virtual Enerjinin Ötürmə Mexanizmi” adlanan yeni kommersiya modelindən ilk dəfə istifadə olunacaq ki, bu da günəş enerjisi istehsalına və əldə olunan enerjinin “AzərEnerji” ASC vasitəsilə milli elektrik şəbəkəsinə ötürülməsinə imkan verəcək. Bu saziş bp şirkətinin azad edilmiş ərazilərdə aparılan iqtisadi proseslərə qoşularaq töhfə verməsi və azad ərazilərin yeni iqtisadi potensialının üzə çıxmasında dəstəyi hesab edilə bilər. Bu baxımdan Azərbaycan hökuməti ilə bp arasında bu əməkdaşlıq gələcəkdə uğurlu layihələrdə eyni niyyətlərini də ifadə etmiş olur.

Qarabağ və Şərqi-Zəngəzurda sərmayələr üçün açar sazişi

“Şəfəq” layihəsi ilk olaraq Cəbrayıl rayonunun iqtisadi inkişafında da mühüm mərhələ açacaq.  Bu rayonun və bölgənin günəş enerjisi potensialından istifadə etməklə Şərqi Zəngəzurun enerji təminatının gücləndirilməsinə, Xəzər dənizi və Səngəçal terminalında karbon emissiyalarının azaldılmasına töhfə verəcək.

Cəbrayıl rayonunda istehsal edilən günəş enerjisinin ölkənin elektrik enerjisi şəbəkəsinin operatoru olan “Azərenerji”yə həmin yerdə çatdırılmasını, “Azərenerji”nin isə sonra eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına verməsini təmin edəcək. Bu da öz növbəsində terminalın həmin bərpa olunan elektrik enerjisindən öz ehtiyacı üçün istifadə etməsinə imkan verəcək.

“Şəfəq” layihəsi, eyni zamanda işğaldan azad edilmiş ərazilərin iqtisadi və “yaşıl enerji” potensialının reallaşdırılması üçün həyata keçirilən təşəbbüslərin real nəticəsi hesab oluna bilər. Layihə Azərbaycanın bərpaolunan enerji potensialının inkişafında mühüm rol oynamaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində görülən genişmiqyaslı işlərə mühüm töhfə verəcək. Qeyd edək ki, Azərbaycanın “yaşıl enerji” strategiyasında əsas potensial güc mənbəyi kimi azad edilmiş ərazilərin resursları xüsusi yer tutur.

Mövcud dəyərləndirmələr göstərir ki, Qarabağ və Şərqi-Zəngəzurda bərpa olunan enerji potensialına görə, digər bölgələrdən qat-qat zəngindir. Bu bölgə hidroenerji, külək və günəş enerjisi, termal suların mənbələrinə görə, ölkə üzrə resursların 30-40 faizinə malikdir. Həmin iqtisadi rayonlardan Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli günəş enerjisinə görə, ən əlverişli potensiala malikdir və enerji gücünün həcmləri 7200 MVt-dan artıq qiymətləndirilir.

Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə start verilməklə ilk elektrik stansiyası istismara cəlb ediləcək. Bundan başqa, Aİ-nin “Nobel Energy” şirkəti ilə imzalanmış sazişə əsasən, Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı mərkəzi yaradılacaq. Laçın və Kəlbəcərin dağlıq ərazilərində həcmi 2000 Mvt proqnozlaşdırılan külək enerjisi stansiyası layihəsi reallaşmaqdadır.

SOCAR-ın digər xarici investorlarla “yaşıl sərmayə” planları...

“Şəfəq” layihəsi açar sazişi hesab edilməklə, bu bölgədə “yaşıl enerji”yə xarici investorların cəlb edilməsinin bünövrəsi kimi dəyərləndirilməlidir. Bundan sonra investorların Qarabağ və Şərqi Zəngəzura axını daha da stimullaşacaq. Hazırda dünyanın ən nəhəng enerji şirkətləri də Azərbaycanda “yaşıl enerji” sektoruna, o cümlədən azad ərazilərə sərmayə planlarını bəyan edib. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə 3 ay əvvəl imzalanmış müqavilələrə əsasən, Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt gücündə iki günəş elektrik stansiyası və Qaradağda 240 MVt gücündə bir külək elektrik stansiyasının inşası nəzərdə tutulur. Ümumi sərmayə dəyəri 1 milyard dollar məbləğində qiymətləndirilən 3 layihənin təməlinin atılması bərpa olunan enerji sektorunda böyük sərmayə bumunun nümunəsi hesab edilə bilər. BƏƏ şirkəti azad ərazilərdə də eyni hidrogen infrastrukturları qurmağı planlaşdırır.

Məsələ ondadır ki, bu prosesdıə də SOCAR əsas investorlardan biri kimi təmsil olunur. SOCAR və “Masdar” şirkəti arasında günəş və külək enerjisinin istifadəsi ilə bağlı imzalanan sazişlər Azərbaycanın enerji keçidində mühüm mərhələnin irəlilədiyini göstərir. Eyni zamanda, quruda və dənizdə “yaşıl enerji” layihələrinin icrasında xüsusi ixtisaslaşmış “Masdar” şirkətinin bu investisiya niyyəti ölkəmizin “yaşıl enerji”yə keçid strategiyasına verdiyi dərin dəstəyin nümunəsi hesab edilə bilər.

Həmçinin, Azərbaycan “Masdar”, “ACWA Power”, “BP”, “Fortescue Future Industries”, “China Gezhouba Group”,”Total Energies”, “Nobel Energy”, “Czech Engineering”, “Baltech” və digər şirkətlərlə sazişlər də imzalayıb. İmzalanmış müqavilələrə əsasən, “yaşlı enerji” ilə bağlı əməkdaşlığa başlanılıb. Bu əməkdaşlıq sazişlərinin icrası çərçivəsində inşa olunan bərpa olunan enerjinin illik istehsalı yaxın 2 ildə 2 QVt-a, 5-6 il ərzində isə 4-5 QVt-a çatmış olacaq.

Əldə edilən “yaşıl enerji”nin böyük bir hissəsi daxili ehtiyacların ödənilməsinə yönəldildikdən sonra, qalan hissəsi xaricə ixrac olunacaq. Bu məqsədlə hazırda “Xəzər-Qara dəniz-Avropa” “yaşıl dəhlizi” yaradılır.

Azərbaycan Cənubi Qafqazın “yaşıl enerji” mərkəzinə çevrilir

Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 faizə qədər azaldılmasını və işğaldan azad edilmiş ərazilərdə “xalis sıfır emissiya” zonası yaradılması niyyətini bəyan edib. Həmin məqsəd və prioritetlərə uyğun olaraq bu bölgədə yaxın 20 ildə alternativ enerji bloklarının tam hərəkətə gətirilməsi nəzərdə tutulur. Bu baxımdan bp, “Masdar” və dünyanın digər iri investorları ilə azad edilmiş ərazilərdəki təmiz enerji mənbələrinin istismarına dair layihələrin icrası nəzərdə tutulan hədəf göstəricilərinə daha tez nail olmaq mümkündür.

Beləliklə, “Şəfəq” layihəsi azad edilmiş ərazilərə birbaşa xarici investisiyaların cəlb edilməsi sayəsində ölkəmizin “yaşıl keçid” siyasətinə uyğun hədəflərinin dəstəklənməsinə də güclü zəmin yaradacaq, Azərbaycan Cənubi Qafqazın yeni enerji gücünün mərkəzi kimi “yaşıl sərmayələrə” açıq və ixracatçı ölkəyə çevriləcək.

E.CƏFƏRLİ

Seçilən
4
yeniazerbaycan.com

1Mənbələr