AZ

Nazirin müşaviri çox mürəkkəb hədəfdən danışdı- maşınları 40 faiz azaltmaq olarmı?..

Image

Fuad İbrahimov: “Bunu reallaşdırmaq çətin məsələdir və o qədər də asan olmayacaq”

Əsas məqsədimiz özəl maşınların istifadəsini 30-40 faiz azaltmaqdır. Bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günündə “İqlimə dayanıqlı infrastruktur və nəqliyyat üzrə yüksək səviyyəli sessiya”da çıxışı zamanı deyib.

Nazirin müşaviri bildirib ki, Azərbaycan Paris sazişinə qoşulandan sonra öhdəliklər götürüb. Buraya karbon və digər istixana qazlarının emissiyalarının azaldılması daxildir: “Biz milli fəaliyyət planı qəbul etmişik və buradakı əsas məqsədlərdən birinə uyğun olaraq insanları daha çox dayanıqlı nəqliyyat vasitələrindən istifadəyə həvəsləndiririk. Əsas məqsədimiz özəl maşınların istifadəsini 30-40 faiz azaltmaqdır. İstəyirik ki, ictimai nəqliyyat daha çox təşviq olunsun, istifadəsində 60-70 faiz artım olsun. Yaxın 1-2 kilometr məsafəyə gediş üçün taksi istifadəsini məhdudlaşdırmağa çalışırıq. Bu formada tikinti və infrastrukturun saxlanılması xərclərini optimallaşdırmaq istəyirik. Bundan başqa, smart texnologiyaların inteqrasiyasına çalışırıq ki, ictimai nəqliyyat sistemi daha səmərəli işləsin. Biz ictimai nəqliyyat sistemində yeni bir təşəbbüsün həyata keçirilməsinə başlamışıq. 160-a yaxın elektrik avtobusu almışıq”.

Maraqlıdır, özəl avtomobillərin istifadəsinin 30-40 faiz azaldılması ümumiyyətlə nə dərəcədə real təsir bağışlayır? Prinsipcə, belə açıqlama ilk baxışdan cəlbedici görsənir, amma bu nə dərəcədə mümkün ola bilər? Nəzərə almaq lazımdır ki, ölkədə şəxsi avtomobillərə maraq, bu maşınların idxalı getdikcə artır. Belə baxanda bunun üçün birinci növbədə avtomobil idxalı məhdudlaşdırılmalıdır. Bir sözlə, bu çətin vəzifənin öhdəsindən gəlmək mümkündürmü?

“Şəxsi avtomobillərdən istifadənin azaldılmasının bir neçə istiqaməti var”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisadçı-ekspert Fuad İbrahimov buna birmənalı yanaşmadı: “Bunu reallaşdırmaq çətin məsələdir və o qədər də asan olmayacaq. Şəxsi avtomobillərdən istifadənin azaldılmasının bir neçə istiqaməti var. Bunun üçün ilk növbədə stimullaşdırıcı vasitələr lazımdır. Əgər Azərbaycanda ictimai nəqliyyatın elastikliyi mümkün olsaydı, yəni vətəndaş evdən çıxanda istənilən nəqliyyata əlçatanlığı olsaydı, əhali çoxdan ictimai nəqliyyata önəm verərdi. Problem ondadır ki, bunun özü bizdə yoxdur. Olanlar da problemlidir, tıxaclar var, qeyri-çevikdir və s. Nəzərə almaq lazımdır ki, Bakıda metronun intensivliyi arzuolunan səviyyədə deyil. Bakı kimi çoxsaylı əhalisi olan şəhərdə 27 metro stansiyası var. Bakı kəndlərinin bir neçəsinə elektrik qatarları işləmir. Halbuki, 20 il əvvəl həmin qatarlar işləyirdi. Şəhərətrafı yaşayış məntəqələrinə getmək üçün sərnişinlər bir neçə marşrut dəyişməli olur. Bütün bu əziyyətlərə görə insanlar şəxsi minik avtomobillərinə üstünlük verirlər. Nə qədər ki bu problemlər öz həllini tapmayıb, buna nail olmaq mümkün olmayacaq. Digər tərəfdən, marşrutlarda ödəniş diferensial olmalıdır. Vətəndaş 3 dayanacaq gedirsə və buna görə 70 qəpik ödəyirsə, bu, ədalətli deyil. Ona görə də bu kimi məsələlər şəxsi nəqliyyatların sayına öz təsirini göstərir. Bu məsələlərin hansısa formada həlli, tənzimlənməsi vacibdir. Elə ölkələr var ki, tıxacın qarşısını almaq üçün şəhərlərarası ictimai nəqliyyatı pulsuz edirlər. Bizdə isə Bakı-Sumqayıt elektrik qatarında qiymətləri 80 qəpikdən qaldırıb 1 manat 20 qəpik etdilər. Ona görə də şəxsi avtomobillərin 30-40 faiz azaldılması çətin olacaq”.

Vidadi ORDAHALLI





Seçilən
17
baki-xeber.com

1Mənbələr