AZ

Məktəblər niyə kriminal mərkəzlərə çevrilir? (ŞƏRH)

"Əgər valideyn uşağının məktəb çantasını və ya cibində nə daşıdığını bilmirsə, bu, onların uşaq üzərindəki nəzarətinin yetərsiz olduğunu göstərir".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov orta məktəbdə baş verən bıçaqlaşma zamanı şagirdin bıçaq zərbəsindən dünyasını dəyişməsi hadisəsinə münasibət bildirərkən deyib.

Ekspert qeyd edib ki, son günlər məktəblilər arasında bıçaqlanma hallarının artması cəmiyyətin ciddi narahatlığına səbəb olur:

"Belə halların artması yalnız fərdi hadisə kimi qəbul edilməməli, geniş miqyasda analiz olunmalı və ciddi tədbirlər görülməlidir. Ən  əsas sual isə budur: şagirdlər soyuq silahla məktəbə niyə gedir? Valideyn, məktəb və cəmiyyət bu prosesdə hansı rol oynayır? Problemin kökündə nə dayanır və onu necə həll edə bilərik? İlk növbədə şagirdlərin soyuq silahla məktəbə getməsi ailə nəzarətinin zəifliyi ilə əlaqədar ola bilər”. 

Ekspert bildirib ki, valideynlərin bir çoxu uşaqlarına lazımi diqqəti yetirmirlər:

"Evdə valideynin daimi nəzarətinin olmaması, şagirdlərin davranışını izləməmək, onların həyat tərzi və maraqları barədə məlumatlı olmamaq  bu cür aqressiv davranışlara yol açır". 
 


Kamran Əsədov deyib ki, bu məsələdə məktəblərin də məsuliyyəti danılmazdır:

"Təhlükəsizlik tədbirlərinin artırılması, məktəbdaxili nəzarət mexanizmlərinin gücləndirilməsi mütləqdir. Bir çox məktəblərdə  təhlükəsizlik qaydalarına yetərincə əməl olunmur, məktəb ərazisinə kənar şəxslərin girişinə nəzarət zəifdir. Bu səbəbdən şagirdlərin  özləri ilə bıçaq kimi təhlükəli əşyalar gətirməsi daha asan olur. Məktəblərdə təhlükəsizlik kameralarının quraşdırılması, dərs müddətində  şagirdlərin məktəbə daxil olma və çıxma hərəkətlərinin daha sıx izlənməsi zəruridir".
 
Ekspertin sözlərinə görə, aqressiyanın artmasının digər səbəbləri sosial və psixoloji amillərlə bağlıdır:

"Şagirdlərin ailədə və cəmiyyətdə qarşılaşdıqları gərginlik, sosial təzyiqlər və zorakılıq hallarının təsiri altında olması aqressiv davranışlara yol aça bilər. Sosial şəbəkələr və media vasitəsilə zorakılığın təbliği, aqressiv  davranışların "qəhrəmanlıq” kimi göstərilməsi, şagirdlərin təsir altına düşməsinə səbəb olur.  Bundan başqa, ailədaxili zorakılıq, valideynlərin arasındakı münasibətlərdə olan gərginlik, uşaqlara yetərincə diqqət və qayğının göstərilməməsi onların özünə inamsızlığını artırır, öz problemlərini zorakılıqla həll etməyə meyilləndirir".

Bəs, bu halın qarşısını necə ala  bilərik? Ekspert bunun çıxış yollarını açıqlayıb:

"Birincisi,  psixoloji dəstək sistemi gücləndirilməlidir. Məktəblərdə psixoloqların rolu artırılmalı, şagirdlərə müntəzəm psixoloji  dəstək verilməli, aqressiv davranışların kökündə duran səbəblər araşdırılmalıdır. Bu həm  məktəbdə, həm də ailədə psixoloji maarifləndirmə proqramları vasitəsilə həyata keçirilməlidir. İkincisi, valideynlərin məsuliyyətinin artırılması və maarifləndirilməsi vacibdir. Valideynlər uşaqların gündəlik həyatına daha çox maraq göstərməli, onların duyğusal vəziyyətinə diqqət yetirməlidirlər. Uşaqlarla düzgün ünsiyyətin qurulması, onları anlamaq və onlara dəstək olmaq, uşaqların mənəvi və psixoloji ehtiyaclarını qarşılamaq üçün vacib addımlardır. Üçüncüsü, məktəblərdə zorakılığa qarşı ciddi qaydalar və tədbirlər görülməlidir. Şagirdlər arasında zorakılıqla bağlı halların baş verməsinə qarşı sıfır tolerantlıq siyasəti tətbiq olunmalı, belə halların qarşısı məktəb rəhbərliyi tərəfindən ciddi şəkildə alınmalıdır. Məktəblərdə nizam-intizam qaydaları yenidən nəzərdən keçirilməli və şagirdlərin davranışlarına xüsusi diqqət yetirilməlidir”.

Kamran Əsədov sonda xüsusi vurğulayıb ki, məktəblərdə və cəmiyyətdə aqressiyanın artması kompleks bir problemdir:

"Onun həlli üçün həm valideynlər, həm məktəb rəhbərliyi, həm də cəmiyyət üzərinə düşən məsuliyyəti anlamalı və ona uyğun tədbirlər görməlidirlər. Təhsil sistemində və cəmiyyətdə bu məsələyə diqqət artırılmalı, hər bir şagirdin təhlükəsiz və sağlam mühitdə böyüməsinə təminat verilməlidir. Aqressiyanın qarşısını almaq üçün həm təhsil, həm də psixoloji dəstək tədbirləri birgə işləməlidir”. 

Qeyd edək ki. Bakıda bıçaqlanma hadisəsi baş verib. Hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 10-cu sinif şagirdi 2008-ci il təvəllüdlü A.S (şərtidir) D. N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilsə də həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Bahar Rüstəmli

Seçilən
0
3
qaynarinfo.az

4Mənbələr