AZ

Qarabağ Dirçəliş Fondunun yalnız universitetlərdə görüşü kifayət edir?..

Image

Məhərrəm Zülfüqarlı: “Tələbənin maddi yardım göstərmək üçün heç bir imkanı yoxdur, amma biznes qurumlarının, şirkətlərin maliyyə imkanı genişdir”

Oktyabrın 1-də gənclərin maarifləndirilməsi məqsədilə Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib.

Tədbirdə Vətən müharibəsində qazanılan tarixi qələbədən sonra qarşımızda duran əsas vəzifələrdən də danışılıb. Bu sahədə gənclərin və tələbələrin üzərinə də böyük məsuliyyət düşdüyü, Qarabağın bərpası ilə bağlı aparılan müzakirələrdə və keçirilən tədbirlərdə tələbələrin də fəal iştirak etmələrinin təqdirəlayiq hal olduğu, işğaldan azad edilmiş ərazilərin bərpasında tələbələrin və gənclərin rolundan danışılıb. Fondun tələbələrlə, gənclərlə mütəmadi görüşlər keçirməsinin böyük əhəmiyyət daşıdığı, gənclərin bu işdə fəal iştirak etməli olduğu deyilib.  

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu daha öncə Bakı Ali Neft Məktəbində (BANM), Bakı Dövlət Universitetində (BDU), Azərbaycan Dillər Universitetində (ADU), Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) və Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) gənclər və tələbələrin iştirakı ilə maarifləndirici görüşlər keçirib.

Sözsüz ki, tələbələrlə belə görüşlərin keçirilməsi lazımdır. Ancaq daha yaxşı olmazmı ki, belə görüşlər həm də iri və orta biznes dairələri ilə keçirilsin? Çünki tələbənin nəyi var ki, Fonda yardım etsin, ancaq biznesmenlərin imkanları genişdir. 

“Bu prosesdə tələbələrin iştirakı mümkün deyil, çünki tələbələr maddi baxımdan imkanlı təbəqə deyil”

Professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı görülən işlərlə bağlı gənclərin məlumatlandırılması çox müsbət haldır. M.Zülfüqarlının fikrincə, bu işlərin görülməsi vətənpərvərlik ruhunun güclənməsinə, gənclərin gələcəkdə bu işlərdə fəal iştirakına kömək edə bilər. “Qarabağ Dirçəliş Fondunun ali məktəblərdə belə görüşlər keçirməsi təqdirəlayiq haldır. Bu, gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəlməsinə dəstəkdir, Qarabağda gedən işlərlə onları tanış etməkdir. Qaldı gənclərin bu prosesdə iştirakına, fikrimcə, hazırkı dövrdə tələbənin o işdə iştirakı ağlabatan deyil. Çünki tələbələr oxumaqla, təhsil almaqla məşğul olmalıdırlar. Onlar gələcəkdə mütəxəssis kimi formalaşdıqdan sonra hansısa müəssisədə, özəl sektorda çalışa, prosesə cəlb oluna  bilərlər. Yəqin o tədbir keçirənlərin məqsədlərindən biri də odur ki, onları gələcəyə hazırlasınlar. Amma hazırkı dövrdə universitetlərdə bunu keçirmək, tələbələri də bu işə cəlb etmək hardasa Sovet dövrü ənənələrini xatırladır. Bilirsiz ki, Sovet dövründə tələbə-inşaat dəstələri təşkil olunur, Rusiyanın ayrı-ayrı şəhərlərinə, işçi qüvvəsi çatışmayan vilayətlərə göndərilirdi. Bu, yay tətilləri vaxtı baş verirdi. Bu prosesdə bir müəllim kimi mən də iştirak etmişəm. Gələcəkdə kimsə bu cür təşəbbüs göstərsə, bunun müsbət qarşılanmayacağına indidən zəmanət verirəm. Çünki bu, Sovet rejiminin bilavasitə inzibati qaydada tələbələri zorla tələbə-inşaat dəstələrinə göndərməsi idi ki, buna da o vaxt tarix fakültəsinin tələbələri divar qəzeti çıxarmaqla etiraz etmişdilər. Yəni demək istəyirəm ki, bəzi şəxslərin o cür tədbirlərdə durub təkliflərlə çıxış etməsi bizə lazım deyil. Biz gələcəkdə gənclərimizin yaxşı təhsil almasının, mütəxəssis kimi bu işlərə cəlb olunmasının tərəfdarıyıq, nəinki tələbə vaxtı. İndi tələbənin nə o fonda pul köçürmək üçün maddi, nə də gedib orada işləmək üçün fiziki imkanı var. Təhsil proqramı çox sıxdır. Ona görə də, mənə elə gəlir ki, bu tədbirləri keçirənlər əsas diqqəti gənclərin vətənpərvərlik tərbiyəsinə və 44 günlük müharibədə, 23 saatlıq antiterror tədbirlərində xüsusi əməliyyatlarda əsgərlərimizin qəhrəmanlığının təbliğinə yönəltməlidirlər. Onların qəhrəmanlığı geniş şəkildə təbliğ olunmalıdır. 

Fondun işi isə birbaşa bura maliyyə vəsaiti toplamaq və Qarabağın dirçəlişinə kömək etməkdir. Qeyd etdiyimiz kimi də, bu prosesdə tələbələrin iştirakı mümkün deyil, çünki tələbələr maddi baxımdan imkanlı təbəqə deyil”.

M.Zülfüqarlı hesab edir ki, Fond maliyyə toplama kampaniyasını iri şirkətlərdə, biznes qurumlarında keçirərsə bunun daha böyük faydası olar. Tələbənin maddi yardım göstərmək üçün heç bir imkanı yoxdur, amma biznes qurumlarının, şirkətlərin maliyyə imkanı genişdir. “Fond bu cür tədbirləri şirkətlərdə keçirərsə bunun maddi cəhətdən effekti daha yaxşı olar” - deyə M.Zülfüqarlı əlavə etdi.

İradə SARIYEVA





Seçilən
6
baki-xeber.com

1Mənbələr