AZ

Bəhruz Məhərrəmov: “COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun göstəricisi və ümummilli qələbəmiz sayılır”

“COP29 Azərbaycanın müstəqillik tarixində ölkəmizin ev sahibliyi edəcəyi ən iri miqyaslı tədbirdir. Dünyanın 200-ə yaxın dövlətindən 80 mindən çox insanın iştirak edəcəyi bu tədbirə ev sahibliyi cənab Prezidentin özünün də qeyd etdiyi kimi, Azərbaycana  beynəlxalq ictimaiyyətin real hörmət, ehtiram və etimadının göstəricisidir. Xüsusən Vətən müharibə və antiterror tədbirləri sonrası Azərbaycan əleyhinə qarayaxma kampaniyalarına start verildiyi bir dönəmdə qlobal ictimaiyyətin belə bir tədbirin Azərbaycanda keçirilməsinə razılıq verməsi həm də Bakının regionda yaratdığı reallıqlara beynəlxalq miqyasda yaşıl işıq yandırılması deməkdir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib. O bildirib ki, COP29-un Azərbaycanda keçirilməsinə razılıq verən və tədbir çərçivəsində nümayəndəsi ölkəmizə təklif buyuracaq hər bir dövlət faktiki olaraq Azərbaycanın Cənubi Qafqazdakı yeni konfiqurasiyasını qəbul etdiyini göstərməkdədir:

“Azərbaycanın COP29-a ev sahibliyinin digər diqqət çəkən məqamı da ondan ibarətdir ki, bu platforma Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, ölkəmiz ətrafında formalaşdırmağa çalışılan təzyiq çəmbərinin növbəti dəfə darmadağın edilməsi üçün mühüm imkana çeviriləcək. Yəni əvvəlki dövrlərdə haqq səsini çatdırmaq üçün platforma axtaran Azərbaycan indi özü həmin platformaya ev sahibliyi etmiş olacaq. Təbii ki, siyasi əhəmiyyəti ilə yanaşı COP29 Azərbaycan üçün həm də ciddi iqtisadi dividentlər vəd edir. Faktiki olaraq BMT Baş Assambleyasının toplantılarından sonra ən iri miqyaslı tədbir kimi COP29-un Azərbaycanda təşkil olunması ölkəmizdə sağlam etibarlı və təhlükəsiz mühitin olduğunu göstərməklə beynəlxalq investorların bölgəmizə diqqətini artıracaq. Xüsusən Azərbaycanın alternativ enerji sahəsində ortaya qoyduğu  aydın istiqamət fonunda bu sahəyə artan marağa bir daha şahidlik etmiş olacağıq. Bütün bunların fonunda COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətini ümumiləşdirsək bu proses Azərbaycanın artan nüfuzunun, dövlətimizin yeni reallıqlar yaradan hərbi-siyasi güc kimi imkanlarının inikası olmaqla ümummilli qələbəmiz sayılmalıdır”.

Mehriban Mirzəzadə
Demokrat.az
Seçilən
37
demokrat.az

1Mənbələr