AZ

Həm sülh deyir, həm də silah verir

Yazını böyüt
Yazını kiçilt

Vasitəçilik edənlər yenə də Ermənistana dəstək verir, onu silahlandırır, maliyyə yardımları edirlər

Azərbaycan beynəlxalq hüquq və münasibətlərdə formalaşmış təcrübədən çıxış edir

Nəticələr yenə də Ermənistan və ABŞ-nin xeyrinə olmayacaq

ABŞ-nin Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarında vasitəçiliyi kənar qüvvələrin prosesə yersiz müdaxilələri fonunda birmənalı qarşılanmır. ABŞ ikitərəfli görüşləri danışıqlar prosesində irəliyə doğru addım kimi dəyərləndirsə də, Ermənistan tərəfinin şərhləri, eləcə də Qərb, Avropanın ayrı-ayrı təsisatlarından Azərbaycana qarşı yönələn qərəzli iddialar fonunda vasitəçilərin, əslində, hansı “ələ” işlədiyini ortaya qoyur.

SƏS Media Qrupunun rəhbəri, siyasi analitik Bəhruz Quliyev bildirib ki, ABŞ-nin yenidən vasitəçilik missiyasına əl atması bizim xeyirimizə deyil. Onun sözlərinə görə, vasitəçilik edənlər yenə də Ermənistana dəstək verir, onu silahlandırır, maliyyə yardımları edirlər:  “Azərbaycan vasitəçiliyin əleyhinə deyil. Amma nəticəsiz görüşlərin, danışıqların aparılması ilə də razılaşa bilməz.

Eyni zamanda, ortada səmimi, beynəlxalq sənədlərə söykənən addımlar atılmadıqca hansı dövlətin vasitəçi olmasının bir əhəmiyyəti yoxdur.

Ermənistan–Azərbaycan münaqişəsi tarixində ATƏT-in təşəbbüsü ilə yaradılan vasitəçilik institutu lap əvvəldən ölü doğulmuş körpəni xatırladıb. Azərbaycan tərəfdən baxsaq, guya ATƏT-in həmsədrləri münaqişəni öz imkanları daxilində həll edə bilməyiblər, amma məsələnin bir az da dərininə varsaq, görərik ki, əslində, ABŞ, Fransa və Rusiyanın həmsədrliyi iki döyüşən tərəfi barışdırmaqdan, işğalçıya beynəlxalq hüququ başa salmaq, işğala son qoymasını tələb etmək əvəzinə Azərbaycanı öz torpaqlarından imtina etməsinə razı salmağa çalışıb.

Paralel olaraq danışıqlarda sülhpərvər görüntü yaratmağa çalışırlar. Guya ABŞ, yaxud Fransa olmasa sülh olmaz. Halbuki, Azərbaycan müharibədən sonra bircə həmlə ilə sübut etdi ki, vasitəçilərsiz də danışıqlar aparmaq və razılaşmaq olar. Azərbaycan Ermənistanla birbaşa danışıqlar apararaq əsirlərin dəyişdirilməsinə nail oldu, ardınca delimitasiya və demarkasiya birgə komissiyası yaradıldı, nəticələri də uğurludur. Bundan başqa, Qazağın 4 kəndinin geri qaytarılması da vasitəçilərsiz baş tutdu. Deməli, münaqişənin uzanmasında kənar qüvvələrin “xidmətləri” danılmazdır”.

B.Quliyev qeyd edib ki, estafeti ələ alan ABŞ tərəfləri bir masaya gətirmək, danışıqlar aparmaq istəyir. Vaşinqtonda BMT Baş Assambleyasının 79-cu illik toplantısı çərçivəsində Ermənistan və Azərbaycan XİN başçılarının görüşünü təşkil etmək ABŞ-nin çoxdankı arzusu idi. O bildirib ki, Vaşinqton bu davranışı ilə münaqişə tərəflərinə, keçmiş vasitəçilərə demək istəyir ki, məsələnin mənsiz həlli yoxdur.

“Ağ ev sülh danışıqlarında məhsuldar vasitəçilik etməklə, həm də Rusiyaya yerini göstərməyə, bir az da uzağa gedib Moskvanın bölgədə artıq missiyasının bitdiyini, dolayısı ilə Cənubi Qafqazdan getmənin vaxtı çatdığını demək istəyir”.

Deputat Tural Gəncəliyev bildirib ki, Azərbaycan post-münaqişə dövründə konstruktiv təkliflərlə çıxış edən, praqmatik yanaşma göstərən istənilən vasitəçinin təkliflərini dinləməyə hazırdır. Deputat bildirib ki, Azərbaycan beynəlxalq hüquq və münasibətlərdə formalaşmış təcrübədən çıxış edir:

“Müxtəlif ölkələr Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsinə töhfə vermək üçün müxtəlif təkliflər göndərə bilər. Yaxşı olardı ki, Ermənistan ikili formatda, heç bir vasitəçi, üçüncü tərəf olmadan danışıqların daha müsbət nəticə verə biləcəyini anlayaydı. Biz Ermənistanın 30 il ərzində işğal siyasətinin mahiyyətini görən, Ermənistanın ikili formatda həmişə səmimi olmadığını bilən tərəf olsaq belə, üçüncü tərəflərin zaman-zaman təkliflərini nəzərdən keçiririk. Məhz Vaşinqtonda keçirilmiş son danışıqları da bu baxımdan qiymətləndirmək olar. Vaşinqtonda keçirilmiş son danışıqlar məhz BMT Baş Assambleyası çərçivəsində baş tutmuşdur. Yalnız danışıqlar üçün ora səfər edilməmişdir”.

T.Gəncəliyev ABŞ-nin münaqişədə və münaqişədən sonrakı dövrdə vasitəçi olaraq səmimiliyinə tam inanmadığını deyib. Eyni zamanda, vasitəçilərin heç də sona qədər səmimi olmadıqlarını və heç də həmişə münaqişənin tənzimlənməsini ürəkdən istəmədiklərinin hiss olunduğunu önə çəkib:

“Bu, ABŞ-nin müxtəlif siyasətçilərinin, konqresmenlərin bəyanatlarında da özünü büruzə verib. Son zamanlar ABŞ Konqresində separatçıların iştirakı ilə keçirilən görüş buna bariz nümunədir. Əgər ABŞ bu prosesə töhfə vermək istəyirdisə, onda bu kimi təxribatçı halların öz ölkəsində baş verməsinə imkan yaratmamalıydı. Xüsusilə ABŞ-də Ermənistana əlavə yardımların, maliyyə vəsaitlərinin ayrılmasına, müxtəlif maliyyə dəstəyinin edilməsinə yol verilməməliydi. Təbii ki, biz də bilirik ki, bu maliyyə dəstəyi Ermənistanın silahlandırılmasına, revanşizmin artırılmasına xidmət edir. Verilən bəyanatlarla keçirilən danışıqlardan sonra səsləndirilən fikirlərlə, atılan addımlar heç də hər zaman üst-üstə düşmür. Ona görə də biz bu kimi danışıqları nəzakət xatirinə, beynəlxalq münasibətlərdən formalaşmış təcrübə xatirinə keçiririk. Məsələ ondan ibarətdir ki, Azərbaycan öz missiyasını müvəffəqiyyətlə yerinə yetirmiş, hədəfinə çatmışdır. Biz ölkə Prezidentinin rəhbərliyi altında torpaqlarımızda tam suverenliyi bərpa etmişik. Biz artıq müharibəni udmuşuq, diplomatik platformada da həmişə irəlidəyik, heç kim milli maraqlarımıza, qırmızı xətlərimizə toxuna bilməz. Onlar Azərbaycanın gücünü görürlər. Biz yeni yaratdığımız reallıqları bütün dünya ictimaiyyətinə qəbul etdirmişik. Buna heç kim əks arqument gətirə bilməz. Ona görə də sülh müqaviləsinin imzalanması  Ermənistan üçün daha çox lazımdır. İstəyəcəklərsə sülh müqaviləsi imzalanacaq, istəməyəcəklərsə də bizim üçün fərq etməz. Şərəfli missiyamız müvəffəqiyyətlə başa çatmışdır. Qeyd etdiyim kimi, sülh müqaviləsinin imzalanması daha çox Ermənistanın xeyrinədir. Bu, Ermənistanın dalan vəziyyətindən çıxmasına, kommunikasiya xətlərinin açılmasına, regional əməkdaşlıqlara cəlb olunmasına xidmət edir. Əks halda, postmünaqişə dövründəki münasibətlərin tənzimlənməsi prosesi uzandıqca, Ermənistanın dalan vəziyyətində qalması da uzanacaq”.

Politoloq Natiq Miri bildirib ki, ABŞ-ın vasitəçilik məsələsində heç bir səmimiyyətdən söhbət getmir. Onun fikrincə, söhbət Vaşinqtonun geosiyasi maraqlarından gedir. ABŞ-ın geosiyasi maraqları bu gün Moskvanı Rusiyanın geosiyasi maraqları olduğu bütün ərazilərdən, o cümlədən Cənubi Qafqazdan sıxışdırmağı tələb edir.

“ABŞ-nin planı budur və bu görüşlər də bilavasitə buna xidmət edir. Ermənistan zəif bənddir və məhz Ermənistan üzərindən bütün Cənubi Qafqaza ABŞ sirayət etmək istəyir. Bunun üçün də indiki vəziyyətdə əsas məsələ Rusiyanın iştirakı və vasitəçiliyi olmadan bilavasitə ABŞ-nin patronajlığı ilə bir sülh sənədinin imzalanmasıdır. Beləliklə, Rusiya oyundankənar vəziyyətdə qaldığı və sülh prosesində iştirak etmədiyi üçün prosesdən sıxışdırılıb çıxarılır, hədəf budur. Əlbəttə ki, bir də bunun tərkib hissəsi olan regiondakı yeni nəqliyyat və kommunikasiya sistemlərinin açılması məsələsidir ki, burada da savaş, rəqabət həmin nəqliyyat-kommunikasiya sisteminə kimin nəzarət etməsidir. ABŞ-nin istəyi budur ki, Avropanı Orta Asiyaya bağlayacaq bu orta dəhliz, yəni Zəngəzurdan keçən dəhliz Rusiya, İran və Çindən yan ötsün. Onların prosesdə iştirakını istəmir. ABŞ-nin istəkləri bundan ibarətdir və bunun üçün də mütləq mənada tezliklə bir sülh sənədinin imzalanmasına ehtiyac var ki, ABŞ bir tərəfdən Rusiyanı oyundankənar vəziyyətdə qoysun, digər tərəfdən, noyabrda keçirilən prezident seçkilərində bunu Bayden adminstirasiyasının siyasi uğuru kimi təqdim etsin”.

N.Miri Azərbaycan əleyhinə işlənən sənədlərin hamısını təzyiq mexanizmlərinin tərkib hissəsi sayır:

“Bu cür görüşlər Nyu-Yorkda təmin edilməmişdən öncə Azərbaycana təzyiq xarakterli bir çox siyasi hadisələr yaşanır. Heç kəsin tanımadığı separatçı rejimin hansısa bir ünsürü əlini-qolunu sallayaraq ABŞ-yə gedir və Konqresdə hər kəs guya nəsə deyəcəkmiş kimi ağzını açıb onu dinləyir. Bunlar konkret siyasi məqsədlərə xidmət edən hadisələrdir. Əks halda, həmin adamı Konqresin nəinki hansısa zalında dinləmək, onu dəmir çərçivələrin kənarına belə buraxmazdılar. Bunlar siyasi məqsədlərə xidmət edən hadisələrdir. Azərbaycanın aktivlərinin dondurulmasına kimi verilən bəyanatlar hamısı təzyiq xarakteri daşıyır. Niyə bunu bu ərəfədə səsləndirirlər? Azərbaycana bildirmək istəyirlər ki, əgər heç bir şərt qoymadan sülh sənədini imzalamazsınızsa, bu cür təzyiqlərlə, bu cür hadisələrlə üzləşə bilərsiniz. Bu baxımdan söhbət səmimiyyətdən deyil, təzyiqdən gedir. Bu təzyiqlərin həqiqətə uyğun olub-olmaması ABŞ-ni maraqlandırmır. Onlar konkret nəticəyə oynayır. Azərbaycanı sülhə vadar etmək, sənədi imzalatmaqla Rusiyanı oyundankənar vəziyyətə salmaq, Zəngəzur dəhlizini ABŞ-ın və Ermənistanın diktə etdiyi şərtlər altında açmaq. Azərbaycanı məhz buna vadar etmək istəyirlər. Düşünürəm, əvvəllər necə olmuşdusa, indi də nəticələr yenə də Ermənistan və ABŞ-ın xeyrinə olmayacaq. Bu cür hadisələr Azərbaycanı ABŞ-a nəinki yaxınlaşdırır, əksinə, ABŞ-ın regionda varlığına böyük təhlükə yaradır”.

Yeri gəlmişkən:

 ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Randın Varşava İnsan Ölçüsü Konfransında ABŞ tərəfinin “Dağlıq Qarabağda beynəlxalq humanitar hüququn və insan hüquqlarının iddia edilən pozuntularını nəzərdən keçirməkdə davam etdiyi” barədə fikirlərinin əks olunduğu 1 oktyabr tarixli bəyanatı təəccüb doğurur.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin 1 oktyabr tarixində Varşava İnsan Ölçüsü Konfransındakı bəyanatına dair şərhində bildirib.

Maraqlıdır ki, Azərbaycan ərazilərinin hərbi işğalı zamanı Ermənistan tərəfindən törədilmiş bəşəriyyətə qarşı irimiqyaslı cinayətlər və azərbaycanlılara qarşı qırğınlara baxmayaraq, ABŞ tərəfi beynəlxalq humanitar hüququn pozulması hallarının aradan qaldırılmasının vacibliyinə yalnız indi istinad edir. 30 ilə yaxın müddətdə Ermənistanın bu cinayətləri ABŞ tərəfindən tam sükutla qarşılanıb.

Əgər ABŞ tərəfi qərəzsizlik və ədalətli mövqe nümayiş etdirmək istəyirsə, ilk növbədə Ermənistanın indiyədək törətdiyi çoxsaylı cinayətlərin araşdırılmasını, günahkarların qanun qarşısında cavab verməsini tələb etməlidir.

Əks halda, bu, beynəlxalq ictimaiyyəti çaşdırmaq, Ermənistanın təcüvüzü zamanı yüz minlərlə azərbaycanlının əsas insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasından diqqət yayındırmaq məqsədi güdən erməni təbliğatı nəticəsində verilən birtərəfli bəyanatdan başqa bir şey deyil.

Seçilən
29
hafta.az

1Mənbələr