AZ

Mən fəxr edirəm ki, Fərhadın söz soxduğu adamam... - Eminquey

“Zaman gələcək, hamı bir gün də belə olsa, məşhur olacaq”.

Bilmirəm kim deyib, amma uzaqgörən adam olub. Zaman həmin zamandır. Məşhur olmaq üçün ən əsas şey “pandemiya” effekti idi ki, bunu da texnologiya yaratdı. Dövrün ən böyük pandemiyası internet oldu. Sosial şəbəkələrin yaratdığı və öldürdüyü insan sayının statistikasını çıxara bilməsək də, kim doğulur və kim ölür, yaxşı bilirik.

Sosial şəbəkənin pandemiya effektinə çevrilməyi üçün isə bayağılıq ən vacib amildir. Bayağılıqla mübarizə təkcə ona görə aparılmır ki, zövqlər korlanır. Bu mübarizə ona görə aparılır ki (hərçənd, mübarizə aparanlar bunu özləri də bilmirlər), bayağılaşan cəmiyyətlə ciddi cəmiyyət arasındakı məşhurlaşma sürəti bir-birindən kəskin fərqlənir. Bayağı cəmiyyətdə məşhurlaşmaq daha asandır, nəinki ciddi cəmiyyətdə. Bayağı cəmiyyətdə məşhurlaşmaq üçün çox əziyyət çəkmək lazım deyil. Bircə dəfə dombalaq aşsan belə, kifayətdir.

Heç dombalaq aşıb belinə əziyyət vermə, “salam aleykum, Allah sizi qorusun” de, bəs eləyir. O qədər absurd vəziyyət yaranıb ki, ciddi sözümdür, sözlə ifadə edə bilmirəm. Nə yazsam, aqressiv alınacaq, nə yazsam, deyingən çıxacaq. Amma mənə həqiqətən də maraqlıdır, insan zövqü hansı dərəcədə bayağılaşmalıdır ki, bundan zövq alsın.

Gündəlik həyatda kiməsə bu bu iki cümləni desən, deyəcək, əleyküm-salam, Allah hamımızı qorusun. Vəssalam! Bu qədər sadə. Təsəvvür edin, bir-birinə bu iki cümləni dediyin anda fenomen olursan. Rus demiş, ujas! Amma sosial şəbəkənin verdiyi imkanlar bu iki cümləni deyən adamı fenomenə çevirir. Allah sən saxla, biz saxlaya bilmirik!

Necə olur bu?

Əvvəlcə xatırladım ki, mən bu fenomeni şəxsən tanımıram və onun iri cüssəli şəxsiyyəti ilə heç bir işim yoxdur. Amma onun obrazını çox aydın görürəm və bu obrazdan yazmaq istəyirəm.

Deməli, sosial şəbəkədə ən çox baxılan videolar xalq dilində “soxucu” videolar adlanır. Daha doğrusu, “soxucu sözlər”. Bu o şeydir ki, biz bu şeyi əvvəllər sazla etmişik, sonra meyxana ilə. Aşıqla vaxtilə buna görə dəb olub, meyxana indi buna görə dəbdədir. Kənd yerlərində sazla, sözlə bacarmayanlar bunu xoruzla, itlə əvəz edirlər.

Xüsusi qabiliyyəti, bacarığı olmayan bir insan ən yaxşı halda söz soxa bilər. Söz soxmaq üçün xüsusi qabiliyyət lazım deyil. Əgər bunu canlı şəkildə etmirsənsə. Biri sənə söz soxubsa, gedib araşdırırsan, həmin mövzuda bir atalar sözü, bir aforizm, bir balaca əhvalat tapırsan, bitir. Bu qardaşın işinin birinci hissəsi budur. Yaxşı aforizm, atalar sözü. İkinci məsələ isə bunu demək tərzidir. Ki, bunun üçün də əzab-əziyyət çəkmək lazım deyil. Normal danışıq tərzindən başqa istənilən formada desən, yenilikdir. Yerdə qalır nə? Səni xüsusi edən bir şey. Onu da tapdınsa, vəssalam! Bu qardaşın tapdığı şey “salam-aleykum, Allah sizi qorusun” demək deyil, bu qardaşın tapdığı şey gözlərini qırpmamaqdır. İnsanlar onun qırpılmayan gözlərində ilişib qalıblar. Adamın danışıq tonu, salamı-zadı sonrakı söhbətdir.

Adamın videolarının ən birincisinə qədər baxmışam. Deməli, Fərhad adlı bu oğlan əslində cəmi bircə dəfə video çəkib. Dediyim formada. Ondan sonra çəkilən videolar zəncirvari şəkildə davam edib. Uşaq vaxtı oynadığımız bir oyun var idi, Əli Məmmədə bir söz deyirdi, Məmməd o sözün son hərfi ilə başlayan bir söz deməli idi. Beləcə, başımızı qatırdıq. Fərhad videoları eynilə bu prinsiplə çəkir. Birinci çəkdiyi videoda soxucu rəylərdən birinə video ilə cavab verir, sonra bu cavab videosundakı soxucu rəyə video ilə cavab verir, sonra bu cavab videosundakı soxusu rəyə və sairə və ilaxır.

Beləcə, Fərhad öz soxa-soxa gedir. Əla taktikadır, düz deyil? Məşhur olmaq üçün bircə dəfə əziyyət çəkirsən, cəmi bir video. Bir videoda gözlərini qırpmırsan, robot kimi danışırsan və “salam-aleykum, Allah sizi qorusun” deyirsən.

İndi təsəvvür edin, 90-cı illərdə adamlar məşhurlaşmaq üçün hansı əziyyətlərdən keçiblər. Məsələn, bircəsini misal çəkirəm, “Bakı payızı” musiqi yarışmasına çıxıblar. O qədər sanballı münsiflərin qarşısına. İndi bunlara nə hacət?

Sosial şəbəkənin və oradakı xalqın yaratdığı obrazdır Fərhad. Yoluxucudur. Başqaları da bu tip videolar çəkirlər. Qırğın düşüb şəbəkəyə. Fərhadçılar və antifərhadçılar əmələ gəlib. Hərə bir məqsədlə.

O gün biri Fərhadın yayımına qoşulub. Xeyli tərifləyəndən sonra qayıtdı ki, sənə rəy yazmışam, baxarsan, mənə də bir söz soxarsan da. Bu cür də dedi. Mənə də söz sox! İlahi, insanın həzz mənbəyinə baxın!? İnsanın həsəd apardığı zada fikir verin. Təsəvvür edirsiniz, bu adam gedib dost-tanışına deyəcək ki, Fərhad mənə də söz soxub. Mən fəxr edirəm ki, Fərhadın söz soxduğu adamam. Bu da bir ayrı məşhurluqdur.

Fərhad da, onu izləyən kütlə də hələ bilmir ki, mədəni və savadlı danışıq necə olur. “Çalışmaq” sözünün “q”sını olduğu kimi tələffüz etmək savadlı etmir adamı. Ümumiyyətlə, o söz elə tələffüz olunmur. Sözlərin axırındakı səsləri xüsusi vurğu ilə demək, uzatmaq isə yeni bir şey deyil. Bu, “Yeşilçam”ın Cüneyt Arkına verdiyi obrazdır. “Nayır, nolamaz” kimi bir şeydir.

Arxasında heç bir istedad, ciddi sənət durmayan adamın fenomenliyi sabun köpüyü kimidir, anidən partlayıb yoxa çıxır. Necə ki, birinci dəfə çapdan çıxan yazılı A4 vərəqi dəfələrlə surəti çıxarıldıqdan sonra bozlaşır, oxunaqlığı itir, Fərhadın və digərlərini etdiyi şey də bu cürdür. Fərhad kopyalamaqla məşğuldur. Onun özünün heç nəyi yoxdur. Az ömrü var, öləcək. Ondan qabaqkılar da öldülər. Burada ölməyən bayağılığa alüdə olmuş kütlədir. Xalqın 80 faizidir. Onlar ölmürlər, günü-gündən artırlar. Daha şövqlə, daha həvəslə.

"Maraqlı faktlar" adlı youtube layihəmiz var. Bu layihədə hər dəfə bir şair, yazıçı, müğənni, aktyor, aktrisa haqqında maraqlı faktları təqdim edirik. Bu buraxılışda müəllif kimi öz yanaşmalarım olsa da, material 99 faiz real faktlara əsaslanır. Mənim yanaşmalarım sadəcə, materialı bədiiləşdirmək, onu insanlara daha maraqlı formada təqdim etməkdir. Yəni, “maraqlı”sı mənlikdir, faktlar isə... Biz heç bir gizlini aşkara çıxarmırıq, nə təqdim ediriksə, hamısı aşkardır.

Son iki buraxılışı Röya Ayxan və Aygün Kazımovaya həsr etmişik. Gələn reaksiyalara baxıram. İlahi, insanlar necə saxtakardırlar?!

Yazırlar ki, nə böyük iş olub? Aygün tibb bacısı kimi Qarabağda xidmət edib. Yazırlar ki, yalan danışırsan, Aygünün belə bir xidməti olmayıb. Yazırlar ki, sən Aygündən nə qədər pul almısan? Yazırlar ki, Röya narkoman olub, niyə yalan danışırsan ki, narkoman deyil?! Yazırlar ki, ikisi də pozğunluğun təməlini-zadını qoyub. Yazırlar ki, nə... adamsan, adam tapmadın haqqında danışmağa? Yazırlar ki, bunlardansa, bir qazinin, bir şəhidin həyatından danışaydın.

Söz haqqı, bu adamlar başdan-ayağa, xirtdəyəcən, təpədən-dırnağa saxtadırlar. Söz haqqı, bu adamlar o adamlardırlar ki, Röyanı da, Aygünü də toylarında görmək istəyərdilər. Qoy, nəsil-kök, qonum-qonşu görsün ki, filankəsin toyunda Aygün oxuyub, Röya oxuyub. Söz haqqı, bu adamlar o adamlardırlar ki, Röya ilə, Aygün ilə şəkil çəkdirmək üçün özlərini axırıncı yola qoya bilərlər. Söz haqqı, bu adamlar o adamlardırlar ki, Röya bircə qırıq bunlara yaxşılıq eləsə, dönüb olacaq sənətkar. Söz haqqı, bunlar o adamlardırlar ki, Aygün desə ki, bu gün bir adama ev hədiyyə edəcəm, qarğa-quzğun kimi töküləcəklər Aygünün sosial şəbəkədə mesaj yerinə. Başlayacaqlar Aygünü tərifləməyə. Tərifin kvadratı bir qəpikdən.

Ayaqlarının suyunu içərlər Röya ilə Aygünün. Sadəcə, etiraf etməkdən qorxurlar. Sadəcə, özlərini guya əxlaqlı, guya namuslu, guya əsl Azərbaycan kişisi, guya əsl Azərbaycan qadını kimi göstərirlər. Bu adamlar addımbaşı hansısa sənətçini fahişə çıxarmaqda mahirdirlər. Onlar üçün budu görsənən hər bir qadın fahişədir. Amma özləri də fahişələrdən ötrü sinov gedirlər. Sadəcə, ola bilsin ki, pulları yoxdur.

“Ölkədə fahişəlik çoxalır” deyən adamların əksəriyyəti başa düşmür ki, bununla bərabər, ölkədə saxtakarlıq da çoxalır. Çoxalmır e, lap pikinə çatır. Fahişəliyin haradasa bir xeyrini tapmaq mümkündür, amma saxtakarlığın heç bir faydalı tərəfi yoxdur. Bu adamları araşdırmağa da ehtiyac yoxdur. Çünki əksəriyyəti budu açıq qadınları fahişə çıxartsa da, özləri bütün günü bəlkə də kiminsə həyat yoldaşına, bəlkə də kiminsə nişanlısına bir yol tapmaq üçün əlli cür yol düşünürlər.

Aygünün də, Röyanın da məşhurluğunun arxasında etdikləri səhvlərlə yanaşı, həm də sənət durur. Səsləri balacadır, balacadır da. Xırda səslə şedevrlər yaradan o qədər sənətçi olub ki. Aygün, Röya sabun köpüyü deyil, onlar illərin sınağından çıxıblar və ölməyblər. Amma sizin bu alüdə olduğunu sosial şəbəkə fenomenliyi və fenomenləri ölürlər axı. Gündə biri doğulur, biri ölür.

Siz doğursunuz, siz də öldürürsünüz.

Yəni, sizin saxtakarlığınızın məhsuludur bu “salam aleykum, Allah sizi qorusun”. Danığındakı savad da saxtadır, danışdığı mövzular da saxta da. Ümumiyyətlə, sizə bir sirr verim, yaxşı söz soxa bilmək yaxşı insan olmaq mənasına gəlmir. Ən əclaf adam da yaxşı söz soxa bilər. Söz soxmaq digərini üstələməkdən başqa şey deyil. Necə ki, Fərhad kimi dağ dəlməyən adam meyxanada rahatlıqla dağ dələ bilir. Yəni, sizin tabularınızın məhsuludur Fərhadın bitişik qaşları. Siz Fərhadı bitişik qaşlarına görə izləyirsiniz. Həm məzələnirsiniz o qaşlarla, həm də adam qaşının ortasını təmizlətdirsə, yıxıb-sürüyəcəksiniz. Fərhadın məşhurluğu qaşının ortasını götürənə kimidir.

Belə.

Sonda.

Makiyajın məqsədi, gözəlliyi göstərməkdir, amma çox makiyajın məqsədi, üzünü gizləməkdir.

Yəqin başa düşdün, nə demək istəyirəm.

Salam-aleykum, Allah sizi qorusun!

P.S Hər şey bir yana, qardaş niyə danışıb-danışıb sonda salam verir ki?!

Seçilən
36
1
kulis.az

2Mənbələr