AZ

Lənkəranda kişi əmisinə xəsarət yetirdi

Lənkəranda 1981-ci il təvəllüdlü Nurəddin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı əmisi İsaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 27-də Lənkəran rayonunun kəndində baş verib. Nurəddin kənddə yerləşən fərdi yaşayış evinin həyətində əmisi İsa ilə şəxsi münasibətlər zəminində, yəni sonuncunun onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, İsanın sol göz nahiyəsinə qəsdən kəllə ilə və dodaq nahiyəsinə qəsdən yumruqla vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Nurəddinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nurəddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, əmisi İsa ilə münasibətləri normal olub: “Hadisə günü, saat 16 radələrində yaşadığım evin həyətində olan zaman İsa fərdi yaşayış evimə gələrək, mənim saxladığım itin həyətinə daxil olduğunu bildirdi. Əmimə həmin itin mənə məxsus olmadığını bildirdim. Əmimdən həyətimdən çıxmasını istədim. Həmin vaxt əmim ünvanıma nalayiq ifadə işlədərək əli ilə sinə nahiyəmdən itələdiyi üçün əsəbləşdim. Kəllə ilə onun sol göz nahiyəsinə, yumruqla dodaq nahiyəsinə bir zərbə vurdum. Bu vaxt əmim yerə yıxıldı”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən İsanın sözlərinə görə, Nurəddinin saxladığı itin həyətində olduğunu görüb: “Mən də Nurəddinin evimin yaxınlığında yerləşən fərdi yaşayış evinə getdim. Ona həmin itə niyə sahib çıxmadığını bildirdim. Nurəddin mənə kobud cavab verərək, üzərimə gəldi, həyətindən çıxmağımı istədi. Mən də onun sinəsindən itələdim. Nurəddin qarşı nalayiq ifadə işlətdim. Bu zaman Nurəddinin mənim sol göz nahiyyəmə kəllə ilə, dodaq nahiyyəmə yumruqla bir zərbə vurdu”. 

Zərərçəkmiş qeyd edib ki, daha sonra xəsarət alması ilə bağlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onun sözlərinə görə, ilk öncə Nurəddin qardaşı oğlu olmasını nəzərə alıb, onun barəsində şikayət etmək istəmədiyi üçün xəstəxanada yıxılaraq xəsarət aldığını bildirib. 

Zərərçəkmiş ifadəsində əlavə edib ki, sonradan qardaşı oğlu Nurəddinin onu döyməsini qəbul edə bilməyib, onun barəsində polisə müraciət edib. O, ifadəsinin sonunda qardaşı oğlu ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib. 

Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Cinayət işinin araşdıran hakim təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Nurəddinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
16
demokrat.az

1Mənbələr