AZ

Bütövləşən Azərbaycan yaratdığı yeni reallıqlar əsasında dünyada yerini və mövqeyini daha da möhkəmləndirir

Bakı, 3 oktyabr, AZƏRTAC

Qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycan yaratdığı yeni reallıqlar əsasında regionda, dünya siyasətində yerini və mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin Xankəndi şəhərində Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə səsləndirdiyi bu fikirləri xatırlamaqla Lider və düşünülmüş siyasət amillərinin ölkənin inkişafında, beynəlxalq münasibətlər sistemində rolunun artmasında əhəmiyyətli rolunu daha aydın şəkildə görürük. Prezidentin bəyan etdiyi kimi, biz tarixi Zəfərimiz və suverenliyimizin tam bərpası ilə bütün dünyaya və bu gün işğaldan, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır. İnam heç vaxt qırılmamalıdır. …Əlbəttə ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Bu önəmlidir. Amma bizim xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir.

Təbii ki, bu siyasətin əsasını müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev qoyub. Ölkə üçün çətin dövrdə - 1993-cü ilin iyununda xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev tarixi nailiyyətimiz kimi dəyərləndirdiyi müstəqilliyimizi qorumaq, daha da möhkəmləndirmək üçün mühüm addımlar atdı. 1993-cü ilin 3 oktyabr tarixində keçirilən prezident seçkiləri xalqımız üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə söyləyib.

Deputat deyib ki, o vaxt xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən Ulu Öndər Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, faciələrdən qurtardı, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Andiçmə mərasimində bu əminliyi bildirdi ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycanın gələcək inkişafına sərf edəcəyəm. Ümummilli Lider Heydər Əliyev andına daim sadiq qalaraq Azərbaycanın dünyaya Günəş kimi doğmasını təmin etdi.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin ikinci dövründə gördüyü işlər məhz 1969-1982-ci illərdə yaradılan möhkəm bazaya əsaslanırdı.

Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail oldu. Bu model sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı özündə ehtiva edən və sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi. Dahi şəxsiyyət bu çağırışı da etdi ki, Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır. Ümummilli Lider demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərdi, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail oldu. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət həyata keçirir. Ulu Öndər Heydər Əliyev milli dövlətçilik siyasətinin sarsılmaz təməllərini müəyyən etdi. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləridir. Ümummilli Liderin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi.

Vüqar Rəhimzadə bildirib ki, Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursu gələcək hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəldi. Ümummilli Lider Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirdi. Məhz dahi şəxsiyyətin gərgin əməyi və ardıcıl səyləri nəticəsində hazırda tarixin arxivinə atılmış keçmiş Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.

Milli Məclisin deputatı 1993-cü il 3 oktyabr tarixinin bugünkü reallıqlarımızın başlanğıcı olduğunu vurğulayaraq bildirib ki, 2003-cü ildən başlayan Böyük Yolun davamı xalqın Heydər Əliyev siyasətinə inamının, etimadının göstəricisi oldu. Dahi şəxsiyyət Heydər Əliyev 2003-cü ildə xalqa tarixi müraciəti ilə İlham Əliyevə inamını ifadə etdi, qarşıda dayanan vəzifələri açıqladı. Əsas vəzifə ərazi bütövlüyümüzün bərpası, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. Bu gün sonsuz fəxrlə və qürur hissi ilə qeyd edirik ki, bu vəzifə də artıq reallığa çevrilib. Dövlət başçısı İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir. Dövlətimizin başçısı 2003-cü ilin prezident seçkilərində inamlı qələbəsindən sonra keçirilən andiçmə mərasimində verdiyi vədlərin hər birini reallıqda təsdiqlədi. Artıq qalib, bütövləşən Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi zəfərlərə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına imza atmaqla yeni dövrə qədəm qoyub.

Yeni dövrün reallıqlarından bəhs edərkən bu mərhələnin çağırışlarına uyğun olaraq müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident və parlament seçkilərini xüsusi vurğulamalıyıq. Ümumiyyətlə, bu il biri-birindən mühüm hadisələrlə zəngindir. Böyük Qayıdış proqramına uyğun olaraq cari il Şuşa, Xocalı, Cəbrayıl şəhərləri sakinlərinə qovuşdu. İlin sonunadək Xankəndiyə və Kəlbəcərə də köç karvanlarının yola salınacağı gözlənilir. Artıq 5 şəhərə və 4 kəndə keçmiş məcburi köçkünlər qayıdıb. Bu mühüm hadisəni də qeyd etməliyik. Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Dövlət Suverenliyi Günü kimi təsis edildi. Bu tarix, eyni zamanda, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günüdür. Dövlətimizin başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə böyük əminliklə bildirdi ki, quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi. Müzəffər Ali Baş Komandan “Yenə də bu gün Ulu Öndərin xatirəsinə hörmət ifadə edərək bir daha deyirik və görürük ki, əgər 1993-cü ildə xalqın tələbi ilə o, Azərbaycana gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi” fikirlərinin davamı olaraq bu yolun Azərbaycana qazandırdığı uğurlar əsasında “Bu gün Qarabağda, azad Qarabağda olmaq, sizi görmək, yataqxanada, o balkonda tələbələrin gülər üzlərini görmək doğrudan da böyük xoşbəxtlikdir. Bəlkə də bundan böyük xoşbəxtlik ola bilməz. Müəllimlərə, tələbələrə uğurlar arzulayıram. Yaxşı işləyin, yaxşı oxuyun ki, hər zaman Azərbaycan zəfər çalsın, hər zaman - əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun!” çağırışı ilə qarşıdakı dövrün vəzifələrini açıqladı”, - deyə deputat qeyd edib.

Seçilən
15
azertag.az

1Mənbələr