AZ

Sabiq deputat Hüseyn Abdullayevin məhkəməsi keçirilib

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Cinayət işi üzrə məhkəməyə şahid qismində çağırılan İlqar Mustafayevin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Şahid ifadəsində deyib ki, H.Abdullayevi 1995-ci ildən tanıyır: "Hüseyin Abdullayevin biznes fəaliyyəti ilə məşğul olduğunu bilirdim. Mən onun mağazasında, daha sonra isə restoranında inzibati işlərdə işləyirdim. H.Abdullayevin şirkətlərinə qeyri-rəsmi Nizami Xəlilov nəzarət edirdi. Mən də uzun müddət onun ailə üzvlərinə məxsus şirkətlərdə işləmişəm və 2015-ci ilin sonlarında əməkdaşlığı dayandırmışam".

Şahid ibtidai istintaq zamanı H.Abdullayevin xaricdəki fəaliyyəti və oradan gələn pullarla bağlı məlumatının olub-olmadığı ilə bağlı suala cavabında bu barədə məlumatının olduğunu, eləcə də təqsirləndirilən şəxsə xaricdən külli miqdarda pul gəldiyini də bildirib:

"Xaricdən gələn pullarla bağlı ona hər hansı bir sual vermək kimi bir ixtiyarımız yox idi. Bu pullara Azadə Cəfərova nəzarət edirdi. Azadə Cəfərova onun mühasibi idi. O, Hüseyin Abdullayevin etibar etdiyi şəxslərdən biri idi. Belə ki, Azadə Cəfərova onların ailəsinə məxsus bank hesablarına mədaxil-məxaric edirdi. Bu pullar onların əmlaklarının icarə və satışından gələn pullar idi. Mən sözügedən pulları toplayıb ona verirdim. Miqdar çox olanda Azadə xanımı banka qədər onunla birlikdə gedirdim. ", - şahid deyib.

Cinayət işi üzrə dindirilməli olan növbəti şahid H.Abdullayevin anası Zeynəb Abdullayeva oğlunun əleyhinə ifadə verməkdən imtina edib.

Hakim aidiyyatı üzrə məhkəməyə daxil olan bir neçə teleqramı səsləndirib.

Şahid Ağasəfər Ələkbərov vurduğu teleqramda bildirib ki, H. Abdullayev barəsində heç bir şikayəti yoxdur: "Hüseyin Abdullayev hələ deputat olan zaman Yasamal rayonunda mənə məxsus olan evdən köçürmək üçün onun işçisi Nüsrət adlı şəxs pul təklif etdi, lakin biz köçməkdən imtina etmişdik. Buna görə də evin yaxınlığında olan binanın su borusunu qəsdən deşmişdilər və evimizi su basmışdı. Bu səbəbdən aylarla kirayədə yaşamağa məcbur olmuşduq".

Bununla yanaşı, digər şahid Nüsrətddin Babayevin də məhkəmə vurduğu teleqram elan olunub. O da H.Abdullayeva qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

Proses oktyabrın 17-də davam etdiriləcək.

Baş Prokurorluğun yaydığı məlumata görə, Abdullayev Hüseyn Abbas oğlu və qeyriləri tərəfindən bir sıra Avropa ölkələrində külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasına dair xarici ölkələrin aidiyyəti orqanlarından daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun aidiyyəti idarəsində araşdırmalar aparılmış və daxil olmuş materiallar İstintaq idarəsinə təqdim edilməklə istintaq yolu ilə araşdırılıb.

İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Hüseyn Abdullayev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata kiçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq tədbirləri davam etdirilməklə, leqallaşdırma hesabına əldə edilmiş əmlaklar, digər qanunsuz maliyyə əməliyyatları və əqdlər barədə ayrı-ayrı ölkələrə hüquqi yardımların göstərilməsi ilə bağlı vəsatətlər göndərilib, eləcə də, həmin ölkələrin səlahiyyətli orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində zəruri olan bütün tədbirlər icra edilir.

Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci ildə həbs edilib.

O, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluqda ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Hazırda həbsdədir.

Seçilən
1
14
apa.az

10Mənbələr