AZ

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Daş Salnamə Muzeyində konfrans keçirilib

Bakı, 3 oktyabr, AZƏRTAC

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində oktyabrın 3-də Daş Salnamə Muzeyində metanın qlobal səviyyədə azaldılması və təsirin dəyərləndirməsi ilə bağlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva iqlim dəyişikliyi məsələləri ilə mübarizənin Azərbaycanda prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. O, Azərbaycanın inkişaf edən iqtisadiyyatından söz açıb.

Nazir müavini dövrümüzün ən böyük çağırışlarından birinin iqlim dəyişikliyi və bütün dünyanın onunla mübarizə aparmalı olduğunu vurğulayıb. O xatırladıb ki, “Qlobal Metan Vədi”nə Azərbaycan da daxil olmaqla 155 ölkə qoşulub.

Umayra Tağıyeva Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri “2030 Gündəliyi” ilə bağlı görülən işlərdən də bəhs edib.

SOCAR-ın vitse-prezidenti Əfqan İsayev çıxışında deyib: “SOCAR üçün metan tullantılarının təmizlənməsi çox önəmli tədbirlərdən biridir. Peykdən əldə olunan fotolar vasitəsilə metan çirklənməsi olan ərazilər müəyyən edilib”.

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli SOCAR şirkəti ilə əməkdaşlıqdan danışıb. İqlimlə mübarizədə əməkdaşlıq və təcrübə mübadiləsinin əsas hədəf olmasını diqqətə çatdırıb.

Konfransda qeyd olunub ki, ətraf mühitin metandan təmizlənməsindən əvvəl onun səbəbləri araşdırılmalı və bu məsələ ilə bağlı təcili tədbirlər görülməlidir.

Vurğulanıb ki, metan çirklənməsini azaltmaq üçün neft və qaz sektorunda islahatlar aparılmalı, innovativ metodlar tətbiq olunmalıdır.

Məlumat verilib ki, dünyada havanın istiləşmə səbəblərinin 30 faizi metan emissiyası ilə bağlıdır. Metan hər zaman mövcud olub, lakin onun konsentrasiyası son 30 ildə daha da artıb. Ən önəmli hədəflərdən biri metan emissiyasının azaldılması ola bilər. Metan təbiətdə qısa zamanda yox ola bilir. Digər zərərverici maddələrlə müqayisədə bu, bir qədər müsbət haldır.

Konfransda metan çirklənməsi ilə bağlı bir sıra məsələlərdən söhbət açılıb, problemin həllində əməkdaşlığın vacibliyi qeyd olunub.

Tədbir işini panellər iclaslarla davam etdirir.

 

Seçilən
7
azertag.az

1Mənbələr