AZ

Bağdadda Füzuli festivalı

əvvəli https://xalqqazeti.az/az/medeniyyet/195731-bagdadda-fuzuli-festivali

Füzulinin 500 illiyinə həsr olunan festivalda 128 nəfərlik Azərbaycan nümayəndə heyətinin rəhbəri olmuş Xalq yazıçısı, o dönəmdə Azərbaycan Respublikası baş nazirinin müavini Elçin Əfəndiyevi 2013-cü ildə ziyarət edərkən festivalda iştirakı və Kərkük səfəri ilə bağlı xatirələrini öyrəndim.

Mənə bunları danışdı: “Unudulmayacaq bir ziyarət idi. İran üzərindən Bağdada, sonra da Kərkükə getmək bizim ən böyük istəklərimizdən biri idi. Kərkükün ağsaqqalı Əta Tərzibaşı ilə heyətimizdən 5 nəfərin görüşməsi və ona Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqəsinin təqdimi bizim üçün böyük bir hadisə idi. O günlər hər yadıma düşəndə çox xoşbəxt oluram. Məndən Kərkükə və İraq türkmanlarına və Türkmaneliyə qucaq dolusu salamlarımı və sevgilərimi yetirin”.

Azərbaycanın digər ziyalıları da həmin İraq səfərinin təəssüratlarını ürəklərində yaşadırlar. Onların bəzilərini yada salaq.

Akademik İsa Həbibbəyli: “1994-cü ildə Füzulinin 500 illik yubileyi münasibətilə İraqda təşkil olunan tədbirlərə qatılmaq üçün İran üzərindən Bağdada, daha sonra da Kərkükə getmişdik. Kərkükdə çox gözəl 2 gün keçirdik. Şəmsəddin Küzəci və dostları bizlərdən Kərkük TV üçün müsahibələr aldılar. Möhtəşəm təqdimatlar etdik. Azərbaycanla Kərkük arasında eyni dil və eyni mədəniyyət yaşanmaqdadır. Xoyratları bayatılarımız kimi təsirli və möhtəşəmdir. Qismət olsa, 30 il sonra bir daha Kərkükə gedib öz doğma qardaşlarımızla bir arada olmaq arzumdur. Kərbəlada Füzulinin məzarını ziyarət etmək ən böyük arzumdur.

Dr.Mustafa Ziya: “1994-cü ildə Bağdad Universitetinin doktorantı idim. Dekanlıqdan bir nəfər gəlib mənə telefon edildiyini xəbər verdi. Mən də qaça-qaça getdim. Xəttin o biri başında Əbdüllətif Bəndəroğlu: “Mustafa bəy, xoş gördük. Azərbaycandan geniş bir heyət gələcək. Sizi də rəhbər yazdım. Təcili yanıma gəlin, görüşək” – dedi. Mən də dərhal getdim, görüşdük. Mənə bunları dedi: “Füzulinin 500 illiyi ilə bağlı təşkil olunacaq festivala böyük bir heyət gələcək. Sizi, Qasım Sarıkahyanı və Nevzat Abdülkərimi rəhbər olaraq İraq Mədəniyyət və İnformasiya Nazirliyinə təqdim etdim. Hazırlaşın, vəzifə sizdə”. Mən də dedim ki, doktorantam. “Önəmi yox” – dedi, – Bütün icazələri nazirlik həll edər.

16 sentyabr 1994-cü il tarixində qonaqları üçümüz qarşıladıq və “Melia Mansur” otelində yerləşdirdik. Həmin gün Azərbaycan nümayəndə heyəti Bağdadın böyük salonunda “Leyli və Məcnun” operasını təqdim etdi. İkinci gün Kərbəlada Füzulinin məzarı ziyarət edildi. Nəcəf və Kufə ziyarətindən sonra Bağdada qayıtdıq. Ertəsi gün Elçin Əfəndiyev mənə dedi ki, naziri görmək istəyirlər. Mən də lazımi adamlara məlumat verdim. Həmin gün İraq Mədəniyyət və İnformasiya naziri Məhəmməd Saif əl-Sahhaf otelə gəldi. Elçin Əfəndiyev və Sabir Rüstəmxanlı ilə görüşdü. Elçin bəy nazirə Kərkükə getmək istədiklərini dedi. Sonra qonaqlar Səddam Hüseynlə görüşdülər və Kərkükə getmək üçün icazə ala bildilər. Ertəsi gün günortadan sonra Azərbaycan nümayəndə heyəti 3 avtobusla Kərkükə yola düşdü.

Avtobuslar Kərkükə yaxınlaşanda Günəş batmışdı. Lakin Kərkükün üfüqlərini Gugur Babanın alovları işıqlandırırdı. Xalq şairi Zəlimxan Yaqub üfüqə işarə edərək orada nəyin işıldadığını soruşdu. “Kərkükdür” – dedim. Zəlimxan Yaqub sürücüyə “Dayan, dayan” – deyə qışqırdı. Ərəb kökənli sürücü sözləri başa düşmədi. Mən tərcümə etdim. Avtobuslar dayanan kimi heyət endi. Zəlimxan Yaqub səcdə edərək torpağı öpdü və dedi: “Kərkükə qovuşdum. İndi ölsəm də qəm yemərəm”. Hər kəs Kərkük torpağını öpürdü. O an gözlərim yaşardı, qəlbim sızıldadı...

Sabir Rüstəmxanlı, Anar və Qəzənfər Paşayev Əta Tərzibaşını görmək istədiklərini və məndən onları böyük alimin evinə aparmağımı istədilər. Çətinliklə də olsa, bu görüş baş tutdu. Bu hadisə Qəzənfər Paşayevin öz tədqiqatları ilə Azərbaycan xalqında oyandırdığı Kərkük sevdasının bariz nümunəsi idi”.

Şair Ümid Köprülü: “Məni İraq Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları təqib edirdi. Əbdüllətif Bəndəroğlu mənə demişdi ki, Azərbaycan heyəti ilə maraqlanın. Mən də otelə gedib bir neçə nəfərlə görüşdüm. O əsnada məni izləyən iki nəfər yaxınlaşdı. Baxdım ki, onlar İraq dövlətinin adamlarıdır. Daha əvvəllər dəfələrlə məni sıxışdırmışdılar. Bu dəfə tək kəlmə ilə mənə dedilər ki, Azərbaycan heyətinin siyahısını bizə ver. Mən də necə verim sizə? Mən onların bir qismini şair və yazıçı olaraq tanıyıram. Amma məndə siyahı yoxdur, – dedim. Məni təhdid etdilər. Mən oradan Əbdüllətif Bəndəroğluya telefon açdım. Məni incitdiklərini dedim. O da heç bir şey edə bilməzlər dedi. Azərbaycan heyətinin konsertindən sonra məni aparıb bir neçə saat saxladılar, sonra sərbəst buraxdılar”.

Şair Fövzi Əkrəm Tərzioğlu: “Mən o zaman Kərkük TV-də sənət verilişi aparırdım. “Leyli və Məcnun” operası və azərbaycanlı sənətçi Mələkxanım haqqında reportaj hazırlamışdım. Axşam efirə getməli idi. Azərbaycan heyətilə oteldə oturub verilişin başlanmasını gözləyirdik. Mənim verilişimin əvəzinə Şəmsəddin Küzəcinin verilişi efirə verildi. Hamımız çox üzülmüşdük. Daha sonra TV ilə danışdıq. Xüsusi veriliş olduğu üçün montaj işlərini yekunlaşdırmamışdılar. Lakin bu gecə efirə verəcəklərini dedilər. Gecə saatlarında bir Misir filmini yarıda kəsib “Azərbaycan özəl” verilişini efirə verdilər. Çox sevindik. Azərbaycan sənətçiləri də sevinmişdilər. 30 il əvvəl belə bir xatirəmiz oldu”.

Professor Asif Rüstəmli: “Biz əvvəlcə Bağdad, Kərbəla, Kufə və Nəcəf şəhərlərini gəzdik. Füzulinin məzarına getdik. Kərkükü də görmək istəyirdik. Ümidimiz yox idi. Səlahiyyətlilər bizə dəfələrlə söylədilər ki, Kərkükdə vəziyyət çətindir. Orada təhlükəsizlik problemi var. Gedə bilməzsiz. Ancaq bizimkilər çox israr etdilər. Bizdən bir neçə nəfəri Səddam Hüseyn qəbul etdi. Nəhayət, Səddam Hüseyn Kərkükə getməyimizə izn verdi. Kərkükü biz öz doğma vətənimiz kimi gördük, insanlar öz dilimizdə danışırdılar. Ünsiyyət qurmaqda heç bir çətinlik çəkmədik. Konsertin təşkil edildiyi salonun girişində yüzlərlə insan çöldə qalmışdı. Salon içərisində də millət ayaqda dayanmışdı. İlk dəfə gördüm ki, sıraların arasında pilləkənlərdə polislər də var idi. Bizə dedilər ki, bu polislər sizin təhlükəsizliyiniz üçündür. Biz də heyrətləndik. Öz soyumuzdan, kökümüzdən olan insanların arasına ərəb polislərini qoymaq heç bir məntiqə sığmırdı”.

Mərhum Xalq şairi Zəlimxan Yaqub 2009-cu ildə Azərbaycanda keçirilən “Kərkük gecəsi”ndə öz ləhcəsi ilə bunları söyləmişdi: “Azərbaycan poetik sözünün peyğəmbəri Füzulinin doğumunun 500 illiyi münasibətilə Azərbaycandan İraqa, Bakıdan Bağdada böyük bir nümayəndə heyəti getmişdik. Və orda Bağdadı, Kərbəlanı, Kərkükü ziyarət etmişdik. Ancaq o gündən bugünə Kərkükdə gördüyümüz məclislər, eşitdiyimiz havalar, dinlədiyimiz nəğmələr, bal kimi şirin ləhcə yaddaşımızda və ürəyimizdə yaşayır. Mən bu məclisdə “Kövrək bir havadır sazımda Kərkük” adlı 6 albomdan əvvəl yazdığım dastandan parçalar oxumaq istəyirdim. Ancaq gördüm ki, hər dəfə burda ürək açan məqamlarda xalqımın balaları yumruğunu havaya qaldırır. Türkün ruhunu, türkün səsini car eləyir bütün dünyaya. Odur ki, şeir parçalarını oxumaqdan hələlik vaz keçirəm. Və sizə söz verirəm ki, başqa bir münasibətdə başdan ayağa oxuyacağam. Ancaq bir halda ki, bu gün Kərkükün səsi, nəfəsi, havası, avazı, sazı, sözü, şeiriyyəti, xoyratı, xoyratçısı, bayatıçısı buradadır, həmin o havaya qalxan yumruqların eşqinə, Türk dünyasının eşqinə, Kərkükün eşqinə bu şeiri oxuyacağam”.

Sonra Zəlimxan Yaqub “Döyüşən türk...” şeirini səsləndirdi. Hər kəsi coşdurdu. İllər sonra onunla təkrar-təkrar görüşəndə məxsusi “Kərkük” şeiri hazır idi. Dedi ki, öz dilimizdə danışan, xoyratlarla qidalanan, Füzuli ruhu ilə nəfəs alan Kərkükün ab-havasına ithaf edirəm. Və şeiri oxudu:

“Bu gün sənin taleyini düşünürəm,
Ağır gündə üstünü od alan Kərkük.
Öndə qatil, sağda düşmən, solda yağı,
Yurd-yuvası, el-obası talan Kərkük.

Beş yüz ildi Boyat səndə, Nəsim səndə,
Məndən qopan ruhum səndə, səsim səndə.
Gəl qovuşaq, qurbanımı kəsim səndə,
Bəd xəbərlər yalan olsun, yalan, Kərkük…

Zəlimxan YAQUB – Azərbaycan
16 mart 2003-cü il”
Məzarı nurla dolsun.

...Bu gün Türk dünyasının böyük şairi Məhəmməd Füzulinin anadan olmasından 530 il ötür. Buna baxmayaraq, şairin doğum yeri ilə bağlı məlumatlar və sənədlər hələ də açıqlığa qovuşmayıb. Kərküklü tədqiqatçı Əta Tərzibaşının Füzulinin Kərkükdə doğulması haqqında iddialarına cavab verilmədiyi üçün onun fikirləri hələ ki, əsas sayılır.

İraq səlahiyyətlilərinin Füzulinin məzar daşı və həqiqi türbəsinin yeri ilə bağlı irəli sürdükləri faktların dəqiqliyi sübut olunmayıb. İddia edildiyi kimi olsaydı, bu gün Füzulinin məzar daşına, heykəlinə rast gələrdik. Amma təəssüflər olsun ki, nə İraq dövləti, nə də nazirlik Füzuliyə nə bir heykəl, nə bir abidə, nə də bir Mədəniyyət mərkəzi təsis etməmişdir. Bu mövzu Azərbaycan və Türkiyə səlahiyyətliləri üçün də keçərlidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Füzulinin 530 illik yubileyi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Folklor İnstitutunda müəyyən tədbirlər keçirilir. Çox istərdik ki, türk dövlətlərinin mədəniyyət nazirliklərini təmsil edən TÜRKSOY və Türk Ağsaqqallar Birliyi bu yubileylə bağlı geniş tədbirlər keçirsin və dahi şairin ruhunu şad etsinlər.

Şəmsəddin KÜZƏCİ,
şair-publisist
Kərkük

Seçilən
8
xalqqazeti.az

1Mənbələr