AZ

Türk birliyinin fəlsəfi-ideoloji mahiyyəti və türk dövlətləri təşkilatı

Faiq Qəzənfər oğlu Ələkbərli
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
aparıcı elmi işçisi,

V yazı

Hal-hazırda Türk birliyinin Azərbaycan Respublikası və onun xalqı üçün önəmini, dəyərini dövlət başçısı İlham Əliyev də dəfələrlə bəyan etmişdir. 2013-cü ilin noyabrın 13-14-də Türkiyədə səfərdə olan dövlət başçısı İlham Əliyev bəyan etmişdir ki, 70 il ərzində Az­ər­baycan və Türkiyə xalqları bir-birindən ayrı düşsələr də, xalq­lar­ımızın qəlbində olan sevgini o ayrılıq sön­dürə bilməmiş­dir: “Azərbaycan dövlət müstəqilliyinə qovuş­duqdan sonra dərhal Türkiyə ilə əlaqə qurdu. Türkiyə müstəqilliyimizi tanıyan ilk ölkə olmuşdur və o gündən bu günə qədər biz daim Türkiyənin dəstəyini hiss edirik. Bu, bizə əlavə güc verir” (Əliyev İlham, 14 noyabr 2013-cü il.http://president.az/ articles/10203). İ.Əliyev daha sonra bildirmişdir ki, bu münasi­bətlərin təməlində türklük dayanır: “Qardaşlıq, dost­luq əbədidir, əbədi olacaqdır. XXI əsr Türk dünyasının əsri olacaq­dır. Türkiyə və Azərbaycan bu istiqamətdə liderlik rolunu öz üzərinə götürüb və əminəm ki, biz birgə səylərlə gələ­cək­də də böyük uğurlara imza atacağıq” (Əliyev İlham, , 14 noyabr 2013-cü il.http://president.az/ articles/10203).

44 günlük Vətən müharibəsindən bir müddət sonra, yəni 2021-ci ilin iyununda Azərbaycan və Türkiyə arasında Şuşada bağlanan Şuşa Bəyannaməsi hər iki dövlətin birliyinin yeni bir mərhələyə qədəm qoyması anlamda çox mühüm rol oynamışdır. Artıq siyasi, iqtisadi, mədəni birliklərini hərbi anlamda da möhkəmləndirən hər iki Türk dövlətinin bu addımı Türk birliyi yönündə də çox önəmli hadisə idi. Məhz Azərbaycan və Türkiyə birliyinin yeni bir mərhələyə qədəm qoyması ilə Türk dövlətləri arasında münasibətlər daha da yaxınlaşmış, sıxlaşmış oldu.Məhz bunun nəticəsidir ki, 2021-ci ilin noyabrın 12-də İstanbulda keçirilən Türk Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türk Dövlətlərin Əməkdaşlıq Şurasının adının "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsi haqqında qərar qəbul edilib. Bu, təkcə ad dəyişikliyi deyil, həm də yeni baxışın və yeni inkişaf vektorunun göstəricisi idi. Hazırda Türk Dövlətləri Təşkilatının Baş katibi qazaxıstanlı Bağdad Amreyevdir ki, təşkilatın katibliyi də İstanbulda yerləşməkdədir.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və üç müşahidəçi ölkə var. Belə ki, Özbəkistan 2019-cu ildə TDT-yə üzv olduğu halda Türkmənistan, Kuzey Kıbrıs Türk Cümhuriyyəti və Macarısatan müşahidəçi statusuna malikdirlər. Macarıstanın bu təşkilata qoşulması, eləcə də onlarla digər ölkənin müşahidəçi statusu almaq istəyi TDT-nin çəkisini və perspektivini ortaya qoymaqdadır.

Onu da qeyd edək ki, Türk Dövlətləri Təşkilatına bağlı olan bir sıra orqan və təşkilatlar da var. Bunlardan Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) katibliyi və Türk Mədəniyyəti və İrsi Fondunun katibliyi Azərbaycanda yerləşir.Beynəlxalq Türk Akademiyasi isə Qazaxıstanda fəaliyyət göstərməkdədir.

Çağdaş mərhələdə həm ortaq Türk əlifbası yolunda digər Türk xalqlarının, xüsusilə Rusiya Federasiyasının tərkibində muxtariyyətə malik Türk xalqlarının da bu və ya digər dərəcədə latın qrafikalı əlifbaya keçməsi işi sürətlənəcək, həm də ortaq Türk əlifbası daha da təkmilləşdiriləcəkdir. Eyni zamanda, ikinci mərhələdə ortaq Türk əlifbasının təkmilləşdirilməsi yolunda Türk Runik əlifbasından da faydalanıla bilər.Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr vahid əlifba yaradılmasını da ciddi şəkildə həll etməyə çalışırlar.Bununla bağlı 2022-ci ilin payızında TDT-nin Bursada keçirdiyi tədbirdə qurumun üzv olduğu dövlətlərin alimləri öz ölkələrində baş verən əlifba və tarixi dil prosesləri haqqında məlumat vermiş, vahid əlifbaya keçid prosesinin sürətləndirlməsi məqsədilə “Ortaq əlifba komissiyası” yaradıblar. Həmin komissiyanın əsas işi ortaq əlifbanın və onun əsasında formalaşıdrılacaq milli əlifbaların yaranması olacaqdır. Ümid edirik ki, bu il Türk dünyasının ortaq əlifba, yəni milli əlifbalar məsələsi öz həllini tapacaqdır.

Türk dövlətlərinin güclənməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı bir sıra xarici qüvvələri qıcıqlandırmaqdaır. Bununn fonunda daahazırda dünyanın bəzi ölkələrində türkofobiyanın artmasını da müşahidə etməkdəyik. Bunun ən bariz nümunəsi Ermənistan və İran adlanan ölkədə hökm sürən türkofobiyadır. İran adlanan ölkədə azərbaycanlıların yaşadığı ərazilər də Türk dünyasının ayrılmaz bir parçası kimi qəbul edilməkdədir. Yeri gəlmişkən, bu məsələ ilə bağlı, TDT-nin Baş katibi Bağdad Amreyev 2022-ci ilin oktyabrın 21-də Bakıda səfardə olarkən onunla görüş zamanı dövlət başçısı İlham Əliyev bəyan edib ki, Türk dünyası yalnız Türk dövlətlərindən ibarət deyil və Türk dövlətlərindən kənarda yaşayan türk mənşəli insanların hüquqları, təhlükəsizliyi qorunmalıdır. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımızın hüquq və azadlıqları ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir.

Güney Azərbaycan məsələsini Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ilin noyabrında Səmərqənddə keçirilən doqquzuncu Zirvə görüşündə isə açıq şəkildə bəyan etmişdi, O, həmin toplantıda bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir: “Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq təşkilatımız böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq. Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır. Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır” (Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib. https://president.az/az/articles/view/57816).

Məlum olduğu kimi, Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul, Səmərqənd və Ankarada olmaqla cəmi on Zirvə görüşü keçirilib. 2023-cü ili martın 16-da Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının onuncu Fövqəladə Zirvə görüşü keçirilib. Qeyd edək ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin 2023-cü ilin fevralın əvvəllərində Türkiyədə baş vermiş dəhşətli zəlzələlər ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.Azərbaycan Prezidenti İlham Əliyev toplantıda bir daha bəyan edib ki, Türk dünyası Türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır (TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib. https://report.az/xarici-siyaset/ankarada-tdt-nin-fovqelade-zirve-gorusu-baslayib).

Son zamanlar dünyada baş verən geosiyasi proseslər fonunda Türk dövlətləri öz əməkdaşlıq sahələrini daha da genişləndirmək istiqamətində səyləri artırmaqdadır. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Zəngəzur dəhlizinin açılması ilə Türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək.

Qeyd edək ki, 2023-cü ilin mayında Türkiyədə keçirilən parlament və prezident sekiçlərinin hər ikisində Rəcəb Tayyib Ərdoğanın lideri olduğu Cümhur İttifaqının qalib gəlməsi Türk Dövlətləri Təşkilatının bugünü və gələcəyi baxımndan müsbət dəyərləndirilməkdədir. Bu birlik özünü Rəcəb Tayyib Ərdoğanın yenidən prezident olması münasibətilə 2023-cü il iyunun 3-də Ankarada “Külliyyə”, yəni Prezident Sarayında keçirilən inaqurasiya mərasimində də özünü ortaya qoydu (Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi başa çatdı. https://qafqazinfo.az/news/detail/erdoganin-selahiyyetlerinin-icrasina-baslama-merasimi-basa-catdi-bundan-sonra-402507).

Həmin inaqurasiya mərasimində R.T.Ərdoğan Türk Dövlətlərinin başçılarına, O cümlədən Azərbaycan Respublikadının Prezidenti İlham Əliyevə, Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirzoyevə, Qazaxıstan Respublikasının Prezidenti Qasım Çomart-Tokayevə, KKTC Prezidenti Ersin Tatara və digərlərinə yüksək diqqət yetirdi. Xüsusilə də, R.T.Ərdoğanın Azərbaycanın dövlət başçısı İlham Əliyevə verdiyi dəyər mərasim işktirakçıları tərəfindən də böyük alqışlarla qarşılandı. Ümumilikdə R.T.Ərdoğanın Ankarada keçirilən andiçmə mərasimi Türk Dövlətləri Təşkilatının, yəni Türk birliyinin də dünyada yeni bir güc kimi ortaya çıxmaq nümayişi idi. Demək olar ki, əksər politoloqlar, siyasi şərhçilər bu mərasimi öncəlliklə “Türk düyünü” kimi qiymətləndirdilər.

Türk dövlərlərinin birliyi məsələsində, daha doğrusu bu birliyin hansı formada gerçəkləşə bilməsi üçün ən mühüm iki taktiki seçim: 1) Rusiya-Çin və 2) NATO, vardır. Şübhəsiz, Rusiya-Çin, yoxsa NATO ilə əməkdaşlıq məsələsinin başında Türk dövlətləri arasında Türkiyə gəlməkdədir.Ötən XX yüzildə Türkiyənin müstəqilliyini qoruyub saxlaması, güclü orduya sahib olması baxımından müstəqil digər beş Türk dövlətindən fərqlənməkdədir. Bu baxımdan Türkiyənin Rusiya-Çinlə, ya da NATO ilə münasibətlərinin hansı istiqamətdə inkişaf etməsi, istər-istəməz digər beş Türk dövlətinin, müəyyən anlamda KKTC və digər yarımmüstəqil (Tatarıstan, Başqırdısta Uyğurustan və b.) Türk dövlətlərinin də siyasi, iqtisadi, hərbi, mədəni həyatına təsir göstərir. Son zamanlar Türk birliyinə doğru ciddi addımlar atan Orta Asiyanın Türk dövlətləridir. Onların dövlət başçılarının türk ruhlu bəyanatları göstərir ki, Türk Dövlətləri Təşkilatının dünyanın güc mərkəzlərindən birinə çevrilməsi realdır. Artıq türklərin neçə min illərdən bəri zəngin təcrübəyə malik olan dünyanın ən böyük millətlərindən biri kimi öz sözünü deməyin vaxtı çatmışdır. Tarixi bizə göstərir ki, türklər dünyaya ağalıq etdikləri zamanı əsasən, ədalət və qayda-qanunlar hökm sürmüşdür. Əlbəttə, savaş olan yerdə müəyyən istisnalar ola bilər, ancaq bütövlükdə türkün mədəniyyəti və ədaləti bütün dünya xalqlarına bəllidir.

Seçilən
10
turkustan.az

1Mənbələr