AZ

İkinci dünya savaşından sonra qalib dövlətlərin qurduqları Dünya Düzəni artıq iflas edib: YENİ SAVAŞLAR GÖZLƏNİLİR

“Təəssüf ki, dünyanın müxtəlif strateji regionlarında münaqişələrin savaşlara çevrilməsi digərində bitməsi ilə nəticələnmir, tam əksinə biri digərini tətikləyir və daha çıxılmaz bir durum yaradır. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin Yaxın Şərqdəki partlamağa onsuz da hazır olan münaqişələri daha qanlı məcralara sürükləyəcəyi gözlənilən idi”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloqun sözlərinə görə, “savaşların biri başladıqda digərinin dayanacağı və ya səngiyəcəyi” tezisi yanlışdır:

“ABŞ başda olmaqla, Qərb dövlətlərinin Ukraynaya, Rusiyanın dərinliklərinə zərbələr endirməklə bağlı tətbiq etdikləri qadağanın götürülməsi və ya götürmək istəmələri ilə bağlı verdikləri bəyanatlar, Rusiyanın hərbi doktorinasına nüvə silahından istifadə ilə bağlı etdiyi düzəlişlər, Fransanın Ukraynaya əsgər göndərmək istəyi, elə dünən gecə İranın İsrailə atdığı supersionik raketlər deməyə əsas verir ki, mövcud savaşlar coğrafi və şiddət etibarilə daha da genişlənəcək.

Yaşadığımız bu günlərdə Yaxın Şərqdə baş verən hadisələr qlobal medianın daha çox diqqətində olsa da Donbass və Kursk cəbhəsində daha ağır savaşların yaşandığı bəllidir”.

F.Məhərrəmli bildirib ki, tarixi təhlil və siyasi proqnozlaşdırma təəssüflə onu deməyə əsas verir ki, Balkan və Hind-Çin yarımadasında da gərgin olan siyasi münasibətlərin hərbi toqquşmalara keçəcəyi ehtimalı yüksəkdir:

“Belə bir durumda bu savaşları durduracaq nə bir ölkə, nədə bir beynəlxalq təşkilat var. İkinci dünya savaşından sonra qalib dövlətlərin qurduqları Dünya Düzəni artıq iflas edib və hazırda yeni bir dünya düzəni qurulmağa çalışılır ki, bu nizamın da bir, iki və ya çox qütblü olması baş verən və baş verəcək savaşların əsas səbəbidir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
23
editor.az

1Mənbələr