AZ

Müasir Azərbaycan dövlətinin təməli Heydər Əliyevin adı ilə bağlıdır

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanda dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi. Azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Eyni zamanda, siyasi islahatlar aparılmağa başlandı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. İqtisadi sahədə liberallaşma siyasəti və bazar iqtisadiyyatına keçid də məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə baş verib. Milli Məclisin deputatı Sevinc Fətəliyeva qeyd edib ki, Ümummilli Liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuş oldu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması dövlətçilik ənənələrin inkişafına xidmət edən təşəbbüslərdir".

Sevinc Fətəliyeva qeyd edib ki, Qərbə inteqrasiya yolunu tutan Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallaşdı. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan "Əsrin müqaviləsi" isə Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. 1994-cü ilin sentyabrın 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi" sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmışdır. 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdı: "Ulu Öndər Heydər Əliyevin uğurlu xarici siyasi kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirib. Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirdi. Onun tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan, Qarabağ probleminin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Ulu Öndərin bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail oldu. 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan özünü ərazi bütövlüyünü və suverenliyini bərpa edərək regionda və beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirib. Hazırda müstəqil Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır".

YAP İdarə Heyətinin üzvü Cavid Osmanov qeyd edib ki, 3 oktyabr 1993-cü il tarixi müstəqil Azərbaycan tarixində bir dönüş nöqtəsi, yeni mərhələnin başlanğıcı oldu. Bunu davamlı sabitliyin, əmin-amanlığın, inkişaf edən dövlətin qurulması mərhələsi də adlandıra bilərik. Xalq həmin gün Ulu Öndər Heydər Əliyevi yekdilliklə dövlət başçısı seçdi. Məhz bu gündən etibarən qüdrətli Azərbaycanın təməli qoyuldu: "Ölkəmiz müstəqilliyinin ilk illərində səriştəsiz və naşı rəhbərlər üzündən çox böyük problemlərlə qarşılaşdı. Əgər həmin dövrlərdə ölkəyə məhz Dahi Lider Heydər Əliyev rəhbərlik etmiş olsaydı, xalqımız qan-qada, müharibə, ağır problemlər yaşamazdı. Bütün bunlar ona görə baş verirdi ki, əvvəlcə Vəzirov-Mütəllibov rejimi, sonra isə Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışır, bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. Nəticədə ölkəni uçuruma apardılar. Həmin adamlar Azərbaycanı fəlakətin bir addımlığında qoyub qaçdılar. Xalqın və ölkənin nicatı isə Ulu Öndər Heydər Əliyev oldu. Prezident seçildikdən sonra Heydər Əliyev, ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi təmin etdi. Dövlət çevrilişlərinin qarşısı alaraq ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas etdi.  Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilməyə başlanıldı.

1991-93-cü illər müstəqil Azərbaycanın tarixində hərc-mərclik, qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Ölkəni idarəolunmaz və acınacaqlı bir duruma gətirib çıxarmış AXC-Müsavat hakimiyyətinin nümayəndələri belə özlərinin xilası üçün sonda Heydər Əliyevdən imdad dilədilər. Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını uğurla yerinə yetirdi və xalqın yaşamaq ümidini özünə qaytardı. Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir".

Onun sözlərinə görə, müasir Azərbaycan dövlətinin inkişaf təməlləri məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: "Elə bir sahə yoxdur ki, orada dahi şəxsiyyətin xidmətləri olmasın.  Heydər Əliyev uzaqgörən daxili və xarici siyasi kursu ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Ulu Öndər Azərbaycanın qüdrətini artıran beynəlxalq iqtisadi təşəbbüsləri ilə milli dövlətçilik və xalqımızın  milli mənafeyini təmin etmək istiqamətində yorulmadan çalışırdı. "Əsrin müqaviləsi"nin imzalanması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərinin çəkilməsi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. 20 sentyabr 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" Heydər Əliyevin neft strategiyasının təcəssümü olaraq  Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir.

Ulu Öndər hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlamış və bu istiqamətdə mühüm islahatların reallaşdırılmasını təmin etmişdir. Məhz Dahi Liderin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmişdir. Bütün hüquq mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiya və rüşvətxorluğa, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər olunmuş və "qanunun aliliyi" prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülmüşdür.

Dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də Azərbaycanın dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. Heydər Əliyevin uğurlu xarici siyasi kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq amili müstəqilliyin əsas dayaqlarından birinə çevrildi. Xarici siyasət kursunun prioritetlərindən birini Ermənistan-Azərbaycan, Qarabağ probleminin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil etmişdir. Məhz Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ulu Öndər bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın işğalçılıq siyasətini pisləyən qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur.

Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərkən andiçmə mərasimindəki nitqində söyləmişdi: "Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram." Ulu Öndər öz əməli fəaliyyəti, misilsiz xidmətləri  ilə ömrünü xalqına, müstəqil Azərbaycana həsr etdiyini sübut etdi. Memarı və xilaskarı olduğu müstəqil Azərbaycan artıq öz suverenliyini tam təmin etmiş güclü dövlətdir. Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki dahi şəxsiyyətin əsas amalı işğalda olan torpaqlarımızın azad edilməsi idi. Xalqımız və dövlətçiliyimiz naminə misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyev millətin məhəbbətini qazanaraq Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır".

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
5
olaylar.az

6Mənbələr