AZ

İçərişəhərə maşınla girmək QADAĞAN EDİLƏCƏK

Bakının küçə və prospektlərində, xüsusilə şəhərin mərkəzi hissəsində nəqliyyat vasitələri və piyada axınının, eləcə də hərəkət sıxlığının son illər dəfələrlə artması, əhalinin mobilliyinə ciddi maneə yaradır və yol hərəkəti iştirakçıları üçün təhlükəyə çevrilir. Paytaxtın belə ərazilərindən biri də Qoşa Qala qapılarının qarşısındakı meydan (Sabir bağı və Konstitusiya Məhkəməsi binasının yanındakı sahə), Əziz Əliyev küçəsi və İçərişəhərdir.

Son zamanlar şəhərin bu hissəsində müşahidə olunan təhlükəli vəziyyət ictimaiyyət arasında və kütləvi informasiya vasitələrində də dəfələrlə müzakirə obyektinə çevrilib. Ancaq problemin həlli çox da uzaqda deyil - Ölkə paytaxtının görkəmini formalaşdıran tarixi məkanların cəmləşdiyi bu yerdə xüsusi layihənin həyata keçirilməsi planlaşdırılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin (AYNA) sədri Anar Rzayev bu istiqamətdə hansı tədbirlərin görülə biləcəyi və onların hansı dəyişikliklərə səbəb olacağı barədə "Report"un suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- Anar müəllim, gəlin ondan başlayaq ki, insanların çox sıx olduğu bu ərazidə yaranmış vəziyyət yalnız sürücü və piyadalara, o cümlədən çoxsaylı turistlərə deyil, həm də İçərişəhər sakinlərinə problemlər yaradır. Qoşa Qala qapıları qarşısında meydanda və Əziz Əliyev küçəsindəki ərazi isə insanların və avtomobillərin xaotik hərəkət yerinə çevrilib. Bu barədə nə düşünürsünüz?

- Bunların səbəbi bir-biri ilə sıx bağlı olan bir neçə amildən ibarətdir. Məsələ ondadır ki, İstiqlaliyyət küçəsində nəqliyyat axınının intensivliyi, avtomobillərin Qoşa Qala qapıları qarşısındakı meydan və oradan da Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinə doğru hərəkəti vəziyyəti daha da çətinləşdirir, hətta nəticə etibarilə Neftçilər prospekti ilə hərəkətə də təsir göstərir. Bundan başqa, qeyd olunan meydanın özündə nəqliyyat və piyada axınları daim qarışır, bu da mobilliyə əhəmiyyətli dərəcədə mane olur.

- Ərazinin turizm baxımından cəlbediciliyini də nəzərə alsaq, ərazidə sıxlıq yarandığını və minik avtomobillərinin turist avtobusları, çoxsaylı qonaqlar, eləcə də sakinlərin təhlükəsiz hərəkətinə mane olduğunu da görürük.

- Tamamilə doğrudur. Qoşa Qala qapıları qarşısındakı meydan və Əziz Əliyev küçəsindən əlavə, avtomobil sayının çoxluğu İçərişəhərin daxilində də xaotik vəziyyət yaradır. Bu, İçərişəhərin tarixi ruhuna mənfi təsir göstərir, çoxsaylı qonaqların burada cəmləşən görməli məkanlara marağının daha da artmasına, onların Bakının mərkəzində rahat gəzməsinə və istirahətinə mane olur. Bundan başqa, İçərişəhərdə mövcud parklanma yerləri geniş ərazini əhatə edir, ətrafda yerləşən tarixi binaların görkəmini korlayır, dar qədim küçələrdə nəqliyyatın sıx hərəkəti isə piyadaların, o cümlədən turistlərin təhlükəsizliyinə təhdid, səs-küy isə sakinlər üçün narahatlıq yaradır. Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində şəhər sakinləri və qonaqların hərəkətinin təhlükəsizliyini və rahatlığını artırmaq məqsədilə İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı mühüm dəyişikliklər təklif edilir.

- Bütün bu qeyd etdiyiniz nüansların həlli üçün nəzərdə tutulmuş hər hansı bir layihə və ya hazırlanmış tədbirlər planı varmı?

- Mütəxəssislərimiz bu ərazidəki vəziyyəti ətraflı öyrənib, mənzərəni tam araşdırmaq üçün uzun müddət hərəkətin intensivliyinin monitorinqini həyata keçirib və nəqliyyat üzrə xüsusi proqram təminatı vasitəsilə simulyasiya da təşkil ediblər. Müfəssəl təhlillər əsasında AYNA tərəfindən təkliflər hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib. İslahatlar İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılmasını, Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılmasını, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin məhdudlaşdırılmasını, burada piyada zonası və mikromobillik zolaqlarının yaradılmasını, eləcə də İçərişəhər ərazisinin sakinlərin və ərazidəki diplomatik nümayəndəliklərin avtomobilləri istisna olmaqla, bütün avtomobillərin hərəkəti üçün bağlanmasını nəzərdə tutur.

Seçilən
0
1
publika.az

10Mənbələr